İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının ofisi, Şuranın baş katibi Əli Laricaninin İsrailin hücumu nəticəsində öldüyünü açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Ali Şuranınofisi Telegramda məlumat yayıb.
“Milli Təhlükəsizlik Şurasının baş katibi Laricani səhər saatlarında baş verən hücumda oğlu Murtəza, müavini Əlirza Beyat, Şura Katibliyinin əməkdaşları və bir neçə mühafizəçisi ilə birlikdə öldürülüb”, - məlumatda deyilir.
İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümünə görə sərt qisas alınacağına söz verib. O, həmçinin Təhlükəsizlik Şurası katibinin vəfatı ilə bağlı başsağlığı verib.
İsrailin müdafiə naziri Yisrael Katz İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin İsrail ordusunun hücumu nəticəsində öldürüldüyünü iddia etmişdi.
Müdafiə naziri Katz açıqlamasında İsrail ordusunun gecə həyata keçirdiyi hava hücumunda Laricaninin hədəf alındığını bildirmişdi.
Katz əlavə etmişdi ki, İsrail ordusunun İrana qarşı hava hücumu zamanı hədəf aldığı Əli Laricani öldürülüb.
İran mediası da İsrail rəsmilərinin açıqlamalarını təsdiqləyərək, İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin öldürüldüyünü elan ediblər.











