İran parlamenti Hörmüz boğazından təhlükəsiz keçmək istəyən gəmilər üçün ödəniş tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.
FED.AZ biznes və maliyyə xəbərləri portalı “Bloomberg”ə istinadən xəbər verir ki, layihə gələn həftə yekunlaşa bilər və bu addım İranın boğaz üzərində nəzarətini hüquqi şəkildə tanıyacaq.
Hörmüz boğazı Fars körfəzində yerləşən iri neft və qaz istehsalçılarını dünya bazarları ilə birləşdirən əsas marşrutlardan biridir. ABŞ və İsrailin İrana hücumlarından sonra demək olar ki, bu su yolu bağlanıb və münaqişənin əsas nöqtələrindən birinə çevrilib.
Son həftələrdə yalnız az sayda gəmi boğazdan keçə bilib. Bu gəmilərin əksəriyyəti İran və ya Çinlə əlaqəli olub, bəziləri isə İranın İnqilab Keşikçiləri Korpusundan xüsusi icazə alıb.
Hazırlanan qanun əslində artıq qeyri-rəsmi şəkildə tətbiq olunan ödəniş sistemini rəsmiləşdirə bilər. Bildirilir ki, bəzi hallarda gəmilərdən 2 milyon dollara qədər ödəniş tələb olunur. Gəmi heyətindən yük və səfər barədə məlumatlar istənilir, bəzi hallarda isə əlavə ödənişlər tələb olunur.
Bu təşəbbüs gəmiçilik sektoru üçün ciddi suallar yaradır. Bir tərəfdən şirkətlər körfəzdə qalan heyət və yükləri xilas etmək istəyir, digər tərəfdən isə sanksiyalar və təhlükəsizlik risklərindən çəkinirlər. Adətən belə strateji su yollarında sərbəst hərəkət beynəlxalq hüquqla qorunur.
Sığorta şirkətinin nümayəndəsi Amanda Bjorn bildirib ki, əsas məsələ İranın bu vədlərinə nə dərəcədə etibar ediləcəyidir. Onun sözlərinə görə, bu cür addımlar qlobal ticarətə mənfi təsir göstərə bilər.
Hörmüz boğazında daşımaların pozulması Fars körfəzində neft hasilatının azalmasına səbəb olub. Müharibə nəticəsində bəzi neft emalı zavodları da zərər görüb. Bu isə neft qiymətlərinin artmasına gətirib çıxarıb. Həftənin əvvəlində “Brent” markalı neftin qiyməti 114 dolları keçib.











