Vergi Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər əhalini və vergi ödəyicilərini yeni qaydalarla daha yaxından tanış etmək tələbatı yaradıb. Bunu nəzərə alaraq FED.az vergi qanunvericiliyinin izahatı və sadə şəkildə əhaliyə çatdırılması üzrə fəaliyyətini davam etdirir.
Hansı vergi sərfəlidir- 2%, yoxsa 20%?
Məcəlləyə bu dəfə edilən ən maraqlı və mühüm yeniliklərdən biri sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı yeni tələblər olub. Həmin tələblərə görə, indiyədək sadələşdirilmiş vergi rejimində olan bəzi vergi ödəyiciləri bundan sonra gəlir vergisi ödəyicilərinə çevrilməli və vergini 20% dərəcə ilə ödəməli olacaqlar.
Bu dəyişiklik kimlərə aid olacaq? Vergini daha sərfəli dərəcə ilə ödəmək üçün nə etmək lazımdır?
Bu sualların sadə izahını FED.az-a iqtisadiçı ekspert Rauf Qarayev təqdim edib.
Fikir verin – kimə nə satırsınız…
Vəziyyətin sadə şəkildə izahı belədir:
Əgər sən hər hansı bir məhsulu, məsələn, südü əhaliyə satırsansa - sadələşmiş vergi ödəyicisi olursan. Həmin südü marketə satırsansa, gəlir vergisinin ödəyicisi olursan.
Yəni gəlirindən 2 faiz vergi tutulmasını istəyirsənsə, malı bazarda əhaliyə, 20 faiz tutulmasın istəyirsənsə malı marketə sat.
Bəs market necə etsin ki, 20 faiz yox, 2 faiz vergi ödəsin?
Bunun asan yolu, pərakəndə ticarət obyektlərində (marketdə) malları iki formada satmaqdır.
Yəni marketlərdə malların satışı nəzarət-kassa aparatı və POS-terminalı ilə həyata keçirilir. Belə obyektlərdə malların satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki verilir.
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilir.
Vergi Məcəlləsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Sadə desək pərakəndə mal satan market yalnız əhaliyə (vergi uçotunda olmayan şəxslərə) xidmət göstərməlidir ki, 2 faizin üzvü olsun.
Əgər market malı topdan satırsa?
Bu halda ümumiyyətlə sadələşmiş vergi ödəyicisi ola bilməz. Sadəcə 200 min az gəliri olduqda gəlir vergisi və ya mənfəət vergisi (hər iki halda 20 faiz) ödəməlidir. 200 min manatdan yuxarı gəliri varsa o halda 18 faiz də 20 faizin üzərinə gəlir.
Misal: Şəxs bazarda ayda süddən 700 manat gəlir əldə edir: Nazirlər Kabinetinin gərarına əsasən, mikrosahibkar sayılır. Çünki işçi sayı 1-10 arası olan və gəliri 0-200 000 manatadək olan şəxs mikro sahibkar sayılır. Belə olan halda 700*2% = 14 manat gəlir vergisi ödəməlisən.
Bazarda südü marketə satırsansa o halda olursan gəlir versinin ödəyicisi
Misal: Şəxs Vergi Məcəlləsinin 218.5.10 maddəsinə əsasən marketə xidmət göstərdiyinə görə sadələşmiş vergi ödəyicisi ola bilməz. Bazarda süd satan fiziki şəxs olduğundan gəlir vergisinin ödəyicisi olaraq, öz gəlirindən 20 faiz vergi ödəməlidir. Amma mikro sahibkar meyarlarına uyğun gəldiyindən, vergi məcəlləsinin tələblərinə əsasən ona 75 faiz (105.1.18 maddə) güzəşt ediləcək. Yuxarıdakı misalı davam edək. Şəxs süddən 700 manat gəlir əldə edib. Onun Vergi Məcəlləsinin 108 maddəsinə əsasən 100 manat xərci çıxıb. Bu halda 700-100 = 600 *75% = 450 manat güzəşt olunacaq. 600-450 = 150 manat *20% (gəlir vergisinin dərəcəsi) = 30 manat gəlir vergisi ödəyəcək.
Market necə etsin ki, 20 faiz yox 2 faiz vergi ödəsin?
Bunun asan yolu, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər və sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərə bilər.
Sadə desək pərakəndə mal satan market yalnız əhaliyə (vergi uçotunda olmayan şəxslərə) xidmət göstərməlidir ki, 2 faizin üzvü olsun.
Misal: Pərakəndə satışla məşğul olan market, əhaliyə ay ərzində 30 000 manatlıq mal satıb. Bunu nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirib. Belə olan halda 30 000 * 2% = 600 manat adələşmiş vergi ödəyəcək.
Əgər market malı topdan satırsa bu halda necə?
Vergi Məcəlləsinin tələblərinə əsasən topdan satışla məşğul olan market, sadələşmiş vergi ödəyicisi ola bilməz (218.5.10). Yəni ya topdan mal satmalıdır ya pərakəndə. İkisi bir yerdə ola bilməz.
Fiziki şəxs olduqda gəlir vergisi, hüquqi şəxs olduqda mənfəət vergisi ödəyicisi sayılırlar. İkisinində vergi dərəcəsi 20 faizdir. Market hüquqi şəxs olduğundan 20 faiz mənfəət vergisi tutulmalıır.
Misal: Ayda 20 000 manat gəlir əldə edib. Bu halda 20 000 *20% = 4000 manat mənfəət vergisi ödəyəcək.
Misal: Ayda 300 000 manat gəlir əldə edib. Bu halda onun gəliri 200 000 manat həddini keçdiyi üçün əlavə dəyər vergisinə də cəlb olunacaq. Yəni market həm mənfəət vergisi (20 %) həm də Əlavə Dəyər Vergisi (18%) ödəyəcək.
300 000 * 20% = 60 000 manat mənfəət vergisi
(300 000/118)*18 = 45 763 manat ƏDV ödəyəcək.
Ümumilikdə 45 763 + 60 000 = 105 763 manat vergi ödəniləcək.
FED.az saytı üçün, iqtisadçı-ekspert Rauf Qarayev