Cəmi 27 dollarla 42 nəfərə kredit verməklə başlayıb. Hazırda 9 milyon nəfərə heç bir zamin və ya girov olmadan, heç bir sənəd tələb etmədən 6 milyard dollar kredit verib.
Dünyada bütün həyatını kasıblara kömək etməyə həsr etmiş və buna nail olmuş insan var. Professor Məhəmməd Yunus - mikrokredit ideyası ilə təkcə ölkəsi Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla insanı yoxsulluqdan qurtarıb.
Məhz buna görə, onu «kasıbların bankiri», yoxsulluğun müalicəsini kəşf edən dahi adlandırırlar. 2006-cı ildə dünyada yoxsulluğa qarşı mübarizədə böyük nəticələrinə görə, Məhəsmməd Yunus Nobel Sülh mükafatına layiq görülüb.
Professor, kasıblara dəstək və onların həyatını yüngüllüşdirmək üçün 50-dən artıq şirkətin yaradıcısıdır. Yaratdığı «Yunus Center» vasitəsilə isə o müxtəlif təşəbbüsləri dəstəkləyir, insanların təşəbbüskarlıq bacarığının, təhsilin inkişafı üçün çalışır.
Məhəmməd Yunusun Azərbaycanla da əlaqələri var. O Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri doktorudur. UNEC-də onun adını daşıyan «Yunus» Sosial Biznes Mərkəzi fəaliyyət göstərir.
Yoxsulluqla mübarizənin yolları və bunun üçün insanların dəyişməli olduğu məqamlar Təhsil Nazirliyi və «Yunus» Center»in tərəfdaşlığı ilə Məhəmməd Yunusun iştirakı ilə «Yeni çağırışlar» onlayn müzakirə proqramında müzakirə edilib.
FED.az yoxsulluğa qarşı mübarizəyə görə Nobel mükafatçısı ilə müsahibəni təqdim edir.
- Cənab Yunus, sizin fəaliyyətinizlə tanış olduqda iki məqam önə çıxır – missiya və yüksəliş. Sizcə insan həyatdakı missiyasını nə vaxt başa düşür? Siz özünüzdə bu ictimai missiyanı necə yaratmısınız? Ümumiyyətlə Nobel mükafatına yüksəlişiniz necə baş verdi?
- İlk növbədə sizi salamlayır və təşəkkür edirəm. Azərbaycana illər əvvəl etdiyim səfər yaxşı yadımdadır. Prezidentlə, nazirlərlə, UNEC-in rəhbəri Ədalət müəllimlə, dostum Ümid Mirzəyevlə görüşlərimiz, buradakı mərkəzdə keçirilən görüşlərimiz xatirəmə yaxşı həkk olunub.
Bilirsinizmi, mən hələ məktəbli olanda kifayət qədər fəal idim və hətta boyskaut hərəkətına qoşulmuşdum, bu mənim dünyagörüşümün formalaşmasına və fikirlərimin yaranmasına kömək etmişdi.
Mənim vətənim Banqladeş kasıb əhalisi olan ölkədir. Və mən səfər etdiyim Avropa və Asiya ölkələrini gəzərkən ordakı əhalinin necə təşəkkül tapdığını həyat tərzlərini necə dəyişdiyini görürdüm. Mən 2-ci dünya müharibəsindən 10 il keçəndən sonrakı dövrü, təxminən 1955-ci illəri deyirəm. Müharibənin yaratdığı təlatümlər, Avropanın dirçəlməsi və sairi görürdüm və bunun fonunda fikirləşirdim ki, vətənim Banqladeşi necə dəyişmək olar?
Mən o dövrdə artıq ABŞ-da təşsil almışdım və doktorluq dərəcəsini alaraq 1972-ci ildə ABŞ-dan vətənə qayıtdım. O vaxt Banqladeş təzəlikcə azadlıq müharibəsini başa vurmuşdu, hər şey dağılmış və pərən-pərən olmuş vəziyyətdə idi. Buna baxmayaraq əhalinin və hökumətin birgə inamı var. Biz hər şeyi yenidən qurmağı fikirləşib irəli baxırdıq.
- Bəs necə oldu ki, kasıblara heç bir girov və zamin olmadan kredit verməyə başladınız?
