Pul: utopiya yoxsa insanın əsas hüququ?
İsveçrədə “şərtsiz əsas gəlir”in ödənilməsi ilə bağlı 5 iyun tarixində referendum keçirildi. Qeyd edək ki, Almaniya və digər Avropa ölkələrində də bu ideyanın tərəfdarlarının sayı getdikcə artırdı. İdeyanın mahiyyəti isə ondan ibarət idi ki, işləyib-işləməməyindən asılı olmayaraq hər bir ölkə vətəndaşı təxminən 2500 İsveçrə frankı (2500 dollar) alsın.
Qeyd edək ki, referenduma çıxarılan bu məsələnin məzmununda maliyyələşdirmə yolları, şərtsiz əsas gəlirin həcmi barədə heç nə danışılmırdı. Orada sadəcə qeyd edilirdi ki, şərtsiz əsas gəlir bütün əhali kütləsi üçün təqdirəlayiq yaşayış imkanı və o cümlədən ictimaiyyətin həyatında yaxından iştirak etmək imkanı yaradacaqdı. Təfərrüatları isə daha sonra razılaşdırılacaqdı. Konfederasiyada yaşayışın dəyəri yüksək olduğundan təxminən aylıq şərtsiz əsas gəlirin 2500 frank (təxm. 2250 avro) olacağı güman edilirdi.
Lakin keçirilən referendumun nəticələri açıqlananda məlum oldu ki, ölkə əhalisinin 78%-i bu qərarın əleyhinə səs vermişdir. Nəticədə məlum oldu ki, ideyaya qarşı olanların sayı aparılan sosial sorğudakıların sayından daha çoxdur. Yerli siyasətçi və nümayəndələr referendumun nəticələrini alqışladılar və bunu belə izah etdilər ki, “isveçrəlilər işləyib qazanmağın və gördükləri işə görə əmək haqqı almalarının tərəfdarıdırlar”, yəni “işləməyən dişləməz” məsəlinə üstünlük verirlər.
Siyasətçilər arasında “şərtsiz əsas gəlir” ideyasını yalnız “yaşıllar” dəstəklədilər. Onlar referendumun müvəffəqiyyətsizliyə uğradığını düşünmürlər və əmindirlər ki, bu məsələ bir daha, hətta dəfələrlə qaldırılacaqdır.
Əlavə olaraq bildirək ki, bu reformanın/dəyişikliyin tərəfdarları 18 yaşdan 39 yaşadək olan 36% gənc idi. Onların fikrincə aylıq gəlir onlara sevimli işləri və ya hobbiləri ilə məşğul olmaq imkanı yarada bilər.
Şərtsiz əsas gəlir sisteminin yaradılmasının əsas ideyası ilk baxışda sadə görünür. Yəni hər bir vətəndaş işləyib-işləməməsindən asılı olmayaraq öz hesabına müntəzəm olaraq müəyyən məbləğdə pul alır. Bu ideyanın tərəfdarları əmin idilər ki, güvənli daimi gəliri olduqdan sonra hər bir vətəndaş sosial layihələrlə yaxından maraqlanacaq və hər zaman reallaşdırmaq istədikləri ideyaları həyata keçirməyə başlayacaqlar.
İdeyanın tənqidçiləri isə düşünürdü ki, bu, iqtisadiyyatın mümkün çökməsinə gətirib çıxara bilər.
Sonda qeyd edək ki, şərtsiz əsas gəlirlə bağlı ideya heç zaman kütləvi şəkildə tətbiq edilmədiyinə göə onun təsiri barədə yalnız mülahizələr irəli sürmək olar.
Fazil Müəllim: Yeni ixtiralarım
16:47
19 İyul 2016