Azərbaycanın su ehtiyatları məhduddur və yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkədə istifadə olunan suyun isə təqribən 70-80 faizi kənd təsərrüfatının payına düşür.
Eləcə də bax: "Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib.
Onun sözlərinə görə, hazırda ən ciddi problemlərdən biri suvarma suyunun istehlakçıya çatdırılması zamanı yol verilən itkilərdir. 2019-cu ilin məlumatlarından aydın olur ki, ölkə üzrə təbii mənbələrdən götürülən suyun nəql zamanı itkilərin 97 faizi kənd təsərrüfatının payına düşür. Başqa sözlə desək, 2019-cu ildə kənd təsərrüfatında suyun nəqli zamanı 3 milyard 641 milyon kubmetr su itkiyə gedib.
Bu çox ciddi rəqəmdir və bu itkilərə görə 10 min hektarla əkin sahəsi vaxtında suvarılmır.
Ekspert bildirib ki, hazırda problemləri həlli, su itkilərinin azaldılması, bu sahədə səmərəliyin artırılması üçün müasir menecmentə ehtiyac var. Çünki bu sahədə yaxşı idarəetmə olmasa və su itkisinin qarşısı alınmasa bu itkilər torpaqların şoranlaşmasına və eroziyaya səbəb olacaq.
Onun sözlərinə görə, qarşıdakı illərdə qlobal iqlim dəyişikliklərinə adaptasiya və su ehtiyatlarından səmərəli istifadə məsələsi daha da aktuallaşacaq: “Bir faktı qeyd edək ki, 2020-ci ildə havaların quraqlıq olması nəticəsində aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəyib. Hələ su çatışmazlığı və quraqlıq səbəbindən şəkər çuğundurunun, çəltiyin əkin sahəsi məcburi azaldılıb.
Xüsusən də 2020-ci ildə su çatışmazlığı səbəbindən 50 min hektar təkrar əkin ixtisar edilib. Onun üçün də meliorasiya və su təsərrüfatı sahəsində müasir menecmentin və innovativ, qənaətcil suvarma metodlarının tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artmasına, su itkilərinin azalmasına xidmət edəcək. Bu isə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına və fermerlərin gəlirlərinin artmasına töhfə verəcək”.