- Dediyim kimi, 1972-ci ildə inamımız yüksək olsa da, sonradan tənəzzül yaşadıq, 1974-də vəziyyət daşa da pisləşdi. Əhali arasında yoxsulların payı artdı.
Həmin vaxt mən universitetlərdə professor olaraq mühazirələr oxuyurdum. Və bu halları görəndə mənim iqtiisadiyyatın təməllərinə, iqtisadi nəzəriyyələrin əsasına inamım sarsıldı, məyusluq yaşadım. Düşündüm ki, əgər bu nəzəriyyələrin faydası yoxdursa, deməli onlar təxəyyülün məhsulu idilər. Buna görə də mən əhaliyə dəstək, onu kasıbçılıqdan çıxarmaq üçün fərdi araşdırmalarıma başladım.
Mən işimi elə dərhal univuersitet kampusunun ətrafında yaşayan yoxsullarla başladım. Diqqət yetirdim ki, həmin ərazidə əhaliyə kredit paylayan böyük, necə deyərlər «akula», daha dəqiqi yırtıcı şirkətlər var. Təbii ki, mən də başa düşürdüm ki, əhali onlardan daha da asılı olacaq və acınacaqlı vəziyyətə düşəcək.
Və mən bunun qarşısını almaq üçün onlara öz cibimdən kredit paylamağa başladım ki, onlara hansısa şəkildə kömək edim.
M.Yunusun ilk kreditinin tarixçəsi: 1976-cı ildə Məhəmməd Yunusun dərs dediyi Çittaqonq universitetinin yaxınlığında yerləşən Cobra kəndində ən kasıb ev təsərrüfatlarını gəzərkən Yunus başa düşür ki, çox kiçik məbləğli kreditlər kasıbların həyatını ciddi şəkildə dəyişə bilər.
Cobra kəndinin qadınları mebel hazırlamaq üçün bambukdan istifadə edirdilər. Onlar bu bambuku əldə etmək üçün yerli sələmçilərdən borc alırdılar. Amma bu borc üçün faizlər elə yüksək idi ki, qadınların bütün qazancları sələmçilərə çatırdı. Bunu görən Yunus elə yerindəcə bu ailələrə ilk kreditini verir. Bu 27 dollar idi. O cibindən 27 dolları çıxarıb, onu kəndin 42 qadınına verir. Nəticədə onların hər biri 0,50 taka (0,02 dollar) məbləğində təmiz qazanc əldə edir. Həmin ailələr üçün bu böyük pul idi.
- Mən o minvalla işimi davam etdirdim, düşündüm ki, kömək edim və beləlikdə, yavaş-yavaş işim təşəkkül tapdı, geniş miqyas aldı. Mənə çoxları dedi ki, alınmayacaq, bu işə baş qoyşma, amma mən deyim ki, insan övladının eləyə bilməyəcəyi iş yoxdur, yetər ki, inamın olsun. Beləliklə, işim genişləndi və biz artıq təkcə kampusun ətrafındakı insanlara deyil, digər ərazilərdəki insanlara da kredit verdik, daha sonra isə ölkə səviyyəsində «Grameen bank» yaratdıq, mikrokreditlər verməyə başladıq.
«Grameen bank» - «Kənd bankı» deməkdir. Həmin kənd səviyyəsində başlayan təşəbbüsümüz indi Amerika, Avropa, Böyük Britaniya kimi əraziləri əhatə edib.
- «Grameen bank»ın iş prinsipi başqa banklardan nə ilə fərqlənir?
- Bilirsiniz, bizim yaratdığımız «Grameen bank» alternativ bankdır, yani bildiyimiz bank sistemindən fərqlənir və ona alternativdir. Biz yalnız kasıblara kömək göstərir, insanlara tamamilə fərqli qaydada kreditləri veririk. Onlardan nə girov, nə zəmanət, nə sənəd, nə də şəxsiyyət vəsiqəsi tələb etmirik. Və bu mexanizm özünü o dərəcədə doğrultdu ki, Nobel Komitəsi məni və təmsil etdiyim «Grameen bank»ın Nobel mükafatına layiq gördü.
- Cənab Yunus, siz yazırsınız ki, hər bir insanda böyük imknalar, insanın daxilində hələ açılmamış xəzinə, var. Sizcə bu imknaları necə aşkar etmək olar? Necə deyərlər, xəzinəni aşkar etmək üçün insan özü və onun ətrafındakılar nə etməlidirlər?
- Bilirsinizmi, bu məsələdə təhsil çox önəmli rol oynayır. Təhsil insanda yaradığı qabilyyəti aşkar edir. Təhsil valideynlərdən, evdən, böyüdüyümüz ocaqdan başlayır, sonra isə təhsil sistemi bunu davam etdirir. Təhsil sistemi sizdəki bacarıqları, yəni daxilinzdəki xəzinəni aşkar edir.
Təəssüf ki, yenə də deyirəm, təəssüf ki, müasir təhsil sistemi həddən artıq digər məsələlərlə doldurulub. Yəni bu sistem bizə bir çox şeyləri tədris edir, amma mahiyyətcə vacib olan bir sıra məsələlər, yəni özümüzü dərk etməyimiz, güclü və zəif tərəflərimizi bilməyimiz, doğru olaraq haraya istiqamətlənməliyik - təhsil sistemi bunu bizə vermir və göstərmir.
Təhsil sistemi bizə fənləri öyrədir, amma bizim güclü cəhətlərimizi, yəni bizim həqiqətən də nəyə qadir olduğumuzu aşkar etməkdə bizə ökmək etmir. Mən həmişə təhsil sistemini bu cəhətdən tənqid edirəm. Çünki başlıca suallara – mən kiməm, nəyi bacarıram, nəyə qadirəm, hara gedib çıxa bilərəm, məqsədlərim nə ola bilər - cavab verə bilmir. Ona görə də yenə təkrar edirəm ki, hər bir insanın daxilində bir xəzinə var və bunun açarından biri də təhsil sistemidir. Bu açarlardan yalnız birini təhsil sistemi verir. Siz bu açarları toplaya bilsəniz, xəzinəni aça biləcəksiniz.
- Siz bildirirsiniz ki, insanlar işaxtaran kimi deyil, sahibkar və təşəbbüskar olaraq dünyaya gəlir. Bəs sizcə hər bir insanın sahibkarlıq bacarınını kəşf etməsi və bu bacarığı qoruması üçün biz təhsil sistemində nəyi dəyişməliyik?
- Birincisi, təhsil sisteminin özündən başlamaq lazımdır. Elə etmək lazımdır ki, təhsil sistemi kimliyinizi başa düşmək, bunu anlamağa kömək etsin. Təhsil sistemi innovativ, çağdaş olmalı, daha çox axtarışlara kəşflərə yönəlməli, insana özünü kəşf etməyə kömək etməlidir. Bundan sonra isə həyatında növbəti mərhələləri kəşf eğtməyə kömək etməlidir.
Bəs biz bunun əvəzində nə görürük? Reallıqda təhsil sistemi bizi yükləyir, üzərimizə əlavə yük qoyur. Bizə kimliyimizi aydın şəkildə təsəvvür etməyə kömək etmək əvəzinə bizi əlavə fənlərlə yükləyir. Biz bir növ robota çevrilmişik. Biz maşın və ya robot kimi iş axtarırıq. Biz özümüzü bu mexanizmin, bu sistemin, işəgötürənlərin tələblərinə uyğunlaşdırırıq. Biz özümüzü vaəzifə təlimatlarına uyğunlaşdırırıq.
Baxın, iş dediymimiz anlayış, demək olar ki, yaradıcılığın sonudur. Yəni sən iş axtarmağa başladığın zaman özünü presin altına yerləşdirirsən, zavodlarda, sexlərdə olan pres kimi. Sən öz daxilində olan o xəzinəni o presin altında əzirsən, özünü o presdən asılı vəziyyətə salırsan.
- Bəs əslində necə olmalıdır?
- İlk növbədə qeyd etmək istəyirəm ki, biz bəşər övladları azad doğurluruq, bu planetdə, Yer Kürəsində azad şəkildə ov etmişik. Balıqçılıq etmişik. Əkinçiliklə məşğul olmuşuq, fermer, təsərrüfatçı olmuşuq və sair və ilaxır. Yəni biz planetdəki çağırışlara sinə gərmişik. Əslində çağırışları axtarmışıq və maneələri aşmışıq.
Sözümün əsas məğzi odur ki, təhsil böyük bir qüvvədir və təhsil bizə sahibkar olmağa, bacarıqlı, fərasətli iş qurmağa, öz işimizi qurmağa, sahibkar olmaqda kömək etməlidir.
Təhsil bizə təşübbüskar olmaqda kömək etməlidir. Nəinki bizi sırf avtomatik iş bazarında iş axtaran adama çevirməlidir.
- Bütün dünyada belə fikir var ki, nə qədər pulun varsa, o qədər uğurlusan və xoşbəxtsən. Bəs biz necə edək ki, bu fikir «bu günyanı daha yaxşa bir yerə gətirmək üçün tövhəm nə ola bilər» fikri ilə əvəz otlunsun. Yəni ictimai mənafeyi necə dirçəldə bilərik?
- İlk növbədə yenə də təkrar edəcəm – təhsil vasitəsilə. Təhsildəki sistemi dəyişməklə, biz ictimai şüurda dəyşikliyə nail ola bilərik. Çünki həyatdə hər bir şey təhsillə başlayır.
Təəssüf ki, müasir iqtisadiyyatda təməl prinsipi insanların öz marağı götürülüb. Yəni bizə həmişə belə deyilib, belə tədris olunub ki, iqtisadiyyatın aparıcı gücü insanların şəxs mənafeyi və şəxsi maraqlarıdır. Biz biznes yaradarkən də aparıcı qüvvə pul sayılır –bizə belə deyilib ki, pul məhz son nəticə olaraq bizim hərəkətilərimizə səbəb və əsasdır. Bizim özümüzün xoşbət olmağımızın və razı qalmağımızın aparıcı qüvəsi əsas puldur. İqtisadi nəzəriyyədə bizə məhz bu tədris olunub. Ümumiyyətlə müasir dəyər sisteminin daxilində pul - aparıcı alət kimi bizə təqdim olunub və bu tamamilə yanlışdır.
Elə təhsilin özündə də. Təəssüf ki, təhsil sistemi sanki bizə eynək verir, amma bu eynək bizə yalnız öz maraqlarımızı görməyə imkan verir. Biz dünyaya bu eynəklərlə, öz maraqlarımız çərçivəsindən baxırıq, yalnız özümüzü və öz maraqlarımızı, bizi xoşbəxt edən məsələrəri görürük.
- Bəs insanların təkcə özünü deyil, digərlərini də düşünməsi üçün nə etmək lazımdır? Onları buna necə həvəsləndirmək olar?
- Təhsil sistemini elə dəyişmək lazımdır ki, bu «eynəklər» ikili olsun. Yəni, bizim öz maraqlarımızı və ehtiyaclarımızla yanaşı, digər insanların ehtiyaclarını da görməyə imkan versin. Nə vaxt ki, cəmiyyət buna nail olacaq, o vaxt vəziyyət dəyişəcək. Biz ictimai şüurda bu dəyişikliyi təhsil vasitəsilə etməliyik. Yəni kollektiv maraq ön plana çıxmalıdır.
Gəlin səmimi danışaq, kollektiv marağı nə təhsil, nə klassik iqtisdiyyatda, nə də müasir iqtisadiyyatda heç kim vurğulamır. Heç kim cəmiyyətin, ictimaiyyətin, icmanın marağını ön plana çəkmir. Biz isə deyirik ki, bəli, gəliri artırmaq olar, amma sosial biznesi də həyata keçirməklə digər insanların həyatlarını dəyişmək olar.
- Sosial biznes insanların həyatını necə dəyişə bilər?
- Baxın, siz ənənəvi bizneslə məşğul olmaqla öz gəlirinizi maksimuma çatdıra bilərsiniz. Sosial biznesdə isə ola bilər gəliriniz olmasın. Amma siz yaxşı mənada insnaların həyatına nüfuz edə bilərsiniz. Bax, budur bizi xoşbəxt edən.
Bəli, sizin öz biznesiniz ola bilər və siz xoşbəxt ola bilərsiniz. Amma mənim tərcihim tamamilə fərqlidir. Mənim tərcihim odur ki, insanların həyatına nüfuz edin, yaxşı mənada. Bu məni super xoşbəxt edir. Necə deyirlər, mən təkcə özümün varlanması ilə xoşbəxt olmaqdansa, digərlərinə də kömək edərək super xoşbəxt olmağı daha üstün tutdum.
- Cənab professor, sizin yaratdıtınız «Grameen bank»ın səhmdarlarının, necə deyirlər, payçılarının 97%-i qadınlardır. Azərbaycanda da qadın müəllimlər çoxluqdur. Sizcə təhsil işçiləri arasında qadınların çoxluq təşkil etməsinin təhsilə təsiri necədir?
