Bu gün Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.
FED.az xəbər verir ki, nazirliyin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Məcəlləyə əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.
Eləcə də bax: Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri - QƏBUL EDİB
S.Musayevanın sözlərinə görə, Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar
- bərabər və şəffaf fiskal mühitin təmin edilməsi;
- ƏDV inzibatçılığının təkmilləşdirilməsi; sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;
- sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması;
- sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması,
- vergitutma bazasının genişləndirilməsi;
- beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.
Eləcə də bax: Vergi Məcəlləsinə təklif olunan dəyişiklik - TİKİNTİ ŞİRKƏTLƏRİ ÜÇÜN SƏRFƏLİ OLACAQ
O, ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti əhatə edəcəyini diqqətə çatdırıb. Bunlar
- əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması;
- riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi
- vergidən yayınma hallarına qarşı mübarizənin genişləndirilməsini əhatə edir.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklər əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirləri özündə əks etdirən bir sıra müddəaları nəzərdə tutur. Qanunvericilik əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar (faydalanan) şəxsin üzərinə qoyulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi ilə bağlı dəyişiklikləri özündə əks etdirir.
Məcəlləyə dəyişikliklərdə riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, riskli vergi ödəyicilərinə münasibətdə bir sıra kompleks məhdudlaşdırmalar tətbiq ediləcək. Belə ki, riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və vergi sirri olmayan məlumat hesab ediləcək, vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək. Bununla yanaşı, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergini onun ödənildiyi tarixədək hesablamaq hüququna malik olacaq, belə ödəyicilərə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq, həmçinin həmin ödəyicilərin artıq ödənilmiş vəsaitii vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək.
Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini ehtiva edir. Dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb. Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir.
ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən olunmuş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı.
Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və yaxud 30 gündən sonra ödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu da vergi ödəyicisinin maliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.
Bu istiqamət ƏDV inzibatçılığı ilə bağlı bir neçə dəyişikliyi özündə əks etdirir. Bunlar - ƏDV tutulan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi; ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hallarının və vaxtının dəqiqləşdirilməsi və ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi ilə bağlı yeniliklərdir.
Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsinə elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin çevik tənzimlənməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir. Bundan başqa, peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad edilməsi, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin 1 il müddətinə ƏDV-dən azad edilməsi, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması da sosial xarakterli güzəştlərə aiddir.
Qanunvericilik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı bir sıra dəyişiklikləri də nəzərdə tutur. Qeyd olunub ki, sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, ixracın təşviqi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması bu qəbildən olan dəyişikliklərdəndir.
Vergitutma bazasının genişləndirilməsini hədəf götürən əsas dəyişikliklər aksizli mallar və bina tikintisi ilə bağlı yenilikləri nəzərdə tutur. Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin isə optimallaşdırılması, habelə tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə edilməsi və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər bu qəbildəndir.
Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması da vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək.
S.Musayeva, həmçinin, qanunvericiliyə beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı edilmiş mühüm dəyişikliklər barədə də məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisə tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməsi müəyyən olunacaq. Dəyişikliklərə əsasən, beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda, Azərbaycanın dövlət vergi orqanları ilə digər dövlətin vergi orqanları tərəfindən Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergi ödəyicisində birgə vergi yoxlamalarının aparılması, həmçinin beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən, həmin xarici dövlətdə yaranmış vergi borcunun alınmasının birgə təşkili nəzərdə tutulur.