Yaşadığınız ərazinin bələdiyyəsinin üzvlərindən heç olmasa 3-nü tanıyırsınız? Çox fikirləşməyin - bələdiyyələrin nə vəziyyətdə olduğu artıq aydındır.
İndiyədək yerli idarəetmə qurumlarının ölkənin siyasi-iqtisadi və ictimai həyatında oynadığı rol demək olar ki, hiss edilməyib, bələdiyyə xidməti insanlar arasında populyar deyil. Əhalinin əksəriyyəti bələdiyyələri torpaq sahələrinin paylanmasına görə tanısa da, hətta həmin sənəd də, torpaq kupçalaşana qədər o qədər ciddi qəbul edilmir.
FED.az xəbər verir ki, dekabrın 23-də Azərbaycanda növbəti – 5-ci bələdiyyə seçkiləri keçiriləcək. Həm indiyə qədərki fəaliyyətinə, həm səlahiyyətlərinin məhdudluğuna, həm də inzibati və maddi resurslarının azlığına görə, bələdiyyələr indi də güclü rolu olan qurum sayılmır.
Eləcə də bax: Bələdiyyə vergiləri haqqında qanun - DƏYİŞƏCƏK
Hərçənd 2012-ci ildə qanunvericiliyə edilən dəyişikliklər Azərbaycanda bələdiyyələrin ciddi idarəetmə orqanına çevrilməsinə yönəlib. Yeniliklər bələdiyyələrdə işləməkdən tutmuş, burda qərarların qəbulunadək demək olar ki, bütün məsələləri əhatə edir.
Bu dəyişikliklərin necə mühüm olduğunu göstərmək üçün qeyd etmək kifayətdir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 1718 bələdiyyənin onların 15-16 min üzvü var. Bələdiyyələrin 80%-i kənd bələdiyyələridir.
Eləcə də bax: Azərbaycanda seçki keçiriləcək - BƏLƏDİYYƏLƏRİN SİYAHISI
Beləliklə, qanunvericiliyə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. Bundan başqa dəyişikliklərə əsasən bələdiyyənin daimi üzvlərinə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir. Eləcə də, yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə iki ay müddətinə orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət veriləcək. Başqa sözlə bələdiyyə orqanının ciddi iş yeri kimi statusu möhkəmlənib.
Bələdiyyələrin işinin ciddiliyini artırmaq məqsədilə burda iclasların keçirilməsi prosedurları təfərrüatlarına qədər dəqiqləşib. Məsələn indi bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməli, iclasda iştirak edə bilməyənlər barədə əvvəldən məlumat verməlidirlər. Bundan başqa, bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları da müəyyənləşdirilib. Yeri gəlmişkən, əvvəllər bələdiyyənin iclasının keçirilməsi üçün ərazidə yaşayanların 10%-in təşəbbüsü tələb olunurdusa, indi bu rəqəm səsvermə hüququ olanların 25%-ə qədər qaldırılıb.
Yeniliyə əsasən həmin iclasın gündəliyini də təşəbbüs qaldıranlar müəyyənləşdirməlidir. Digər maraqlı məqam: Bələdiyyənin rəhbərliyi iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir .
Dəyişikliklərə əsasən bundan sonra bələdiyyənin bütün iclasları protokollaşdırılmalı və bələdiyyənin möhürü ilə təsdiqlənməlidir. Burda iclasa aid bütün detallar, o cümlədən qəbul edilmiş qərar və bununla bağlı səsvermənin nəticəsi əksini tapmalıdır. İlk baxışdan xırda məsələlər kimi görünsə də, bu yeniliklər bələdiyyə işinin ciddiləşməsinə, qərar verənlərin məsuliyyətli və cavabdeh olmasına səbəb olmalıdır. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır.
Ən əsası bələdiyyələrin fəaliyyətinə həm ictimai, həm də nəzarət edici qurumlar tərəfindən nəzarət xeyli artacaq. Belə ki, bələdiyyələrin nümunəvi nizamnaməsinə edilən dəyişikliyə əsasən, qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilməli və bələdiyyə binasının qarşısında xüsusi lövhələrə yerləşdirilməlidir.
Bundan başqa, bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilməli və bələdiyyə binasının qarşısındakı xüsusi lövhədən asılır.
«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanuna edilən dəyişikliklərdə isə yerli büdcənin icrasına nəzarət gücləndirilib. Dəyişikliklərə əsasən, bələdiyyələr yerli büdcənin icrası haqqında yarım illik və illik hesabatı bələdiyyə iclasına təqdim etməlidir. Yarımillik maliyyə hesabatı sonrakı ayın 15-dək illik hesabat isə sonrakı ilin yanvarın 30-dək təqdim edilməlidir. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar. Başqa sözlə, hökumət bu sahədə vintləri bərkidir.
Azərbaycanda son dövrlər ciddi yeniliklərin baş verdiyini, o cümlədən hökumətdəki dəyişiklikləri nəzərə alanda, güman etmək olar ki, bu dəyişikliklər dalğası yerli özünüidarəetmə qurumlarına da çatacaq. Növbəti bələdiyyə seçkilərinin cəmi 2 ay sonra keçiriləcəyi məlum olduğundan dəyişikliyin olub-olmayacağı yaxın vaxtlarda bilinəcək.