Hesablama Palatası dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılan vəsaitlərin istifadəsinə dair audit yoxalaması keçirib.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilir.
“Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi qərara alınıb”, – Hesabalama Palatasından məlumat verilir.
Eyni zamanda, Palata yoxlamarın nəticələrini dərc etmir.
İyunun əvvəlində MBNP-dən məlumat verilib ki, kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.
13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək. Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur. Həmin vətəndaşlar banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.
İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.
Bütövlükdə, Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinib. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib.
“Bu proses cari ilin sonunadək davam edəcək”, – deyə məlumatda qeyd olunur.
Prezident İlham Əliyev fevral ayının 28-də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulub. Əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilib: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları).
Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir.
Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmayıb.