Bu ay Birinci Dünya müharibəsinə son qoymuş Versal Müqaviləsinin 100 illiyi qeyd ediləcək. Müəyyən mənada yerlər dəyişib. Müqavilə Almaniyanın üzərinə böyük təzminat yükü qoysa da, bugünkü Almaniya avro bölgəsindəki Yunanıstanın boynuna böyük borc öhdəliyi ilə xaltalamağı bacarıb.
1919-cu ildən etibarən kreditorlarla borcluların kartları dəyişdirməsinə baxmayaraq, oyun eyni qalır. Kreditorlar pullarını geri almaq və borclular onu verməkdən yayınmaq istəyirlər. Borclular borclarının bağışlanmasına ümid edir, kreditorlar isə “mənəvi təhlükə” ilə üzləşir və borclu ölkələri daha da zəiflədən qeyri-sabitlik və digər yoluxucu təsirləri görmürlər.
Təəssüf ki, Avrozona Versalın borc dərslərini almayıb və Con Meynard Keynsin xəbərdarlıqlarına diqqət yetirməyib.
Birinci Dünya müharibəsi başa çatdıqdan sonra qalib müttəfiqlər qərara gəliblər ki, Almaniya müharibədə yaranan zərəri – onların qarşılıqlı borclarını ödəmək üçün təzminat ödəməlidir. Ancaq Versalda təzminatın son rəqəmi ilə bağlı razılığa gəlinməyib, bunun əvəzinə, 1921-ci ilə qədər məbləği müəyyənləşdirmək üçün Təzminat Komissiyası yaradılıb.
Məsələnin nüvəsi Almaniyanın müttəfiq hərbi işğalı olmadan nə qədər ödəyə biləcəyi idi. 1919-cu il polemikasında “Sülhün iqtisadi nəticələri” ilə Keyns bildirib ki, Almaniya istehlakını məhdudlaşdırdığı təqdirdə, ehtimal ki, ticari balans profisiti illik 250 milyon ABŞ dolları və ya milli gəlirin 2%-i olacaq, yəni 30 ildə 7,5 milyard dollar.
1921-ci ilin mayında Təzminat Komissiyası Almaniya üçün 33 mlrd. dollarlıq təzminat müəyyən edib. Lakin sərmayə məbləği səmərəli olaraq təxminən 12,5 milyard dollara endirilib və illik ödənişlər 350 milyon dollara çatdırılıb.
Bu hiylə Almaniyadan üç istiqraz buraxmaq tələb edirdi, amma yalnız ilk iki (A və B klass) istiqraz üzrə ona faiz və əsas borcu ödəmək öhdəliyi qoyulurdu. “C” istiqrazları sonradan yaradılıb.
1920-ci illərdə qondarma alman borcu daim gündəmdə saxlanılıb. Əslində, Almaniya da real borcunu ödəməyə hazır deyildi və yalnız yeni kreditlər almaqla bunu edib.
1926-cı ildə Keyns təəccüblü bəyanat verib: “Birləşmiş Ştatlar Almaniyaya pul verir; Almaniya müttəfiqlərə pul köçürür, müttəfiqlər onu Birləşmiş Ştatlara qaytarırlar. Həqiqi bir şey baş vermir”.
Sonra “Wall Street” iflas edib və Böyük Depressiya başlayıb. Almaniyaya xarici kreditlər axını quruyub. Vergiləri artırmaq və dövlət xərclərini azaltmaqla, Almaniya 1929-1931-ci illər arasında illik borc ödənişlərini icra edib, müsbət profisit meydana gəlib. Eyni zamanda, alman iqtisadiyyatı 25% nisbətində azalıb, işsizlik isə 35%-ə yüksəlib. Kansler Henrix Brüninqin “icraçı” siyasəti sadəcə borcları ləğv edən Adolf Hitler üçün yol açıb.
Avrozonadakı bugünkü borc şəraiti Birinci Dünya müharibəsindən sonrakı Avropa ilə paraleldir.
2008-ci ildəki qlobal maliyyə böhranı ərəfəsində Cənub Avropa ölkələri riskli tikinti layihələrini maliyyələşdirmək üçün şimal banklarından, əsasən, Almaniyadan borc götürüb. Bum davam edərkən, pullar axıdılıb. Lakin ABŞ-da başlayan böhran Avrozonaya çatdıqda, şimal bankları yeni kreditlər verməkdən imtina, yəni Cənubi Avropa hökumətlərini öz bank sektorlarını xilas etməyə vadar edib.
