Gündəlik həyatda bir sıra problemlərlə rastlaşırıq. Nəticədə, bir çoxlarımız bu və ya digər problemlərə qarşı dura bilməyərək üzləşdiyi çətinliklərdən sonra ruhdan düşür və hər şeyə qarşı ümidini kəsir. Lakin insan heç zaman ruhdan düşməməli və hər zaman yoluna davam etmək üçün özündə güc tapmalıdır.
Bu məsələni ortaya qoyaraq aşağıdakı məqaləni yazmaq qərarına gəldik. Bəlkə bəziləriniz bunu oxuduqdan sonra ilhama gələr və yeni-yeni uğurlara imza atar, bəlkə də ən çətin anınızda bu məqalədəki simalar sizə heç zaman ruhdan düşməməli olduğunuzu xatırladar və sizi motivasiya edər.
Əsrimizdə sıfırdan başlayan, bəziləri səfillikdən çıxıb zənginliyə çatan xanımlar vardır ki, onların uğur hekayəsi ilə sizləri də tanış etmək istərdik. Bu şəxslərin keçdiyi həyat yolunun o qədər də asan olmamasına baxmayaraq onlar məhz öz şəxsi gücü, əzmi, məqsədyönlü və çalışqan olmaları hesabına varlanan kəslərdir ki, “kasıblıqdan varlılığa” konsepsiyasını doğruldaraq XXI əsrin ən yaddaqalan qadın simaları arasında yer almışlar.
1. Çjou Kunfey (1970) – “Taçskrin kraliçası”
Kiçik bir Çin kəndində anadan olan, anasını 5 yaşında ikən itirən, istehsalatdakı qəza səbəbindən kor qalan atası ilə birgə yaşayan Çjou Kunfey maliyyə vəsaitlərinin çatışmazlığı səbəbindən orta təhsilini başa vura bilməmiş, 16 yaşında məktəbi tərk etməli və fabrikdə fəhlə işləməli olmuş, sonralar isə dünyada Samsung və Apple kimi şirkətlər üçün sensor ekranlarının istehsalı, mobil cihazlar üçün ekranların hazırlanması ilə məşğul olan şəxsi şirkətini “Lens Technologies” şirkətini yaratmışdı. Çjou həmin şirkətin hazırda da baş direktoru vəzifəsini tutur.
Onun sərvəti 7.8 -10 milyad dollar dəyərində qiymətləndirilir.
2. Opra Uinfri (29.01.1954)– Media kraliçası
32 yaşında milyonçu olan Opra Uinfri 49 yaşında tarixə ilk qaradərili qadın milyarder kimi düşmüşdü. Media maqnat, amerikalı teleaparıcı, aktrisa, prodüser, ictimai xadim, “Opra Uinfri Şousu” proqramının aparıcısı olan Opranın anası xidmətçi, atası mədənçi (daha sonra bərbər) idi. Opranın uşaqlığının çox çətin və zorluqlar içində keçməsinə baxmayaraq o, əsas diqqətini təhsilinə yönəltmişdi və məhz bu da ona gələcəkdə uğur qazanmağa yardımçı oldu. 17 yaşı olarkən o, həm universitetdə oxuyur, həm də işləyirdi.
Opra əvvəllər yerli KİV-lərdə (CBS telekanalı) gənc müxbir kimi çalışmış və Neşvil televiziyasının ilk qaradərili qadın müxbiri kimi tanınmışdı, daha sonra Baltimorun WJZ televiziyasında 6-saatlıq xəbər proqramının köməkçisi kimi çalışmış və “Danışır, Baltimor” tok-şousunun aparıcılarından biri olmuşdu. Halbuki, məşhurluğu və zənginliyi ona məhz şəxsi proqramı olan “Opra Uinfri Şousu” gətirmişdi. Bundan sonra o, bir sıra mükafatlara layiq görülmüş, “OWN” adlı şəxsi telekanalını açmışdı.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında onun ilk kulinariya kitabı işıq üzü görəcəkdir (http://us.macmillan.com/static/fib/food-health-happiness/). Daha ətraflı məlumatı onun şəxsi internet səhifəsindən www.oprah.com əldə edə bilərsiniz.
