Xəbər verildiyi kimi, Azərbaycanın Vergi Məcəlləsinə mühüm dəyişiklik edilir. Hazırda Milli Məclisdə təsdiqlənmə prosesində olan yeni qanun layihəsinə əsasən Azərbaycandan olan müştərilərə internetlə satış edən ticarət qurumları ƏDV-yə cəlb olunacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinin 33-cü maddəsi (Vergi ödəyicilərinin uçotu) yeni redaksiyada veriləcək.
İndiyədək Maddə 33-də deyilirdi ki, Azərbaycan vətəndaşları və şirkətlərinə internetlə mal satan xarici şirkətlərin ƏDV qeydiyyatına alınması, ƏDV bəyannaməsi təqdim etməsi və ƏDV ödənilməsi qaydasını müvafiq dövlət qurumu həyata keçirir. İndi isə yeni dəyişikliyə əsasən, maddədə birbaşa yazılıb ki, internetlə Azərbaycan vətəndaşlarına elektron ticarət xidməti göstərən qeyri-rezidentlər (yəni xarici şirkət və şəxslər) illik dövriyyələri 10 000 dolları keçirsə, 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalı və vergi ödəməlidirlər.
Başqa sahələrlə qarışıq salanmasın deyə, həmin maddədə göstərilir ki, bu tələb, internetlə göstərilən başqa xidmətlərə, məsələn, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin göstəridməsinə, eləcə də təhsil, idman və əyləncə tədbirlərinə bilet satılmasına aid deyil. Maddədə belə şəxslərin ƏDV ödəyicisi olacağı göstərilir.
Başqa sözlə, ölkəyə internetlə elektron ticarət xidməti göstərən xarici təşkilatlar Azərbaycanda ƏDV ödəməli olacaqlar, bu isə xaricdən alınan malların qiymətini artıra bilər.
«Azərbaycanda rəqəmsal xidmətlər və onlayn satışlarla bağlı Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər artıq rəsmi mərhələni keçib. Milli Məclisdə müzakirə olunan və üçüncü oxunuşda qəbul edilən bu dəyişikliklər, xüsusilə xarici onlayn platformalardan alış-veriş edən istehlakçılar üçün qiymət artımı riskini gündəmə gətirir».
Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında marketoloq, iş adamı Elxan Mərdanlı deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən, Azərbaycana satış edən qeyri-rezident onlayn platformaların (məsələn “Temu”, “Trendyol”, “AliExpress” və s.) illik dövriyyəsi 10 min dolları keçərsə, onlar mütləq şəkildə Azərbaycanda vergi uçotuna düşməli və satdıqları mal və xidmətlərə görə ƏDV-ni birbaşa Azərbaycan dövlət büdcəsinə ödəməlidirlər, qeydiyyatdan keçməsələr, Azərbaycanda fəaliyyət göstərə bilməyəcəklər.
Geyim ticarəti üzrə sahibkarlıqla məşğul olan Elxan Mərdanlı xaricdən alıan mallar üçün ƏDV-nin tətbiqini düzgün sayrı və bunun daha ədalətli vergi mühiti yaratdığını bildirir: «Yerli mağaza ƏDV ödəyirsə, xarici platforma da ödəməlidir. Bu, daxili bazarı qoruyan və rəqabəti balanslaşdıran addımdır. Amma məsələnin digər tərəfi də var, yenilikdən sonra ƏDV birbaşa satış qiymətinin üzərinə gələcək. Yəni praktikada bu vergi yükünü yenə də son istehlakçı — alıcı ödəyəcək. Nəticə isə sadədir - onlayn alış-veriş bahalaşacaq. İndiyə qədər bir çox istehlakçı üçün xarici platformalar daha ucuz alternativ rolunu oynayırdı. Yeni qaydalar qüvvəyə mindikdən sonra isə bu üstünlük xeyli dərəcədə zəifləyə bilər».
İş adamı bu qərardan sonra Azərbaycana mal satan xarici platformaların bu bazardan çıxacağını da istisna etməyib: «Burada bir risk də var, Azərbaycan bazarı bəzi iri platformalar üçün nisbətən kiçik həcmli bazar hesab oluna bilər. Əgər əlavə vergi və inzibati öhdəliklər onların biznes modelini cəlbedici etməzsə, bəzi platformalar ölkədə rəsmi vergi uçotuna düşməkdən imtina edib, fəaliyyəti məhdudlaşdıra və ya ümumiyyətlə bazardan çəkilə bilərlər.
“Bu dəyişikliklər vergi ədaləti və bazarda bərabər rəqabət baxımından məntiqli görünür. Yəni yerli biznes üçün müəyyən mənada müsbət addımdır. Amma istehlakçı üçün nəticə aydındır - onlayn alış-veriş artıq əvvəlki kimi ucuz olmayacaq. Oyun qaydaları dəyişir və bu dəyişikliklərin bazara real təsirini yaxın aylarda daha aydın görəcəyik», - deyə o, əlavə edib.
İş adamı deyir ki, bu dəyişikliklər yerli bazarı qorumaq üçün atılıb, amma yerli bazarı təkcə vətəndaşların imkanlarını məhdudlaşdırmaqla olmur, yerli biznesə əlavə güzəştlər də lazımdır. «Məsələn, qonşu Türkiyədəki kimi ƏDV-ni differensiallaşdırmaq olar, Gürcüstanda isə gömrük rüsumu yoxdur, mənfəət vergisi var. Bank zəmanəti ilə alınan malların gömrük rəsmiləşdirilməsinə köməklik göstərilə bilərlər. Bunlarla bağlı sənədlər olsa da, amma icrası və prosedurları çox qəlizdir. Məsələn bizim yerli bankların bank zəmanətini müvafiq qurumlara təqdim edə bilmirik, çünki inteqrasiya ilə bağlı problemlər var. Bundan başqa, ölkəyə gətirilən mallar satılmırsa və onu geri qaytarırıqsa, dövlət büdcəsinə ödədiyimiz pullar batır. Ümumiyyətlə, sahibkarlara verilən dəstəklər, imtiyazlar olmalıdır ki, sahibkar ayaqda qala bilsin».











