Azərbaycanda ailə bizneslərinə yardım üçün başlanan Ailə Biznesinə Asan Dəstək” - “ABAD” layihəsi ilk mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlasa da, 2016-cı ilin oktyabrında SOCAR və ASAN Xidmət arasında imzalanmış sazişlə ikinci pilot region kimi Balakən rayonu seçilib.
2 saylı Balakən regional “ABAD Mərkəzi”nin direktoru Amil Musayev deyir ki, ötən müddət ərzində bu layihə ailə bizneslərini dirçəldib.
- Amil müəllim, “ABAD” Balakən rayonunda fəaliyyətini hansı istiqamətlər üzrə qurub?
- Balakən rayonundakı fəaliyyətimiz əsasən cem, mürəbbə, pendir, kolbasa məhsulları istehsalı və sənətkarlıq sahələri ilə bağlıdır. İstehsal sahəsində ilkin mərhələdə “ABAD”la əməkdaşlıq edən 12 ailə müəyyənləşdirilib və onlara zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteynerlər təqdim olunub. Ailələrə təqdim edilən istehsal avadanlığının 9-u cem-mürəbbə, 2-si süd, 1-i isə ət məhsullarının emalı üçün nəzərdə tutulub. Daha sonra layihənin mütəxəssisləri həmin ailələrə avadanlıqdan istifadə qaydaları, gigiyena və əməyin təhlükəsizliyi ilə bağlı təlimlər keçdilər. Ailələr istehsal avadanlığı ilə yanaşı, məhsulların satışı üçün lazım olan şüşə qablar, etiketlər və digər zəruri detallarla da təmin edilib. Balakən “ABAD”çıları üçün “Balməkan”, “Yay səbəti”, “Dənə-dənə”, “Bağımızın bəhrəsi”, “4 fəsil”, “Bağ gözəli”, “Meyvə bağı”, “Budaqdan” cem və mürəbbə, “Hənifə” camış pendiri və “Bizim nemət” kolbasa brendləri yaradılıb.
- “ABAD”ın regional mərkəzi ailə təsərrüfatlarına nə kimi xidmətlər göstərir?
- “ABAD” regional mərkəzlər vasitəsilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlığından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərir. Ailə təsərrüfatlarının məhsullarına “vahid pəncərə” prinsipi əsasında gigiyenik və uyğunluq sertifikatları alınıb. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərir, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər.
- «ABAD» ailələr istehsal etdikləri məhsulları necə satırlar, bu iş necə təşkil olunur?
- “ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və bütün zəruri yoxlamalardan keçərək, müvafiq sertifikatlarla işarələnib. Müasir tələblərə cavab verən dizayna və brend adına, uyğunluq və gigiyenik sertifikatlara malik olması məhsulların satışını daha da asanlaşdırıb.
Qeyd edim ki, Balakən “ABAD”çılarının istehsal etdiyi məhsullar 2017-ci ilin sentyabr ayından etibarən “Bravo” supermarketlər şəbəkəsində və “ABAD”ın sərgi-satış mərkəzlərində satışa çıxarılıb. İndiyədək Bakı şəhərinə satış üçün 5 min bankadan çox cem və mürəbbə məhsulları göndərilib. Satışdan daxil olan vəsait “ABAD”la istehsalçı arasında bağlanmış müqaviləyə əsasən, “ABAD”çıların bank hesablarına köçürülür.
- Yaxın vaxtlarda yeni məhsulların istehaalı başlanacaqmı?
- Pendir və kolbasa istehsalı ilə məşğul olacaq “ABAD”çılara da istehsal prosesi öyrədilib, zəruri sertifikatlar alınıb və konteynerlər məhsul istehsalı üçün hazır vəziyyətə gətirilib. Yaxın vaxtlarda həmin konteynerlərdə də məhsul istehsalına başlanılacaq.
- Zaqatalada suvenir biznesi varmı?
- “ABAD”, eyni zamanda, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələri də dəstəkləyir. Balakən rayonunda sənətkarlıq fəaliyyəti ilə məşğul olan 8 vətəndaşla müqavilə imzalanıb və onların əl işlərinin “ABAD”ın sərgi-satış mərkəzlərində satışı təmin edilib. Oymaçılıqla məşğul olan 2 sənətkara qurum tərəfindən ağacoyma dəzgahları verilib. “ABAD”la əməkdaşlıq edən sənətkarların sayının daha da artırılması üçün Balakən regional “ABAD Mərkəzi” tərəfindən Balakən və qonşu rayonlarda sənətkarlarla görüşlər keçirilir, təlimlər təşkil edilir.
- Şəki-Zaqatalada ailə bizneslərinə BMT-nin İnkişaf Proqramı da dəstək verəcək. Bu layihənin üstünlüyü nədən ibarətdir?
- Layihə çərçivəsində üç il ərzində, yəni 2020-ci ilədək “ABAD” mərkəzləri vasitəsilə Şəki-Zaqatala iqtisadi regionunda ailə təsərrüfatlarına dəstək göstəriləcək. Bununla da həmin insanlar sahibkara çevriləcəklər. Layihədə iştirak edən ailələrin brendləri yaradılacaq, istehsal olunacaq məhsullar satışa çıxarılacaq. Layihə Şəki-Zaqatala iqtisadi zonasında əhalinin məşğulluq səviyyəsinin artırılmasına, iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək, bu regionda daha çox ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaq.
@azertag
Zaqatalada «mürəbbə biznesi» başlayıb
19:21
23 Yan 2018