Hazırda onun sərvəti Forbes-un 2016-cı il üzrə apardığı hesablamaya görə 2.9 milyard dollar təşkil edir.
3. Coan Roulinq (31.07.1965) – Harri Potter seriyasının yazıçısı (http://www.jkrowling.com/)
1990-cı ilin əvvəlində Roulinq yoldaşı ilə boşanır və himayəsində olan azyaşlı qızı ilə birgə onlara ayrılan sosial müavinət hesabına yaşayırdı. Bu vəziyyət “Harri Potter” seriyasını yaradana qədər belə davam edir.
“Harri Potter”in ilk ən böyük hissəsini Coan kafedə yazmışdı. “Harri Potter” bütün dünyada oxunan çox uğurlu bir franşizaya çevrilir və məhz yazdığı seriyalar sayəsində Coanın sərvəti indi təxminən bir milyard dollara yaxın bir məbləği təşkil edir.
Qeyd edək ki, 2004-cü ildə Roulinq Forbes tərəfindən kitab yazmaqla milyard dollar qazanan ilk şəxs adlandırılmış, lakin Coan 2012-ci ildə Forbes jurnalının milyarderlər siyahısında yer tuta bilməmişdi.
4. Ursula M. Berns (20.09.1958) – Xerox şirkətinin baş direktoru və sədri
Fortuna jurnalının siyahısında 500 ən iri şirkətlər sırasına onun, yəni ilk afroamerikalı qadının rəhbərlik etdiyi şirkət daxil olmuşdu.
Nyu-Yorkun çox kasıb məhəlləsində tək ananın qızı olaraq böyümüş, çox bpyük kasıblıq içərisində yaşamışdı. Onun anası uşaq bağçasında ütüçü işləyərək qızını məktəbə göndərə bilmək üçün pul qazanmağa çalışırdı. Sonralar Ursula Nyu-York universitetinə qəbul olur və orada muhəndis-texniki təhsili aldığı müddətdə Xerox şirkətində təcrübə keçirdi. Daha sonra həmin şirkətdə işə düzəlir, rəhbər assistenti vəzifəsinə qədər yüksəlir və artıq 1999-cu ildə şirkətin beynəlxalq istehsal şöbəsinə rəhbərlik edirdi. 2009-cu ildən isə hazırki günədək Ursula Xerox şirkətinin baş direktoru, direktorlar şurasının idarə heyətinin üzvü və sədridir.
5. İndra Nuyi (1955) – PepsiCo şirkətinin sədri və baş direktoru
Hindistanda anadan olmuş İndra ABŞ-da menecment üzrə kollec təhsil haqqısını ödəyə bilmək üçün gecə növbələri işləməli olurdu. Onun müsahibələrə gedərkən belə geyim almağa pulu yox idi.
Təhsilini bitirdikdən sonra Johnson and Johnson şirkətinə işə düzəlir. Motorola və Boston Consulting Group və digər bu kimi şirkətlərlə uzun müddət çalışdıqdan sonra o, nəhayət PepsiCo şirkətinə baş direktor vəzifəsinə təyin edilir. Onun qlobal strategiyası sayəsində şirkətin həm illik, həm də xalis gəlirləri artır. Nəticədə, onu biznes dünyasının ən nüfuzlu qadınları siyahısına daxil edirlər.
2010-cu ildə Forbes onu dünyanın 6-cı ən nüfuzlu qadını elan edir.
6. Mişel Mon (08.10.1971) – MJM Ltd.-nin həmtəsisçisi və baş direktoru
Mon heç bir təhsil dərəcəsi almayan, paralic olaraq əlil arabasına məhkum olunmuş atasına və tək qalan anasına yardım etmək üçün məktəbi 15 yaşında tərk etmiş və vərəqələr paylamaqla pul qazanmağa çalışırdı. Lakin qazandığı vəsait onun atasının xəstəliyinə və dərmanlarının alınmasına çatmırdı.