- Analar fitri olaraq anadangəlmə gözəl müəllimlərdir. Niyə? Çünki onlar analardır. Analıq da ilk növbədə məhz təhsil deməkdir.
Problem ondadır ki, hansı fənləri necə tədris etmələrini müəllimlərə deyirik. Yəni onlar dərsi öz bacarıqlarına güvənərək tədris etmirlər, bunu proqram üzrə edirlər. Problem də elə budur, sistem onları əzir və nəyi necə tədris etmək lazım olduğunu deyir, onlar da təqlidçiliklə məşğul olurlar.
Yəni demək istəyirəm ki, biz həyatda təkcə öz marağımızla yaşamamalıyıq. Bizi maraqlandıran həm də cəmiyyətdir, missiyamız isə dünyanı dəyişmək olmalıdır.
Mən yenə deyirəm - hər bir bəşər övladının dünyanı dəyişəcək qədər gücü vardır. Sadəcə bu bacarığı və gücü açmaq lazımdır. Mən təbii ki, nə riyaziyyat, nə də tarixin rolunu azaltmaq istəmirəm. Onların da, digər fənlərin də əhəmiyyəti böyükdür. Amma onlar bizim həyatdakı missiyamızı itirməyə səbəb olmamalıdır. Tarixin, riyaziyyatın nə faydası, əgər mən həyatdakı missiyamı reallaşdıra bilmirəmsə, yerimi bilmirəmsə və bu barədə məlumatım yoxdursa.
- Yəni insan vəzifə təlimatları ilə deyil, öz missiyası ilə hərəkət etməlidir?
- Missiyamız hansısa vəzifəyə işə qəbul olub, təlimatda göstərilən vəzifə və tapşırıqları icra etmək olmamalıdır. Biz bunun altında əzilməməliyik.
Biz böyük bir şirkətdə işə düzəlməyə can atırıq. Burada işə düzəlirik, sonra maaşdan asılı vəziyyətə düşürük. O şirkət nə işlə məşğul olur, bizi maraqlandırmır. Yetər ki, mənim maaşım yaxşı olsun və mən karyera boyunca irəliləyə bilim, artım olsun. Biz bunu düşünürük. Qeyd etmək istəyirəm ki, bizim inkişaf yolumuzda son mənzilimiz hansısa müəssisə, şirkət və ya iş olmamalıdır.
- Amma insanlar öz ehtiyaclarını da ödəməlidirlər, elə deyilmi?
- Bizim vəzifəmiz ilk öncədən özümüzü, ətrafı dəyişmək, insanlığa, bəşəriyyətə, icmaya xidmət etmək olmalıdır. Bəli, mənim öz maraqlarım öz yerində, mən öz qayğıma da qalmalıyam. Amma dünya bununla bitmir, mən həmçinin ətrafımda olanların qayğısına qalıram. Belə olduqda dünya yaxşılığa doğru dəyişəcək və bu da yenə də təhsillə bağlıdır.
- Cənab professor, sizcə insanın öz missiyasını başa düşüb reallaşdırması üçün nə tələb olunur? Sizin izah etdiklərinizə nail olmaq üçün nə etmək lazımdır?
- Birincisi, başlıcası siz özünüzü kəşf etməlisiniz. İş - sizin gələcəyiniz və taleyiniz ola bilməz. Siz özünüzü bilməlisiniz - siz kimsiniz, amalınız nədir, taleyiniz necə olmalıdır.
İkincisi, dünyanı aşkar edib tanımalısınız, bu dünya nədən ibarətdir. Bundan sonra sizin msissiyanız formalaşır, çünki özünüzü və dünyanı tanıyırsınız.
Üçüncüsü, siz təxəyyül etməli, arzularla yaşamalısınız, mütləq sizdə arzular və xəyallar olmalıdır. Bu cəhət bizi digər varlıqlardan fərqləndirir. Biz arzu edib ağlımıza gətirib yaşayıb, həyata keçirə bilirik. Təxəyyüllə qapılmaqdan, nəyisə arzu etməkdən və arzularla yaşamaqdan qorxmayın.
