ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib.
Eləcə də bax: Fələstin və Türkiyədən Trampın planına - SƏRT REAKSİYA
FED.az xəbər verir ki, əhəmiyyətinə və tarixinə görə, «Əsrin Müqaviləsi» adlanan plan yanvarın 28-də Ağ Evdə ABŞ prezidenti və İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən təqdim edilib, 80 səhifədən ibarət planda münaqişənin həlli ilə bağlı detallar yer alıb.
Plana əsasən, hazırda münaqişə bölgəsində iki dövlət -İsrail və Fələstin yaradılacaq. İsrailin işğal etdiyi İordan vadisi və İordan çayının qərb sahili İsrail əraziləri sayılacaq.
Yeni plana görə, həm İsrailin, həm də Fələstinin özünə paytaxt saydığı Qüds şəhəri İsrailə qalacaq. Tramp bildirib ki, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq. Fələstinin paytaxtı isə Qüds yox, Qüdsün şərqi olacaq. Əl Əqsa məscidinə İordaniya nəzarət edəcək.
Tramp bildirib ki, ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur: «Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada ABŞ qürurla səfirliyini açacaq». Onun sözlərinə görə, fələstinlilər ən yaxşı həyata layiqdirlər. «Amma terror fəallığının tələsinə düşüblər», - deyə Ağ Ev rəhbəri qeyd edib.
Eyni zamanda ABŞ prezidenti qeyd edib ki, həmişə İsrail dövləti və yəhudi xalqının yanında olacaq: “Onların təhlükəsizliyini və tarixi torpaqları daxilində yaşamaq hüquqlarını qəti şəkildə dəstəkləyirəm».
Trampın planına ABŞ-ın ənənəvi müttəfiqləri Oman, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dəstək verib, prezident onlara dəstəyə görə minnətdarlıq edib.
Fələstin dövləti İsrailə qarşı bütün iddialardan əl çəkməlidir.
Plana əsasən, Fələstin dövləti İsrailə qarşı ərazi iddialarından əl çəkməlidir və burada göstərilən ərazi ilə razılaşmalıdır. Donald Tramp «Twitter»də İsrail və Fələstinin «Əsrin sazişi» planında nəzərdə tutulan gələcək xəritəsini də paylaşıb.
Xəritədən görünür ki, yeni plana görə, Fələstin ərazisi hər tərəfdən İsrail ərazisi ilə əhatələnmiş, faktiki olaraq birbaşa xarici sərhədi olmayan və İsrailin içərisinə səpələnmiş bir neçə ərazidən (anklavdan) ibarət olacaq. Fələstinin İordaniya ilə birgə sərhədi olmayacaq. Bu ərazilər İordaniya ilə bir neçə magistral yol və sərhəd keçid məntəqəsi ilə birləşəcək. Fələstinin İordan çayının qərb sahilinə də çıxışı olmayacaq. Əvəzində Fələstinin Qəzza ərazisi Misirlə sərhəddəki iki böyük rayonun hesabına genişlənəcək.
Plana əsasən, bu sənəd təsdiqlənəndən sonra fələstinli qaçqınlar məsələsi İsrail dövlətindən kənarda həll olunmalıdır. Yəni fələstinli qaçqınlardan İsrail ərazisinə qayıtmaqdan vaz keçmək tələb olunur.
«HƏMAS» və «Hizbullah» tərksilah olunmalıdır
Başqa sözlə, fələstinlilər bu plan nəticəsində bütün içməli su mənbələrindən və iddia etdikləri ərazilərinin 60 faizindən məhrum edilirlər. ABŞ və İsrail fələstinlilərə İsrail torpaqlarının içində, hər tərəfi İsrail olan 15-20 kvazi anklvada, guya «müstəqil» ərazilərdə yaşamağı təklif edirlər.
Planın siyasi tələbləri də var – o nəzərdə tutur ki, «HƏMAS» və «Hizbullah» tərksilah olunmalı, Qəzza bölgəsindəki bütün silahlar müsadirə edilməlidir. Fələstinlilər «HƏMAS», «Hizbullah» və «İslam Cihadı»nı tərksilah etməklə yanaşı, İsrailə qarşı beynəlxalq arenada bütün iddialardan, o cümlədən Haaqa Tribunalındakı iddialardan da əl çəkməlidirlər.
