Azərbaycanda fəaliyət göstərən xarici şirkət və iş adamları ölkədə biznes mühitinə mane olan halları aradan qaldırmaq üçün qanunvericiliyinə çoxsaylı dəyişikliklərin edilməsini təklif ediblər.
FED.az xəbər verir ki, xarici investisiyalı biznes hazırda qüvvədə olan bir sıra qanunlara dəyişiklik edilməsini, bəzi sahələrlə bağlı yeni qanunların qəbulunu, müxtəlif sahələrə aid tənzimlənmə qaydalarına yenidən baxılmasını istəyirlər.
Bu təkliflərlə Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) çıxış edib. Yeni təkliflər təşkilatın iki ildən bir hazırladığı ənənəvi «Ağ səhifə» sənədində əksini tapıb. Qeyd edək ki, Palata bu sənədi 2020-ci ildə təqdi etməliydi, amma pandemiya səbəbindən təkliflər 2021-ci ildə açıqlanıb.
«Uzun müddət ərzində toplanmış və qiymətləndirilmiş məlumatlara əsaslanaraq, biz, ölkəmizin biznes mühitinin daha da inkişaf etdirilməsinə xidmət edəcək aşağıdakı məsələləri vurğulamaq istərdik»-deyə təşkilatın açıqlamasında bildirilir. Dəyişiklik təklif olunan qanunlar və qaydalar aşağıdakılardır:
1. Lombard və icarə haqqında qanunların qəbul edilməsi;
2. Əmanətlərin sığortalanması üzrə uzunmüddətli strategiyanın elan edilməsi;
3. COVID-19-un iqtisadiyyata mənfi təsiri nəzərə alınmaqla əks-dövri tənzimləmənin qəbul edilməsi;
4. Ödəmə kartlarının verilməsi və istifadəsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının qaydalarının təkmilləşdirilməsi;
5. Mobil operatorların hesabat qurumu kimi qəbul edilməsi;
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təkmilləşdirilməsi;
7. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi;
8. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi;
9. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Repsublikasının Qanununun təkmilləşdirilməsi;
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təkmilləşdirilməsi;
11. Depozit qutuları ilə bağlı yaranan münasibətləri tənzimləyən normativ bazanın yaradılması;
12. “Elektron imza və elektron sənəd haqqında” Qanununun təkmilləşdirilməsi;
13. “Fərdi məlumatlar haqqında” Qanununun təkmilləşdirilməsi;
14. “Nağdsız hesablaşmalar haqqında” Qanununun təkmilləşdirilməsi;
15. Rəqəmsal inkişaf strategiyası;
16. Startapların inkişafına töhfə verən tədbirlər;
17. Yerli texnoloji həll və innovasiyaların milli reyestrinin yaradılması;
18. Rəqəmsal mühitin normativ tənzimlənməsi;
19. Avropa İttifaqının Ümumi Məlumatın Mühafizəsi Qaydalarının tətbiqinin təmin edilməsi;
20. “Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Qanun layihəsinin təkmilləşdirilməsi;
21. Əmək Məcəlləsinin təkmilləşdirilməsi;
22. İşçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi;
23. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması;
24. Hakimlərin və məhkəmələrin ixtisaslaşması;
25. Dövlət orqanları ləğv edilərkən hüquq varisliyi;
26. Dövlət satınalmaları qanunvericiliyinin təkmilləşdirilməsi;
27. Dövrü iqtisadiyyat konseptinin milli iqtisadiyyata inteqrasiya edilməsi;
28. Azərbaycan istehsalı məhsullarının və xidmətlərinin beynəlxalq bazarlara girişini təmin etmək üçün beynəlxalq standartların biznes proseslərinə inteqrasiya edilməsi;
29. Bizneslərin dayanıqlı inkişaf prinsipləri istiqamətində anlayış və biliklərinin dəyərləndirilməsi və inkişaf etdirilməsi;
30. İdxal-ixrac əməliyyatları ilə bağlı məsələlər;
31. Əmək haqqı ödənişlərindən tutulmalar;
32. Əlavə dəyər vergisi ilə bağlı məsələlər;
33. Mənfəət vergisi ilə bağlı məsələlər;
34. Vergi inzibatçılığına dair məsələlər;
35. Hava nəqliyyatının liberallaşdırılması təcrübəsi;
36. Vizadan azad olunma və miqrasiya məsələləri;
37. Turizm infrastrukturuna giriş və ondan istifadənin təkmilləşdirilməsi; və s.