Dördüncüsü, insan və cəmiyyətin şüurunda bərqərar olan qaydaları, klişeləri sındırmaqdan qorxmayın, cəsarətli olun, çərçivədən kənara çıxmaqdan çəkinməyin.
Beşincisi, öhdəlik məsələsi – siz missiyanızı bəlli edəndən sonra, özünüzü və dünyanı tanıyandan sonra, arzularla yaşayandan sonra, qaydaları pozandan sonra və çərçivədən kənar düşünəndən sonra, öhdəlik götürürsünüz ki, mən bu missiya ilə yaşayacam, axıra qədər gedəcəm, kim nə desə də. Çünki bu dünyada hər şey mümkündür. Bəşər övladı hər şeyə qadirdir, mən də həmçinin onun içində.
Altıncısı, bəşəriyyətin gözəl cəhəti odur ki, biz mümkünsüzü mümkün edirik. Halbuki bir çoxları bu şeyləri «bu necə oldu ki, alındı» deyə düşünürlər. Biz dünyada yalnız yaxşı iz buraxmalı, növbəti nəsillərə daha yaxşı dünya miras saxlamalıyıq. Təəssüf ki, son dövrlər biz bunun əksini görürük, yəni daha pis dünyanı miras qoyuruq, təbii ki, biz vəziyyəti dəyişməliyik.
Yeddincisi, biz övladlarımızı da öhdəlik götürməyə öyrətməliyik. Biz dünyanı yaxşılaşdırdıq, amma növbəti nəsillər də bizim nəvələrimizə daha yaxşı dünya saxlamalıdır. Və bu bir silsilə olaraq miras olaraq davam etməlidir.
Səkkizincisi, inam olmalıdır. Güclü inam olmalıdır ki, biz bunları bacaracağıq, qoyulan məqsədlərə nail olacağıq.
- Sizin «Kasıbların bankiri» kitabında deyilir ki, yoxsulluğun yeri muzeylərdir. Uşaqlar muzeyə gedəndə dəhşətə gələcəklər. Bəs yoxsulluq nə vaxt muzeyə gedəcək?
- Mən belə deyim – vaxt daralır. Söhbət bəşəriyyətin vaxtından gedir. Həqiqətən də zamanımız az qalıb, biz dünyanı o günə qoymuşuq ki, bu dünyanı dəyişmək üçün vaxtımız çox azdır. Və biz vəziyyəti geri, yəni yaxşılığa doğru dəyişməliyik.
İlk öncə diqqətinizi dünyadakı sərvətlərin bölgüsünə yönəldim. Dünya sərvətləri dramatik dərəcədə çox qeyri-bərabər bölünüyb.
Dünya əhalisinin böyük hissəsi gündə cəmi 1, 2, 3, 5, dollara işləyir. Gündə 10 dollar, 100 dollar qazananların sayı daha kiçikdir. 1000 dollar, 10 min dollar qazananlar isə ondan daha da azdır. Nəhayət, günə milyon dollar qazananların sayı dünya əhalisinin cəmi 1%-ni təşkil edir. Fərqi görürsünüz? Belə çıxır ki, dünyanın bütün sərvəti həmin o 1%-in əlindədir. Gündə 1 dollara işləyənlər isə dünya əhalisinin yarısını təşkil edir və getdikcə də bu nisbət dəyişir.
Yəni biz tamamilə qütbləşmiş dynada yaşayırıq. Pandemiya dövründə isə kasıbların və yoxsulların sayı daha da çoxaldı. Varlılar daha varlandı, kasıblar daha da kasıblaşdılar.
Soruşa bilərsiniz, nə üçün bu baş verdi? Biz özümüz belə bir sistem yaratmışıq və bu sistemi dəyişməliyüik. Mənim təsisçi olduğum «Grameen bank», məhz sistemi dəyişmək üçün işə başlayıb və bu istək reallığa çevrildi. Bu artıq ona dəlalət edir ki, hər birimiz xeyir məqsədilə bu ideyaların arxasınca gedə bilər, onları reallaşdırıb uğur qazana bilərik. Yetər ki, israrlı olaq və ideyanı yaşayaq.
Muzeyləri soruşursunuz, biz sistemi dəyişməyənə qədər yoxsulluq muzeydə olmayacaq. Bu sistemin də memarı universitetlər və təhsil sistemidir. Biz təhsildə və insanların şüurunda dəyişiklik yaratmalıyıq.