“Vikipediya”nın ingilisdilli bölümündə Azərbaycan barədə məqalələrin yaradılmasında aktivlik müşahidə edilməkdədir. Bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə millət vəkili Elnur Allahverdiyev də fəal şəkildə qoşulub. E.Allahverdiyev bizimlə söhbətində təbliğatın mühüm elementlərindən olan “Vikipediya” ilə bağlı işlərin hansı məcrada davam etməsinə aydınlıq gətirib.
- Son zamanlar “Vikipediya”nın ingilisdilli seqmentində Azərbaycan barədə məqalələrin yaradılmasında fəallıq hiss olunur. Sizin sosial şəbəkələrdəki paylaşımlarınızda bu yöndə təşəbbüslərlə çıxış etdiyiniz görünür.
- Bəli, belə bir fikrə biz Vətən müharibəsinin gedişatında gəldik. Gənc yaşlarına baxmayaraq, “Vikipediya” sahəsində xeyli təcrübəsi olan vətənpərvər gənclərimiz çalışır. Onların bir qrupu ilə bu barədə müzakirələr apararkən qərara gəldik ki, Vətənimizi, tariximizi, mədəniyyətimizi dünyada təbliğ etmək üçün səylərimizi birləşdirək, bacarıqlı, həvəsli gənclərimizi stimullaşdırıb belə bir təşəbbüsün əsasını qoyaq. “Qorqud” “Vikipediya” Metodiki Klubu ilə əməkdaşlığımız beləcə yarandı. Onlayn formatda təlimlərə başladıq ki, istənilən şəxs qoşula bilsin. Məsələn, bu gün Almaniyadan, Kanadadan təlimlərə qatılan soydaşlarımız var.
Açığı, gizlətməməliyik ki, “Vikipediya” ermənilərdən xeyli geridə qaldığımız böyük platformadır və burada düşmənin Azərbaycan, Qarabağ haqqında yanlış məlumatlar yerləşdirməsinin qarşısını maksimum şəkildə almalıyıq. Təsəvvür edin, bizim bu təşəbbüsümüz elə bil okeanda bir damladır. Bu işə daha geniş imkanlarla, potensialla qoşulmağa ehtiyac var. Elmi resurslarımız, alimlərimiz, mediamız bu istiqamətdə hədsiz aktiv olmalıdırlar.
- Aktivlik deyəndə nəyi nəzərdə tutursunuz?
- Bilirsiniz, “Vikipediya”da məqalə yerləşdirmək düşündüyümüz qədər sadə iş deyil. Çoxumuz fikirləşirik ki, istənilən mövzuda məqalə yaradıb, “Vikipediya”ya “yükləyə” bilərik. Bu, müəyyən mənada belədir, ancaq təsəvvür etdiyimiz qədər də yox... Tutaq ki, hər hansı bir şəxs özü barədə səhifə yaradır. Əgər bu şəxs ensiklopedikdirsə, bunu etmək problemli məsələ deyil. “Vikipediya”nın Azərbaycan üzrə administratorları Bakıdadırlar və səhifəyə edilən yoxlanışın obyektiv nəticəsini tezliklə almaq olur. Ancaq siz ingilis, alman, ispan, rus və s. dillərdə tutaq ki, Şuşanın azad olunması, yaxud Kəlbəcərdəki qədim alban monastırı olan Xudavəng barədə məqalə yerləşdirmək və ya mövcud olanın üzərində dəyişiklik etmək istəyirsinizsə, bilməlisiniz ki, bu çox mürəkkəb prosesdir.
- Səbəb nədir?
- “Vikipediya” nüfuzlu və etibarlı, dünya tərəfindən qəbul edilən elmi məqalələrə, mənbələrə istinad edir, yaxud dünyanın tanınmış media qurumlarına. İndi gəlin baxaq: tarix mövzusunda dünyanın nüfuzlu elmi jurnallarında, nəşrlərində bizim elm adamlarının məqalələri çoxdur, ya ermənilərin? Xudavəng monastırının alban məbədi olmasını sübut edən və ABŞ-ın, Böyük Britaniyanın, Fransanın elmi nəşrlərində dərc olunan, bizim mövqeyimizi əks etdirəm elmi işlər çoxdur, yoxsa “erməni kilsəsi” olduğunu iddia edən əsərlər? Ona görə də sizin bu mövzuda hər hansı yenilik, əlavə, dəyişiklik cəhdinizi “Vikipediya” mütləq yoxlayacaq və həmin mənbələrə müraciət edəcək.
Yaxud, tutaq ki, hər hansı erməni belə bir məzmunda məqalə yerləşdirib: “Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı dinc erməni əhalisinə qarşı zorakılıq tətbiq edib”. O məqaləni yaradarkən, misal üçün, “The New York Times”da bu məzmunda çıxan bir yazıya istinad edib. “Vikipediya” məqaləyə dərhal “hə” deyəcək, çünki adı çəkilən mətbu orqana etibar edir. Biz isə ölkəmizdə onlarla sayt və qəzetdə bunun əksini iddia etsək də, heç nəyə nail olmayacağıq. Bizim yerli mənbələrin, kitabların, əsərlərin “Vikipediya” üçün əhəmiyyəti yoxdur. Çünki o informasiya mənbələri “Vikipediya” tərəfindən tanınmır, istinad nöqtəsi kimi qəbul edilmir. Bu baxımdan, sözügedən platformada nəsə qazanmaq istəyiriksə, jurnalistlərimizdən tutmuş elm adamlarımızadak ilk növbədə dünyanın populyar informasiya mənbələrində aktivlik göstərməliyik.
- Başqa sözlə, bu, qət ediləsi uzun yoldur.
- Haqlısınız. Bu istiqamətdə böyükmiqyaslı işlər görülməlidir. Məncə, dövlətin bu sahəyə ciddi dəstəyi olmalıdır. “Google”da istənilən məzmunda axtarış verən kimi ilk mənbə olaraq “Vikipediya”nı göstərir. Deməli, bu, çox mühüm təbliğati müstəvidir. Döyüş meydanıdır. Bu platformada addım-addım irəliləyib, tarazlığa nail olmalıyıq, öz mövqeyimizi qəbul etdirməliyik. Yol uzundur, ancaq çətinliklər də onları aşmaq üçün mövcuddur.