Azərbaycanda 2020-ci ildən etibarən zəif alkoqollu içkilərin hər litri üçün 0,4 manat aksiz dərəcəsinin tətbiq olunması nəzərdə tutulur. Gələn ildən həmçinin, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyor üçün aksiz dərəcəsinin hər litri üçün 2 manatdan 3,2 manata, konyak üçün 6 manatdan 3,2 manata, şampan şərabı üçün 2,5 manatdan 2,6 manata, şərab üçün 0,1 manatdan 0,2 manata, pivə üçün 0,2 manatdan 0,5 manata, spirtli enerji içkilərinə 2 manatdan 2,1 manata, spirtsiz enerji içkilərinə 3 manatdan 3,1 manata qədər aksiz dərəcələrinin dəyişdirilməsi və tətbiqi gözlənilir.
Bildiyimiz kimi, əhalinin spirtli içki istehlakı iqtisadi dəyişikliklərdən birbaşa asılı olub.
FED.az İqtisadçı Toğrul Vəliyev bu mövzu ilə bağlı açıqlamasını təqdim edir:
Eləcə də bax: Aksiz vergiləri artırılır – ARAQ VƏ SİQARETLƏR BAHALAŞACAQ
- Aksiz vergisinin artırılmasını zəruri hesab edirsinizmi? Bu artım nəticəsidə nə baş verəcək?
- Hesab edirəm ki, hazırda artıma ehtiyac yoxdur, çünki bu kimi addımlar qiymət artımına səbəb olur, əhali isə (rəsmi açıqlamalarda inflyasiyanın iki-üç faiz olduğu bildirilsə də, alternativ hesablamalara görə, onun səviyyəsi 7 faiz təşkil edir) bundan əziyyət çəkir. Aksiz vergilərinə gəlincə, insanlar bir az fərqli düşünürlər, çünki bu vergilər əhali arasında əsasən narazılığa səbəb olmayan mallara tətbiq olunur. Bununla belə, bu məhsul da kütləvi istehlak edildiyini görə, hökumət bəzi narazılıqlarla üzləşməli olacaq, əsasən də, kölgə iqtisadiyyatının artımı ilə.
- Azərbaycanda spirtli içkilərin “kölgə bazarı”nın payı nə səviyyədədir? Aksiz vergisinin artırılması bu payın da artmasına səbəb ola bilərmi?
- Artıq qeyd etdiyim kimi, istənilən dərəcələrin artırılması kölgə iqtisadiyyatının artımına səbəb olur. Hazırda ölkədə kölgə bazarı ilə bağlı ciddi problemlər mövcuddur. Uzun müddət ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsi “kölgədə” idi, yalnız Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər kölgə bazarının tədricən azalmasına gətirib çıxartdı. Əsasən də, bu, spirtli içkilər bazarı ilə bağlı idi. Əvvəllər burada xeyli sayda müxtəlif icazələr və lisenziyalar tələb olunurdu, bu tələblərin ləğvindən sonra satış nisbətən leqallaşdı. Tələblərin ləğvi ilə aksiz vergisinin artması bağlı idi, buna görə də, artım istehlakçılar tərəfindən çox da hiss olunmadı. İndi isə hökumətin digər tədbirləri, eləcə də, dövlət orqanlarının nəzarət funksiyalarının tətbiqini nəzərə alaraq, spirtli içkilərin qiymətində nisbətən artım gözləmək olar (burada tibbi sığorta sistemi və aksiz markalara görə ödənişlər, aksiz vergiləri və s.). Bu isə öz növbəsində tələbin azalmasına səbəb olacaq. Digər tərəfdən isə spirtli içkilər və tütün qiymətindən asılı olmayaraq istehlak edilən məhsul növüdür. Məsələn, spirtli içki qiymətlərinin nisbətən artmasına baxmayaraq (Dövlət Statistika Komitəsinin məlumatına görə, orta qiymətlər 2-2,5 dəfə artıb), son 5 ildə onun istehlakı da artıb. Aksiz vergilərinin məqsədi, hər zamanki kimi, alkoqoldan imtina siyasətini stimullaşdırmaqdırsa, onda gözlənilən nəticə əldə olunmayacaq. 2016-cı ildə hökumət nağdsız ödənişləri tətbiq etməklə bu bazarı tamamilə “ağartmağa” çalışdı, bu isə sənayenin faktiki çökməsinə və kölgə iqtisadiyyatında payının artmasına səbəb oldu. Hesablamalarımıza görə, 2016-cı ildə kölgə iqtisadiyyatının payı son 5 ilin ən yüksək səviyyəsinə çatdı.
