Xalis sərvət nədir?
Xalis sərvət – iqtisadi vəziyyətinizi və ilbəil ümumi maliyyə artımınızı ölçmək üçün çox vacib bir alətdir. Xalis sərvət sadə şəkildə desək, aktivlərinizlə öhdəlikləriniz arasında olan fərqdir. Başqa sözlə, sizə məxsus evin dəyərindən tutmuş bankdakı pulunuza qədər sahib olduqlarınızı cəmləyirsiniz və bu məbləğdən ipoteka, avtomobil krediti, istehlak krediti və ya digər kreditlər daxil olmaqla bütün borclarınızı çıxırsınız.
Xalis sərvətin hesablanmasının arxasındakı nəzəriyyə
Nəzəri olaraq, xalis sərvətiniz sizə məxsus olan hər şeyi sataraq borclarınızı ödədikdən sonra sizə qalan məbləğdir. Bəzi hallarda, bu rəqəm mənfi ola bilər. Bu da o deməkdir ki, sizin öhdəlikləriniz aktivlərinizdən çoxdur. Bu yaxşı bir vəziyyət olmasa da, universiteti yenicə bitirmiş və ya karyerasında ilk addımları atanlar üçün normal bir şeydir.
Faktiki olaraq, hər hansı ideal xalis sərvət məbləği mövcud deyil, lakin siz xalis sərvət məbləğindən istifadə edərək illik inkişafınızı izləyə (ümid edək ki, hər il artım olacaq) bilərsiniz.
Xalis sərvəti necə hesablayaq?
Xalis sərvəti hesablamaq sadə proses kimi görünsə də, sizin cari aktivlər və öhdəliklərlə bağlı bütün informasiyanı toplamağınız vacibdir. Bir çox maliyyə məsləhətçiləri öz müştərilərinə bütün maliyyə aktivlərini və öhdəliklərini ildə ən azı bir dəfə yeniləməklə bu məlumatları şəxsi komputerlərində saxlamağı məsləhət görürlər.
Bu tipli informasiyanı toplamaq və qaydaya salmaq ilk dəfə sıxıcı bir iş kimi görünsə də, bu sizə istədiyiniz anda lazım olan informasiyanı əldə etməyə imkan verəcək. Xalis sərvəti hesablamaq üçün sadə maliyyə informasiyasına ehtiyac duyulur. Gəlin başlayaq:
Aktivlərinizi hesablayın
- Ən böyük aktivlərinizi siyahıya almaqla başlayın. Bir çoxları üçün bu evin dəyəri, hər hansı daşınmaz əmlak və ya avtomobil ola bilər. Biznes sahibi üçün isə, bu siyahıya sahibkarın biznesinin dəyəri (bunu hesablanmaq daha mürəkkəbdir) daxil olacaqdır. Ən son bazar qiymətlərindən istifadə etdiyinizdən əmin olun.
- Daha sonra, likvid aktivlərlə bağlı məlumatları toplamaq lazımdır. Likvid aktivlərə nağd pul, bankdakı depozitlər və ya broker hesabları kimi investisiyalar daxildir.
- Son olaraq, dəyərli şəxsi əşyalarınızı siyahıya daxil edə bilərsiniz. Bunlara dəyərli cəvahirat (qızıl, gümüş, brilyant və s.), sikkə kolleksiyaları, musiqi alətləri və s-ni misal göstərmək olar . Hər şeyi siyahıya almağınıza ehtiyac yoxdur, dəyəri 100 manatdan aşağı olanları siyahıya salmasanız da olar.
- İndi isə, öncəki 3 addımda siyahıda qeyd edilmiş bütün aktivlərin dəyərlərini toplayın. Toplanacaq rəqəm sizə ümumi aktivlərinizi verəcək.
Öhdəlikləri hesablamaq
- Yenə də, ipoteka krediti və ya avtomobil krediti kimi əsas borcları siyahıya əlavə etməklə başlayın. Bu borcları siyahıda qeyd edən zaman, onların qalıq dəyərlərini əsas götürün.
- Daha sonra, kredit kartlarınızdakı balansı, tələbə kreditləri və ya sizin borcunuzun olduğu hər hansı digər borcları qeyd edin.
- İndi isə, yuxarıda qeyd etdiyiniz bütün öhdəliklərinizi toplayın. Bu rəqəm sizin ümumi öhdəliklərinizdir.
Xalis sərvəti hesablamaq
- Xalis sərvəti hesablamaq üçün, ümumi aktivlərdən ümumi öhdəlikləri çıxın. Bu tapşırıq üçün, rəqəmin nə qədər böyük və ya kiçik olmasının fərqi yoxdur. Rəqəmin mənfi olması da sizi narahat etməsin. Xalis sərvətiniz gələcəkdəki maliyyə vəziyyətinizi müqayisə etmək üçün başlanğıc nöqtədir.
- Bu prosesi heç olmazsa ildə bir dəfə təkrar edin və ötən ildəki rəqəmlə müqayisə edin. İki ili müqayisə etməklə, inkişaf etdiyinizi və ya məqsədlərinizdən geridə qalmağınızı müəyyən edə bilərsiniz.
Xalis sərvətin hesablanması ilə bağlı sonuncu məsləhət:
Aktiv və öhdəliklərinizi qiymətləndirən zaman (əsasən də, ev və avtomobilin qiymətləri ilə bağlı) konservativ olun. Böyük aktivlərin dəyərini lazım olandan artıq şişirtmək kağız üzərində qəşəng görsənə bilər, lakin bu xalis sərvəti düzgün hesablamağa imkan verməyəcək.
Moneta.az