Yunanıstan bu vəziyyətin ən birinci qurbanı idi. 2009-cu ildə ölkənin büdcə kəsiri ÜDM-in 15% -ini təşkil edib, milli borc ÜDM-i 100%-ini adlayıb və on illik Yunanıstan istiqrazları 35%-dən çox ucuzlaşıb.
2010-cu ildə Yunanıstan hökuməti defoltun astanasında idi. Şimal bankları, əsasən, Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasının “üçlüyü” 240 milyard avro (269 milyard dollar) kredit xətti ilə birlikdə, geri ödəmə müddətini genişləndirməklə, qismən borcların yenidən qurulmasına razılıq verib.
Bu maliyyələşdirmə Yunanıstan hökumətinə faiz ödənişlərini icra etməyə imkan verib, lakin sərt qənaət şərtləri: yüksək vergilər, dövlət xərclərinin (xüsusilə təqaüdlərin) azaldılması, minimum əmək haqqının və kollektiv müqavilənin ləğv edilməsi, aktivlərin satışı ilə müşayiət olunub. Nəzəri olaraq, həmin tədbirlər Yunanıstanın borcunu ödəməyə imkan verəcək ticarət artığını təmin edəcək.
2010-2015-ci illər arasında Yunanıstan hökuməti, Brüninqin depressiya dövründəki hökuməti kimi, “icra” siyasəti yürüdüb. 2015-ci ilin yanvar ayında seçicilər, nəhayət, üsyan qaldırıb, Siriza Partiyasının başçılığı altında solçu hökuməti seçib. Avqust ayına qədər Yunanıstan 85 milyard avro məbləğində yeni kredit ala bilmək üçün zəruri qənaət tədbirlərini tətbiq edib.
2010-cu ildən Yunanıstan 300 milyard avro borc götürüb. 2019-cu ilin yanvar ayından, 2060-cı ilədək uzanan müddət cədvəli üzrə, 41,6 milyard avronu qaytarıb.
Rəsmi borc verənlər real pullarını geri ala bilməyəcək, çünki yunan istiqrazlarının böyük hissəsi, Almaniyanın 1920-ci illərinin “C” istiqrazları kimi, qondarmadır. Bunun əvəzinə, kreditor ölkələrdə vergiödəyiciləri daha yüksək vergilər və sosial xərclərin azalması ilə üzləşəcək.
Ortodoks fikir Yunanıstanda qənaətin işlək olmasıdır. Özəl kreditlərdən məhrum olan ölkə bütövlükdə, büdcəsini balanslaşdırıb və altı ildə ticari defisitdən profisitə keçib.
Amma kəmərsıxma baha başa gəlib. 300 min yunan dövlət məmuru işdən qovulub, iqtisadiyyat 25% kiçilib, işsizlik səviyyəsi isə 25% (gənclərin arasında işsizlik 60% -dən çoxdur) artıb. Evsizlik, köç və intihar artıb. Yunanıstanın borcu ÜDM-in 100%-dən 170%-inə yüksəlib və borc ödənilməyənə qədər kreditorlar karteli ölkənin iqtisadi siyasətini idarə edəcək.
Keyns 1919-cu ildə yazırdı: “Milyonlarla insanın həyatını alçaltmaq və bütün xalqı xoşbəxtlikdən məhrum etmək siyasəti nifrətamiz və xəyanətkadır”. Daha sonra o, iddia edirdi ki, qənaətli iqtisadiyyat da yanlışdır: bir ölkədə gəlirlərin azalması başqa bir ölkədə əksini tapır, depressiya yayılır və tənəzzüldən çıxış gecikir və ya zəif olur.
Bu iki hekayətdən çıxan nəticə budur ki, ölkələr kreditor-borclu münasibətləri ilə bir-birinə bağlanmaqdan çəkinməlidir. Əgər bu mümkün deyilsə, sosial və siyasi sülhün qorunması üçün kreditorlar və borclular arasında ədalətli sövdə olmalıdır. Avrozona bu dərsləri yenidən öyrənməyə məcburdur.
@Strateq.az