FED.az peşəkar idarəçi Fəxri Ağayevin ingilis dilini necə öyrənməsi ilə bağlı yazını təqdim edir.
Eləcə də bax: Nəhayət ki, mən bir - İŞ TAPDIM...
Bütün çıxışlarımda, seminarlar və təlimlərimdə, mediada müsahibələrimdə, sosial şəbəkələrdə xarici dilin əhəmiyyəti barədə yazıram. Və bu barədə danışdıqdan sonra aldığım ən təbii sual xarici dilin öyrənilməsi mövzusundadır.
Buna görə də qərar verdim ki, xarici dil öyrənmək barədə fikir və düşüncələrimlə bərabər, həm də şəxsi təcrübəmi yazım. Qeyd etmək istədiyim əsas məqam budur – bütün yazılanlar bir kursda müəllim nəzarəti altında məşğul olmağa əlavə olan fəaliyyətlərdir.
Öncə xarici dili nə qədər yaxşı bilməyim barədə yazmaq istəyirəm ki, mənim bu mövzuda danışmağa nə qədər haqqımın olduğunu oxuyanlar anlasınlar.
Mərmərə Universiteti “Economics və Business Management” fakültəsinin ingilis bölməsinin məzunuyam. Bu, o deməkdir ki, bütün iqtisadiyyat və idarəçilik mövzusunda dərslərimiz ancaq ingiliscə olurdu. İstanbulda və Bakıda uzun müddət tərcüməçilik etmişəm. Sinxron tərcüməçi olmuşam.
Əyani sübut olaraq isə bu məqalənin sonunda bu ilin iyun ayında Tbilisidə keçirilən beynəlxalq bir tədbirdəki çıxışımın videosunu da yerləşdiririk.
ÖNCƏ xarici dili necə öyrənməyin barədə qısaca məlumat paylaşmaq istəyirəm.
Oxuduğum fakültədə bütün dərslər ingiliscə olduğuna görə universitetdə birinci kurs başlamadan öncə bir il universitet nəzdində ingiliscə hazırlıq kurslarında oxumalı idik.
Ümumi olaraq kursda 700 nəfər oxuyurdu və bu insanlar 15-20 nəfərlik siniflərə bölünmüşdü. İlk imtahanda mən 700 nəfərdən ən son yerləri tutdum.
Kurs başladığı ilk gündən özümə ilin sonunda “ən yaxşılardan olmalıyam” sözünü verdim və beynimi buna proqramlaşdırdım.
Kurs toplam səkkiz ay ərzində olmuşdu. Bu səkkiz ay ərzində mən həftədə yeddi gün, gündə 16 saatdan az olmamaq şərtilə ingilis dili ilə məşğul olurdum. Hər gün. Hər gün 16 saat.
Səkkiz saat kurs dərsləri, səkkiz saat da yataqxanada özüm məşğul olurdum.
Həyatım ANCAQ ingiliscə ilə idi.
Yeməyimi, içməyimi düşünmürdüm.
Bilirdim, anlayırdım və qəbul etmişdim ki, ingiliscəni mükəmməl bilməliyəm.
Nələr edirdim?
- Kursda hər kəs kimi, qrammatika, dinləmə dərslərini oxumaqla bərabər, ilk gündən etibarən ingiliscə kitab oxumağa başladım. Necə oxuyurdum? Bir əlimdə kitab, digərində lüğət. Əvvəllər bir səhifəni bir saata oxuyurdum, çünki HEÇ BİR SÖZ bilmirdim. İlk ayda hər söz üçün lüğətə baxırdım. Bir ay sonra söz ehtiyatım gücləndi və sürətim artdı;
- Söz ehtiyatımı gücləndirirdim. Hər bilmədiyim sözü ayrıca bir dəftərə yazırdım və hər gün onlarla, bəzən yüzlərlə söz əzbərləyirdim. Həyatım sözlərdən ibarət idi. Gecə yatmadan öncə BÜTÜN gün ərzində əzbərlədiyim sözləri BİR-BİR özümə demədən və yazmadan yatmırdım. Yatağımın yanında divar sözlərin yazıldığı kağızlarla dolu idi. Səhər oyandıqda və gözlərimi açdıqdan sonra isə ilk işim öncəki gün əzbərlədiyim sözləri bir-bir özümə demək idi;
- Yanımda olan bütün danışıqları beynimdə tərcümə edirdim və ya bildiyim qədərilə təcrümə etməyə çalışırdım;
- Dərslərdə ingiliscə danışmağa utanmırdım. Bu, çox vacibdir. Utananlar heç vaxt danışa bilmirdilər. Utanmayanlar isə 2-3 ay sonra rahat sözləri ifadə edirdilər;
- Müəllimlərə ən çox sual mən verirdim. Bezdirirdim. Sual verməkdən çəkinmirdim. Fəallığımı görən müəllimlər mənə daha çox diqqət ayırırdı;
- Həyatım və günüm ancaq ingiliscə idi – ac, tox, susuz – heç nə vecimə deyildi. Qarşımda məqsəd vardı və mən ona doğru gedirdim.
