Vətəndaşlarından ən çox vergi tutan ölkə
Kanadada öz biznesi olan ailə dostlarımızla söhbət edərkən onların tez-tez vergilərin yüksək olmasından şikayət etmələrini anlaya bilmirdim. Düşünürdüm ki, ailəsində 3-4 nəfər olan adamın 1 milyon dollarlıq evi, həyətində 3-4 lüks maşını, motosikleti varsa, niyə "qan ağlayır". Hələ üstəlik, it də saxlayır. Amma Kanadada fəaliyyət göstərən Qlobal Demoqrafik Qrupun (Global Demographics Group) araşdırması qarşıma çıxanda "barmağımı dişləyib" "varlıların da qan ağlamasının" səbəbini anladım. Hətta onlara bir az yazığım da gəldi...
Qlobal Demoqrafik Qrupun vergilərələ bağlı araşdırmasını ixtisarla sizə təqdim edirik.
Dost-tanışdan asılı təqaüdçü
Orta statistik kanadalının gəlirinin yarısı bu və ya digər şəkildə vergi ödəmələrinə çıxılır. Hətta daha çox qazananlar gəlirlərinin 75 faizini müxtəlif şəkildə vergiyə ödəyir.
Məhz bu cür şəraitdə insanların vergi planlaşdırması və maliyyənin idarə edilməsi planının olması zəruridir. Bu, yalnız zəngin adamlara deyil, bütün kanadalılara aiddir. Bəlkə də buna görədir ki, son dövrlər Kanadada maliyyə planlaması mütəxəssislərinə ehtiyac artıb.
Araşdırmaya görə, kanadalıların 85 faizi təqaüdə çıxanda ya dostlarından asılı olur, ya da Federal Hökumət onların əsas gəlir mənbəyinə çevrilir. Kanada Bankı (Bank of Canada) və Kanada Statistika Agentliyinə (Statistics Canada) görə, 2009-cu ildə kanadalıların əksəriyyəti qazandıqları hər 1 dollara qarşılıq 1.6 dollar xərcləyiblər. Bu isə əhalinin borclanması deməkdir.
Kim nə qədər gəlir vergisi ödəyir?
Azərbaycanlılara yaxşı tanış olan "damara baxıb qan alarlar" atalar misalı burada yerinə düşərdi. Qeyd edim ki, aşağıdakı rəqəmlər bir ildə əldə olunan gəlir və gəlirdən tutulan vergi faizləridir.
46.605 dollara qədər gəlir əldə etmiş fərd(lər) 15% vergi ödəyir.
46.606-dan 93.208 dollara qədər 20.5%;
93.209-dan 144.489 dollara qədər 26%;
144.490-dan 205.842 dollara qədər 29%
205. 843 dollardan daha çox gəlir əldə etmiş fərd(lər) 33% gəlir vergisi ödəyir.
İl ərzində fərdin əldə etdiyi ilk 12.069 dollar gəlir isə vergidən azaddır.
Yuxarıda qeyd olunan və daha çox paya sahib olan gəlir vergisindən başqa aşağıdakı vergi növləri də var:
İşçilərin öz maaşlarından ödədiyi:
- Təqaüd Vergisi;
- İşçinin sığorta vergisi;
- Tibbi xidmət vergisi.
İstehlakçıların ödədiyi vergilər:
- Likör vergisi;
- Tütün vergisi;
- Uyğunlaşdırılmış Satış vergisi (HST);
- Nəqliyyat Vasitəsi vergisi;
- Səyahət vergisi;
Daşınmaz əmlak növlərindən tutulan vergilər:
- Yaşayış təyinatlı əmlakdan tutulan vergi həmin əmlakın illik ümumi dəyərinin 2 faizi qədərdir.
- Kommersiya təyinatlı əmlakdan tutulan vergi - həmin əmlakın illik dəyərinin 4-6 faizi qədər tutulur.
