Azərbaycanda koronavirus dalğasının ilk günlərində ölkədə ərzaq qıtlığı təhlükəsi yaranmaması üçün hökumət iri ticarət şirkətlərinə iri həcmdə ərzaq ehtiyatı yaratmaq barədə göstəriş verib və bu məqsədlə onlara böyük həcmdə güzəştli kreditlər ayırıb.
Eləcə də bax: «Veysəloğlu», «Araz», «Oba» necə yarandı? – Aydın Talıbov Şirkətinin Sirlərini Açdı
Bu barədə FED.az-a «Veysəloğlu» Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov məlumat verib.
Xatırladaq ki, koronavirusun yayıldığı ilk həftələrdə bütün dünyada təşviş yaranmışdı və hətta bəzi ölkələr ərzaq qıtlığı yaranacağından ehtiyat edərək xaricə ərzaq ixracını azaltmağı qərara almışdılar. Nəticədə koronavirus təhlükəsinə ərzaq qıtlığı problemi də əlavə olunmuşdu.
Azərbaycanda bu problemlərin qarşısını vaxtında almaq və ölkədə lazımi ərzaq ehtiyatı yaratmaq üçün hökumət xaricdən ərzaq idxalı ilə məşğul olan ticarət şirkətlərinə tapşırıq verib
«Doğrudan da, həmin vaxt qeyri-müəyyənlik vardı, hamı sərhədləri bağlayırdı, pandemiya ilə əlaqədar olaraq bəzi ölkələr strateji qida məhsullarının ixracına qadağalar qoymuşdular və vəziyyətin necə dəyişəcəyi bilinmirdi. Biz bu mövzunu hökümət rəhbərləri ilə müzakirə edib həllinə çalışırdıq. Pandemiyanın ilk günlərində hökümətin rəsmi nümayəndələri ilə birlikdə gecə-gündüz bu məsələ müzakirə olundu, qərar qəbul edildi və addımlar atıldı».
Aydın Talıbov bildirib ki, 2020-ci ilin mart-aprel aylarında hökumət bütün iri şirkətləri toplayaraq onlara ölkənin 2 aylıq ərzaq ehtiyatını yaratmağı tapşırılıb, buna görə şirkətlərə böyük məbləğdə güzəştli kreditlər də ayrılıb:
«Hökumət bildirdi ki, iki aylıq ehtiyat toplayın. Hər kəsə çox cüzi faizlə kreditlər də verildi. Strateji məhsulların ehtiyatı artırıldı. Bu məsələdə şirkətlər də təşəbbüs göstərdilər. Məsələn, biz, öz anbar ehtiyatlarımızın da əlavə iki aylıq ehtiyatını yaratdıq. Hökumət vaxtında müdaxilə edərək bu təhlükəni sovuşdurdu».
Şirkət rəhbəri FED.az-a bildirib ki, belə böyük həcmdə ərzağın ölkəyə gətirilib saxlanmasına anbar yerləri də imkan verib: «Allahın köməkliyi ilə iş elə gətirdi ki, həmin vaxt bizim yeni anbarımız da hazır olmuşdu və yerimiz çox idi. Həmin vaxt bəzi xərcləri öz üzərimizə götürdük, ərzağın saxlanması xərcləri vardı - aylıq böyük rəqəmlərdir, faizlər və sair».
Şirkət rəhbəri bildirib ki, bu addımlar ölkədə ərzağın qiymətini də nəzarətdə saxlamağa imkan verdi.
FED.az-ın əldə etdiyi məlumata görə, ərzaq təhlükəsziliyinin təmin edilməsi məqsədilə iri şirkətlərə Mərkəzi Bankın xətti ilə təqribən 320 milyon manat güzəştli kredit ayrılıb.