NƏTİCƏ?
Aylıq imtahanlar keçirilirdi. Hər ay dörd imtahan olurdu – dinləmə, söz ehtiyatı, danışıq, yazma. İlk imtahandan və son imtahana qədər BÜTÜN mövzularda hər ay mən sinifdə birinci olurdum.
Səkkiz aylıq kurs sonunda ümumi və çox ağır imtahan keçirildi və mən 700 nəfər arasında üçüncü yeri tutdum.
Xarici dil öyrənmək üçün ƏLAVƏ MƏSLƏHƏTLƏRİM bunlardır:
Hər insanın xarici dil öyrənməsini yüngülləşdirəcək bəzi vərdişləri burada qeyd etmək istəyirəm. Qeyd edim ki, mən bunları ingiliscə öyrənərkən tətbiq edirdim.
- Televiziya verilişləri, xəbərləri xarici dildə izləyin. Bunu planlaşdırın: hər gün 10-20 dəqiqə xəbərləri xarici dildə izləyəcəm. Subtitrlər olanları seçin ki, bilmədiyiniz sözləri və ya cümlələri oxuma imkanınız olsun. Qulağınız xarici sözləri eşitməyə və bildiklərinizi də cümlələrdən seçməyə öyrəşəcək;
- Bu dili danışanlarla mütləq ünsiyyətdə olmağa çalışın. Əgər öyrəndiyiniz xarici dilin daşıyıcıları yoxdursa, o zaman “conversation-club”ların görüşlərində mütləq iştirak edin. Bakıda bu gün müxtəlif gənclər təşkilatlarında pulsuz “conversation-club”lar var. Öyrəndiyiniz sözləri, cümlələri nə qədər çox istifadə etsəniz və digərlərindən eşitsəniz, o qədər tez yaddaşınıza həkk olunacaq;
- Gün ərzində yanınızda kimsə ana dilinizdə danışanda, beyninizdə onun dediklərini bildiyiniz qədər tərcümə edin;
- Gün ərzində öz içinizdə olan dialoqlarınızı xarici dildə edin. Hər birimizin içimizdə bir dialoq var, bunu xarici dildə edin;
- Telefonlarda müxtəlif kiçik dil öyrədici və xarici dildə söz oyunları və proqramlar var. Onları endirin və oynayın;
- Yolda keçirdiyiniz zamanlarda dinləmək üçün xarici dildə audio kitablar endirim və dinləyin. İlk mərhələlərdə dili bilmirsinizsə, o zaman “YouTube”dan yeni dil öyrənməyə başlayanlar üçün olan video və audio kitabları endirim və yolda dinləyin;
- Bir qayda təyin edin özünüz üçün: hər gün 10-20-30 söz mütləq əzbərləmək. Və bu sözlərin tamamını bir kağızda sıfırdan əzbərə, yaddaşınızla, heç bir yerə baxmadan yazmadan yatmayın. Səhər yataqdan durduqdan sonra bu sözləri yada salın. Hər gün “cəmi” 20 söz bir ayda 600 söz deməkdir. Və bir ildə 7000 söz;
Əsas məsələ odur ki, xarici dil öyrənməyin uzun yol olduğunu və ciddi zəhmət tələb etdiyini unutmayın. Öyrəndiyiniz dili həyatınıza salın: xəbərləri o dildə oxuyun, televiziyaya və verilişlərə o dildə baxın, o dildə düşünməyə çalışın və bunlara vərdiş edin.
Oxu