Qeyd edək ki, tutulan Əmlak Vergisinin 50 faizi təhsil və infrastruktura xərclənir.
800-dən çox vergi
İnsanların cibindən çıxan aşağıdakı pullar eyni ünvana getdiyindən bunlar da verginin növləri sayılır.
Biznes icazəsi üçün hər il 10 dollardan 500 dollara qədər pul ödəyirsən.
Tikinti və təmir icazəsi 500-5000 dollar arasındadır.
Ev biznesi icazəsi 50 dollardır.
Balıq tutma və ov icazəsi, toy, nişan və s. kimi xüsusi yığıncaqlar üçün icazə, sürücülük vəsiqəsi və nəqliyyat nömrə nişanları üçün xərclənən pul və s. əlavə etsək, böyük bir məbləğ yaranır.
Peşəkar fəaliyyətlə məşğul olanlar və ustaların işləməsinə icazə verən xüsusi lisenziyaya da xeyli pul xərcləməli olursan.
Vergilərin sayına görə (800-dən çox birbaşa və dolayı yolla tutulan vergilər) Kanada dünyada ən çox vergi tutulan ölkədir.
Kanadalılar niyə borcla yaşayır?
Ontarioda bir ildə 100 min dollar qazanan 40 yaşlı vergi ödəyicisi Kanada Vergi Agentliyinə (CRA) ildə 24.550 dollar gəlir vergisi ödəyir.
Həmin adam, bundan əlavə, Kanada Pensiya Fonduna(CPP) 2.500, İşçi sığortasına 2.200 dollar verir. Bu, onun maaş çekindən tutulan 29.250 dollar deməkdir.
İpoteka və əmlak vergisi ildə ortalama 24 min dollardır.
Qeyd edim ki, 2009-cu ildən başlayaraq inşaat sektoruna qoyulan yatırımlar evlərin tikintisində və satışında bir bum əmələ gətirdi. Xüsusilə Toronto və ətraf rayonlarda torpaq sahəsi və evlərin qiyməti kəskin dərəcədə qalxdı.
2009-cu ildən başlayaraq artan elektrik, qaz və su ödəmələrini də əlavə etsək, 7.600 dollar deməkdir. Beləliklə, ev təsərrüfatını (household) saxlamaq 31,600 dollara başa gəlir.
Nəqliyyatın ödənişi, saxlanılması və benzin pulunu əlavə etsək, 12.500 dollar edir. Ərzaq, restoran və əyləncə də ümumilikdə 12.500 dollar deməkdir.
Geyim hər il üçün 6 min dollardır.
Diş baxımına (stomatoloji xidmətləri 17 yaşdan sonra dövlət qarşılamır - L.M.) ailənin böyüklüyündən asılı olaraq təxminən 7 min dollar xərcləməlisən.
Beləliklə, ümumi vacib olan xərcləri toplasaq, sadəcə, bir ildə yaşamaq 98.850 dollara başa gəlir.
Əlavə Dəyər Vergisini (HST - bazarlıq edəndə malların üzərinə gələn 13 faiz vergi) üzərinə gələndə 6500 dollar edir.
Bank və kredit kartının faizlərini toplasaq, 26 min edəcək. Kredit kartı, avtomobillər, ev və həyat sığortası əlavə 6 min dollar deməkdir.
Beləliklə, vergilərə gəlirinin 80 faizi gedəndə, yerdə 20 faiz qalır ki, bu da yaşamaq üçün kifayət deyil.
Araşdırmaya görə, məhz buna görə kanadalılar borcla yaşamaq məcburiyyətində qalır.
Yazı müəllifi tövsiyyə edir ki, yuxarıda sadalanan miqdarda vergi ödəmək istəməyənlərin maliyyə planlaması mütəxəssisindən məsləhət alması vacibdir.
Lalə MUSAQIZI
Kanadalılar niyə borçla yaşayır? - HƏMYERLİMİZ YAZIR
20:17
1 İyul 2019