Azərbaycanda vergi qanunvericiliyinin köklü surətdə yenilənməsinə baxmayaraq vergi sahəsində ciddi problemlər hələ də qalır. Bu barədə FED.az-a məlumat verən vergi eksperti Vəli Əliyevin sözlərinə görə, hazırda ölkə məhkəmələrində vergi mübahisəsi ilə bağlı çoxsaylı işlərə baxılmaqdadır. Problemi yaradan əsas səbəblər vergi xidməti tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi, bəzi hallarda isə qanuna zidd addımlar atmasıdır.
Eləcə də bax: Vergilər 236 milyon manat artıq vəsait toplayıb – RƏSMİ AÇIQLANDI
V.Əliyev bildirir ki, bu hallara vergilərin əsassız hesablanması, ƏDV depozit hesablarına əsassız olaraq blok qoyulması, bəyannamələrin qeydə alınmaması, şikayətlərə vaxtında və düzgün baxılmaması, eləcə də, vergi orqanının işindən şikayət edilməsinə imkan verilməməsi üçün istifadə edilən üsullar aiddir.
Eləcə də bax: Mindən artıq şəxs vergi borcuna görə ölkədən çıxa bilmir
Bankdan nağd pulun çıxarılması əsl problemdir
Ekspertin sözlərinə görə, hazırda iş adamlarının ən çox rastlaşdığı problemlərdən biri bank hesablarından vəsaitin çıxarılması ilə bağlıdır. Banklar heç bir əsas olmadan, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Vergilər Nazirliyinin göstərişini əsas gətirərək nağd pulu çıxarılmasına icazə vermirlər: «Təsəvvür edin, mən şirkət və ya fiziki şəxsəm, bank hesabımda pul var. Bu pulun mülkiyyətçisi və bankın müştərisiyəm. Mülki Məcəllənin 954-cü maddəsinə əsasən "bank, hesaba daxil olan pul vəsaitini qəbul etmək, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirmək bankın borcudur. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində məhdudiyyətlər qoya bilməz." Sadə dillə desək bankın vəzifəsi odur ki, hesabımdakı pul ilə bağlı mənim tapşırığıma əməl edib xidmət haqqı alsın. Amma mən bu pulu nağd şəkildə çıxarmaq və ya köçürmək istəyərkən qadağa ilə üzləşirəm».
Pulumu kassada və ya seyfdə saxlamağımın qanuna aidiyyatı yoxdur
Ekspert bildirir ki, banklar eyni zamanda «Nağdsız hesablaşmalar haqqında» Qanunu əsas göstərsələr də bu düzgün deyil: «Adı çəkilən qanun başqa məsələləri, daha dəqiqi, vergi ödəyicilərinin öz arasındakı hesablaşmaları tənzimləyir. Yəni, bu qanun mənim öz bank hesabımdakı pulu götürməyimi, şirkətin kassasında və ya bankdakı seyfdə saxlamağımı, ya da o pulla xeyriyyə ilə məşğul olmağımı tənzimləmir».
V.Əliyev deyir ki, sözügedən qanun bir ay ərzində yalnız 15 (və ya 30) min manatdan artıq məbləğin digər şəxsə nağd ödənilməməsinə tələb qoyur: «Hətta qadağan da etmir, sadəcə tələb qoyur və bildirir ki, belə hall olsa, bu məsuliyyətə (maliyyə sanksiyasına) səbəb olur. Amma buna baxmayaraq qanunsuz şəkildə bank hesabından pulun çıxarılması qadağan edilir».
Fəaliyyətini dayandırmış sahibkarlara da vergi hesablanır
Vergilərlə bağlı digər problem, fəaliyyətini dayandırmış ödəyicilərə vergi hesablanmasıdır. Vergi Məcəlləsinə görə, fəaliyyətini dayandırmış ödəyicilərə vergi hesablanmamalıdır: «Hesab edək ki, hansısa MMC 2017-ci ildə fəaliyyətini 4 illik müddətinə dayandırıb. Qanunvericilik, daha dəqiqi Vergilər Məcəlləsinin 67.8-ci maddəsi deyir ki, şəxs fəaliyyətin dayandırıbsa və bu barədə vergi xidmətinə xəbər veribsə, vergi xidmətinin hüququ yoxdur ki, fəaliyyətini dayandırdığı dövrdən sonrakı dövr üçün ona vergi hesablasın». Vergi Məcəlləsinin tələbinə baxmayaraq hazırda fəaliyyətini dayandırmış ödəyicilərə vergi hesablanmaqdadır: «Bu gün fəaliyyətini dayandırmış vergi ödəyicilərinə kütləvi sürətdə vergi hesablanr, onlara bildirişlər və qərarlar göndərilir».
Dəqiqləşdirilmiş vergi bəyannamələri mexanizmi işləmir
Vergi ödəyiciləri üçün ciddi problem yaradan növbəti məsələ vergi bəyannamələrinin dəqiqləşdirilməsi ilə bağlıdır: «Tutaq ki, vergi ödəyicisi, yanvar ayında vergi xidmətinə bəyannamə təqdim edir və şərti olaraq 100 manat vergi ödəyəcəyini bildirir. Amma vergi orqanı öz mənbələrindən aldığı məlumatlar əsasında hesablayır ki, vergi ödəyicisi 100 manat deyil, əslində 150 manat ödəməlidir. Qanunvericiliyə əsasən, ödəyicinin hüququ var ki, bu məsələni araşdırıb dəqiqləşmiş bəyannamə təqdim etsin. Tutaq ki, araşdırma nəticəsində məlum oldu ki, vergi ödəyicisi 100 manat deyil, 150 manat da deyil, məsələn 130 manat vergi ödəməlidir. Onun hüququ var ki, vergi orqanına dəqiqləşmiş bəyannamə versin və məbləği dəyişsin».
V.Əliyev deyir ki, əsl problem də bu mərhələdə başlayır: «Dəqiqləşmiş bəyannamə verilir, amma sistem bunu qəbul etmir. Daha dəqiqi bəyannamə məlumatı şəxsi hesab vərəqəsində öz əksini tapmır. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə müfəttiş tərəfindən nə vaxt təsdiq ediləcəksə bu halda bəyannamə məlumatı şəxsi vərəqədə öz əksini tapacaq. Bəyannamə bəzən 1 aydan artıq müddətə təsdiqlənir. Halbuki, Vergi Məcəlləsinin 72.6-cı maddəsi deyir ki, kameral vergi yoxlaması aparıldıqdan sonra təqdim edilən bəyannamənin digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ola bilər ki, vergi xidməti dəqiqləşmiş bəyannamədəki məbləğdən də narazı qalsın, amma bu məsələ sonrakı mərhələdə araşdırmalıdır, yəni əvvəlcə dəqiqləşmiş bəyannamə məlumatı qəbul etməlidir».
«Şirkətin bank hesabı aylarla bağlı qalır»
Amma reallıqda bu baş vermir, vergi xidməti sadəcə belə ödəyicilərin hesablarını dondurulur və əməliyyat aparmağa imkan vermirlər: «Hazırda elə vergi ödəyiciləri var ki, dəqiqləşmiş bəyannamə versələr də vergiləri azalmır, əksinə bu sənəd qəbul edilmir və onların hesablara həbs dondurulmaqla, müəssisə iflic vəziyyətə düşür. Qəbul olunmayan bəyannaməyə görə, şirkətin bank hesabı aylarla bağlı qalır. Problemi həll etmək üçün ödəyici hər gün şikayət, məktub yazmalı, 195-ə zəng eləməlidir və sair».
Ekspert bildirir ki, məhz belə hallarla üzləşməmək üçün bəzi vergi ödəyiciləri qanuni işləməkdən yayınmağa çalışırlar, çünki hər an hesabları bloklana bilər.
Hamıya 166.1-cı maddə tətbiq olunur
Digər problem ondan ibarətdir ki, bütün ödəyişilərin ƏDV tutulan əməliyyatlarının vaxtı müəyyən edilərkən vahid yanaşma tətbiq edilir. Məsələn «Agent fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi tutulan əməliyyatının vaxtı Vergi Məcəllənin 172.4.4 maddəsi ilə tənzimləndiyi hada, hamıya Məcəllənin 166.1-cı maddəsi tətbiq olunur. Daha dəqiq desək AVİS proqram təminatında kameral yoxlama üçün vahid yanaşma tətbiq olunur. Halbıki, agent fəaliyyətinə, daimi əsaslarla xidmət göstərən ödəyicilərə 166-cı maddənin 1-ci bəndi tətbiq edilmir. Məhz ona görə ki, belə sahibkarlar əsassız problemlər yaşayırlar».
"Niyə sizin mənfəətiniz azalmalıdır?"
İlk baxışdan absurd görünən bu sual vergi ödəyiciləri üçün əsl başağrısına çevrilib. V.Əliyev deyir ki, hazırda istifadə edilən praktikada şirkətin mənfəətinin azalmasını, vergi xidməti vergidən yayınma cəhdi kimi qiymətləndirir: «Vergi xidmətindən məktub gəlib, bildirilir ki, 2016-də şirkətin rentabelliyi 10%, 2017-ci ildə 7% olub, 2018-ci ildə isə sıfır faizdir. Vergi sistemi bu vəziyyəti vergidən yayınma riski hesab edir. Halbuki bu biznesdir, mənfəət aşağı həddə də ola bilər, ümumiyyətlə sıfıra da enər. Hansı qanunvericilik norması müəyyən edir ki, mənim rentabelliyim konkret nə qədər olmalıdır?».
Mənzil satışına da səhvən ƏDV hesablayıblar
V.Əliyev bildirir ki, bəzi hallarda vergi xidməti tamamilə əsassız olaraq əlavə vergilər hesablayır: «Belə maraqlı misal var, mənzil satışına görə, vergi notariusda tutulur. Bir neçə il əvvəl mənzil satılıb və notariusda vergi tutulub. İndi isə məlum olur ki, vergi xidməti həmin əməliyyata ƏDV hesablayıb. Halbuki, 2016-cı ildən daşınmaz əmlakın satışı ƏDV-yə cəlb olunmayan əməliyyatdır. Şikayət vermişik, Vergilər Nazirliyi şikayəti icraata götürüb, rəsmi dəvət ediblər, gedib izahat vermişik, daha sonra əlavə araşdırmaya ehtiyac yarandığı üçün rəsmi məktubla araşdırma müddəti uzadılıb. Amma sonradan bizə rəsmi cavab gəlib ki, şikayətə baxa bilmərik, çünki bu məsələ ilə bağlı cinayət işi açılıb. Halbuki cinayət işi də qanunsuz hesablanmış vergi məbləğinə görə açılıb.».
Bu məsələ ilə bağlı çoxsaylı məhkəmə işləri var
ƏDV ilə bağlı başqa bir maraqlı məqam. V.Əliyev bildirir ki, ƏDV-nin depozit hesabına vergi orqanı tərəfindən məhdudiyyət tətbiq olunur (blok qoyulur) və bu zaman sahibkar hesabdakı vəsaitdən istifadə edə bilmir: «Məsələn, o hesabdakı pulu digər şəxsin depozit hesabına və ya Gömrük Komitəsinə ödəyə bilmir. Baxmayaraq ki, əslində hesabında vəsait var. Hazırda məhkəmələrdə bu məsələ ilə bağlı çoxsaylı işlər var: «Bu proseslərdə məhkəmə vergi orqanının üzərinə hesabı blokdan çıxarmaq öhdəliyi qoyur».
Bir işçi 300 şikayəti araşdırır?
Bütün bu hallar çoxsaylı şikayətlərin yaranmasına səbəb olub. Ekspert bildirir ki, vəziyyəti çətinləşdirən digər məqam, şikayətlərə vaxtında və obyektiv baxılmaması, şikayətlərin araşdırılması zamanı da qanun pozuntularına yol verilməsidir: «Nazirlikdə çox böyük şikayətlər departamenti var, səhv etmirəmsə, 90-a yaxın əməkdaş çalışır. İşi araşdıran əməkdaşlardan biri deyir ki, mənim icraatımda 300 iş var, bunlara nə vaxt baxılacağı məlum deyil».
Bəzi şikayətlərə baxılmaqdan imtina edilir
Bəzi hallarda Nazirlik şikayətə baxılmasından imtina edir. V.Əliyevin sözlərinə görə, «İnzibati İcraat haqqında» qanuna əsasən, şikayət edən tərəfə nəticə barədə və ya şikayətin baxılmadan saxlanılması qərar təqdim edilməlidir: «Bu qərar ona görə lazımdır ki, nazirliyin şikayətə baxmamasından şikayət verilə bilsin. Çünki bu qərarla mən Apellyasiya Şurasına şikayət edə bilərəm. Bunlar da ona görə qərar vermirər ki, şikayət edə bilməyək. Bunu bildiklərinə görə, qərar qəbul etmirlər.»
Prezident Administrasiyasında şikayətlərə daha obyektiv baxılır
Ekspertin sözlərinə görə, Vergilər Nazirliyindən fərqli olaraq Prezident Administrasiyasında Apellyasiya Şurasında işlərə çox obyektiv baxılır və ciddi araşdırılır: «Burada bir növ andlılar məhkəməsini xatırladan mexanizm işləyir, müzakirələr 9 Şura üzvünün iştirakı ilə aparılır, sonda açıq səsvermə ilə qərar qəbul olunur. Müzakirə şəffaf keçirilir. Hətta Vergilər Nazirliyində olduğu kimi telefon və digər elektron qurğunu da almırlar ki, səsimizi yazarsan. Məhz buna görə, vergi xidməti imtina qərarını vermir ki, Prezident yanında Apellyasiya Şurasına şikayət edə bilməyək».
Vergilər Nazirliyinin iş adamlarına yaratdığı problemlər - EKSPERT AÇIQLADI
09:22
25 Aprel 2019