Kölgə iqtisadiyyatında bazarın payına gəlincə isə, bunu müəyyənləşdirmək olduqca çətindir. Dolayı məlumatlara görə, onun payı pivə bazarında 20-30%-ə, araq bazarında isə 50-60% -ə qədər (növlündən asılı olaraq) dəyişə bilər.
- 2017-ci ildən bəri dövlətimiz “ağartma” sahəsində böyük uğurlar əldə etdi və aksiz vergilərindən yığımları artırdı. Aksiz vergi dərəcələrinin artırılması isə mütləq əks təsirə səbəb olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Bu manevrin əsas məqsədi büdcə gəlirlərinin artırılmasıdır. 2017-ci ildən bəri bazarın əhəmiyyətli hissəsini “ağartmaq” mümkün olub (pivə və çaxır, hətta araq istehsalı sahəsində də müəyyən uğurlar əldə edilib). Hər halda, idxal sahəsində ciddi irəliləyiş əldə edilib, lakin müəyyən tədbirlər nəticəsində (çoxsaylı icazələrin ləğvi və devalvasiya) ölkədə alkoqolu məhsullarının idxalı azalıb və yerli məhsulların payı artıb. Maliyyə Nazirliyinin proqnozlarına görə, idxal olunan mallara aksiz vergilərinin həcmi, 2019-cu ilin sonunda 2018-ci il ilə müqayisədə 2,2 dəfə artdığı halda, 2020-ci ilin sonuna bu göstərici 300 milyon manata qədər düşəcək. Dövlətin qeyri-neft sektorundan gəlirlərin artmasını hədəfləməsini nəzərə alsaq, bu fərqin kompensasiya olunması vacibdir, bunu isə vergi yükünü artırmaqla kompensasiya etmək olduqca çətindir, çünki bütün sahələrdə kölgə iqtisadiyyatın artmasına səbəb olacaq. Görünür, elə buna görə aksiz vergilərinin artırılması qərara alınıb. Eyni zamanda, satışa (onlayn kassalar və s.) nəzarətin artmasına yardım edəcək bir sıra tədbirlər də tətbiq olunur və onların fikrincə, bu tədbir idxal hesabına itkiləri kompensasiya edir və hətta 67 milyon manat əlavə vəsait də verəcək. Nəticədə, 2020-ci ildə 2019-cu ildə əldə olunmuş 982 milyona qarşı 1050 milyon manat aksiz vergisinin toplanması planlaşdırılır. Əks təqdirdə bazarın artımını gözləmək lazım idi. İndiki şəraitdə, əhalinin gəlirinin praktiki olaraq artmadığı halda, istehlakın artmasını gözləmək çətindir. Kölgə iqtisadiyyatı artığı halda belə, gəlirlər təmin olunacaq, hətta 2019-cu ilin göstəricilərini üstələyəcəkdir. Bununla belə, büdcə gəlirləri dövlətin yeganə prioritet mövzusu deyil. Kölgə iqtisadiyyatının artımı, həm də keyfiyyətsiz məhsulların və onlardan zəhərlənmə hallarının çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, əhalinin sağlamlığına ciddi zərbədir.
- Pivə məhsullarına aksiz vergilərinin artımına yanaşma tam aydın deyil. Fikrinizcə, bu sahədə ən optimal variant hansıdır?
- Əgər əsas hədəf büdcə gəlirlərinin artımıdırsa, bu məntiqlidir.
Lakin dünya təcrübəsinə gəldikdə, aksiz verigisində artım nəzərdə tutulduğu zaman az alkoqollu (pivə, şərab) içkilərin artımı çox alkoqollu içkilərdən (araq, konyak) daha az olmalıdır. Məsələn, arağa artım 60% nəzərdə tutulduqda, pivə üçün artım 30-40%-dan çox olmamalıdır.
Optimal varianta gəldikdə isə bu, olduqca çətindir, çünki qadağa və ya qiymət artımı heç vaxt müsbət təsir göstərməyib. Məsələn, gələn ildən hökumət hətta enerji içkilərinin satışını məhdudlaşdırmaq istəyir. Lakin bu cür tədbirlər, əlavə dəstək olmadan, insanlara heç vaxt təsir etməyir. Əgər dövlətin məqsədi əhalinin sağlamlığını qorumaqdırsa, onda aksiz vergilərinin artırılması deyil, maarifləndirmə tədbirlərinin görülməsi, mədəniyyət siyasətinin genişləndirilməsi və əhalini spirtli içki və ya tütündən yayındıra biləcək tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Əks təqdirdə, bu, həm kölgə iqtisadiyyatının, həm də əhalinin xərclərinin artmasına səbəb olacaq. Digər nəticələr gözlənilmir.