17 yaşında o, Labatts şirkətinə işə düzəlir və bir neçə il sonra şirkətin satış şöbəsinin rəhbəri vəzifəsinə təyin edilir. Uğurunu davam etdirərək Mişel MJM şirkətinin həmtəsisçisi və baş direktoru olur. Qeyd edək ki, bu şirkət qadın alt paltarlarının (Ultimo) istehsalı ilə məşğul idi.
7. Hilari Devey (10.03.1957) – Pall-EX yükdaşıma şirkətinin yaradıcısı və baş direktoru
Hilari kiçik yaşında ikən atası müflis olmuşdu və bu səbəbdən o, kiçik yaşında ikən işləməyə məcbur oldu. Məktəbi tərk edərək satışlar sahəsində işə başlayır.
Ailə həyatı qurur, lakin iki uğursuz evlilikdən sonra 1996-cı ildə öz biznesinə başlamağa və bunun üçün indi Pall-EX adlandırılan nəqliyyat – yükdaşıma şirkətini açmaq qərarına gəlir.
8. Sara Bleykli (21.02.1971) – gənc yaşında milyard dollarını qazanan ilk qadın milyarder
Sara Bleykli də digər yuxarıda adıçəkilən xanımlar kimi öz biznesinə sıfırdan başlayaraq milyardını qazanmışdı. Düzdür onun uşaqlığı səfillik içində keçməmişdir, lakin qurduğu biznesin təməlini sırf öz gücü hesabına qoymuşdur. Atası vəkil, anası rəssam olan Sara uşaqlıqdan çox fəal idi, Helloin şənlikləri üçün pullu tədbirlər təşkil edir, ilk biznesinə isə yay tətili zamanı Clearwater Beach Hilton mehmanxanasındakı uşaq klubuna gələn uşaqlara baxmaqla başlamışdı. Florida Dövlət Universitetinin hüquq münasibətləri fakültəsini bitirdikdən sonra iki dəfə LSAT imtahanından kəsilir və Orlandaya gedərək Disney World-də müsahibədən keçib orada 3 ay işlədikdən sonra oranı tərk edir. Sonra 7 il Danka şirkətində ofis avadanlıqlarının satışı ilə məşğul olurdu.
27 yaşında ikən Sara Danka şirkətində işləyərkən topladığı 5000 dollarla birgə Atlantaya gedir və orada 2 il yeni məhsulun hazırlanması üzərində işləyir. Sonradan məhz bu məhsul ona 41 yaşında olarkən milyard dollar qazandırır. O, Spanx adlı şəxsi şirkətini yaradır. Şirkət qadınlar üçün həm rahat, həm də qaməti gözəl saxlayan kolqotkalar və belyığan alt geyimləri istehsal edirdi. Uzun müddət yaratdığı biznesini sirr saxlayan Sara Danka şirkətində çalışaraq məhsulun marketinqi, reklamı və PR üçün vəsait toplamağa çalışırdı. Onun üçün ən böyük uğur Opra Uinfrinin stilisti, daha sonra isə aparıcının özü ilə təsadüfi görüşü olur ki, Opra qaməti gözəlləşdirən Spanx məhsulundan heyrətə gəlir və onu 10 funt arıq göstərən Spanx məhsulunu 2000-ci ildə milyonlarla auditoriya qarşısında ilin ən yaxşı məhsulu elan edir.
Məhz bundan dərhal sonra Sara öz saytını yaradır və orada məhsullarını satışa buraxır, ilk ildə satışlardan 4 milyon, daha sonra 10 milyon dollar vəsait qazanır.
Daha sonra isə biznesi getdikcə daha da genişlənir. Hazırda Fobes-a görə onun sərvəti 1 milyard dollar təşkil edir.
Fed.az redaksiyası olaraq ümid edirik ki, bu ilhamlandırıcı xanım simaların həyat və uğur hekayələri, onların məqsədyönlülüyü sizə də öz müsbət təsirini göstərəcəkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.