Bunun müqabilində İsrail qarşıdakı 4 il ərzində yəhudilər üçün yeni yaşayış məskənləri tikintisini dayandırmalıdır. Fələstin dövlətinin yaradılması üçün danışıqlapr prosesinə bu qədər vaxt ayrılıb.
Fələstinlilər üçün «kökə» - 50 MİLYARD DOLLAR
Planda Fələstinlilər üçün «kökə» də nəzərdə tutulub. Trampın dediyinə görə, fələstinlilər planla razılaşsalar, yaxın 10 il ərzində onlar üçün 1 milyon yeni iş yeri yaradılacaq, 50 milyard dollar investisiya alacaqlar.
«Əsrin sövdələşməsi» sənədi artıq 3 ildir ki, hazırlanır, bu işlə Trampın kürəkəni və müşaviri Cared Kuşnerin rəhbərlik etdiyi komanda məşğul olub.
Planın iqtisadi detalları 2019-cu ilin iyulunda açıqlanıb. Sənədə əsasən, təkcə Fələstini deyil, ətraf ölkələri - İordaniya, Misir və Livanı da əhatə edən 200 iqtisadi layihəyə 50 milyard dollar ayrılması nəzərdə tutulur. Belə ki, plana əsasən yaradılacaq investisiya fondu qarşıdakı 10 illdə bu ərazidə iqtisadi layihələrə pul ayıracaq. İordan çaynın qərb sahili və Qəzza sektoruna ($27,8 mlrd), Misirdə ($9,1 mlrd), İordaniyada ($7,3 mlrd) və Livanda ($6,3 mlrd) yatırım ediləcək.
İsrail: «Biz bu planla tam razıyıq»
Gözlənildiyi kimi, İsrail planla razılaşıb və «elə bu saat Fələstinlə danışıqlara başlamağa hazır olduğunu» bildirib. İsrail bu planı birtərəfli olaraq həyata keçirməyə başlayacaq. Tələsiklik ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlıdır.
«Heç kim evindən qovulmayacaq, nə israillilər, nə də fələstinlilər, İsrail fələstinlilər üçün daha yaxşı həyat arzulayır»-deyə Netanyahu bildirib. Baş nazir onu da bəyan edib ki, Fələstin tərəfinin bu planla bağlı hansı qərarı verməsindən asılı olmayaraq, İsrail sülh yolu ilə irəliləyəcək, yəni bu planın reallaşmasına başlayacaq. Hərçənd ekspertlərin fikrincə, faktiki olaraq bu planın reallaşması artıq başalayıb.
Fələstin rəhbəri: «Qüds satılmır»
Fələstin Dövləti bu planı qətiyyən qəbul etməyib. Prezidenti Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb. Fələstin Televiziyasının birbaşa yayımında çıxış edən Mahmud Abbas bildirib ki, «Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik», - o deyib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin probleminin aradan qaldırılması üzrə planlar müvəffəqiyyətsizliyə uğrayacaq. «Biz diz çökməyəcəyik və təslim olmayacağıq. Fələstin məsələsinin aradan qaldırılması ilə bağlı sui-qəsdlər, sazişlər və xain planlar müvəffəqiyyətsizliyə məhkumdur. Bu çətin anda mən fələstinlilərə çağırış edərək birləşməyə və milli layihənin aradan qaldırılması üzrə plandan imtina etməyə müraciət edirəm», - o deyib.
Fələstin 1967-ci ildəki sərhədləri istəyir.
Fələstin 1967-ci ildəki sərhədlərinə iddia edir. Bunu vaxtilə BMT Təhlükəsizlik şurasının qərarları da təsdiqləyir. Həmin qərarlarla BMT İsraili işğal edlmiş torpaqlardan çıxmağa çağırır, amma Tel-Əviv bu tələbləri yerinə yetirməyib.
Gözlənildiyi kimi, İran və Türkiyə də bu planın əleyhinə çıxıblar. Fələstin tərəfi bildirib ki, Trampın təklif etdiyi Əsrin sövdələşməsini qəbul etmir. Onun əvəzinə danışıqları «Yaxın Şərq Dördlüyü» formatında, yəni Rusiya, ABŞ, Aİ və BMT-nin iştirakı ilə aparmaq istəyir.