Vergilər nazirinin sahibkarlarla görüşündə belə bir təklif səslənib ki, təsisçinin müəssisəyə verdiyi borc vergidən azad olunsun və bu təklif böyük razılıq hissi ilə qarşılanıb. Halbu ki, bu təklifin hüquqi qüvvəsi yoxdur, çünki mövcud qanunvericiliyə görə təsisçinin müəssisəyə verdiyi borc ümumiyyətlə vergiyə cəlb edilmir.
FED.az xəbər verir ki, vergi qanunvericiliyində belə bir norma yoxdur. Vergi məsələləri üzrə ekspert Vəli Əliyev bununla bağlı sualımızı cavablandırarkən bildirdi ki, bu təklif məntiqi baxımdan da gülünc və absurddur. Çünki təsisçi gəlir əldə etmək üçün hüquqi şəxs təsis edir ki, bu hüquqi şəxs sahibkarlıq fəaliyyətindən gəlir əldə etsin və təsisçiyə divident qazandırsın. Hüquqi şəxsin maliyyə çətinliyi olduqda təsisçı əlavə pul yatırır ki, hüquqi şəxs vəziyyətdən çıxa bilsin, mal ala bilsin, işçilərin əmək haqqını ödəsin və s. "Normalda isə sual verilməli idi ki, hörmətli nazirlik rəsmiləri, hansı qanunvericilik normasına istinad edilərək təsisçinin müəssisəyə verdiyi borc vergiyə cəlb olunur?
Hüquqi şəxs bu vəsaiti cari fəaliyyətdə istifadə edib qısa müddətdən sonra aldığı borcu təsisçiyə qaytarır. V.Əliyev deyir ki, qanunvericiliyə görə, əks hal sübuta yetirilmirsə bu borc faizsiz verilmiş pul vəsaitindən başqa bir şey deyil: “İndi təsəvvür edin, təsisçi hüquqi şəxsə faizlə pul verdikdə ödənilən faizlər hüquqi şəxsin mənfəətini və mənfəət vergisini azaldır. Bu halda da vergi orqanı bu əqdi nəzərə almayacaq ki, mənfəəti azaltmaq üçün qəsdən vergidən yayınırsan”.
Belə bir təklifin səslənməsinin səbəblərinə gəlincə, ekspert bunu nazirlik rəsmilərinin qanunvericiliyi dərindən bilməməsi ilə izah etdi.
Əlavə olaraq qeyd edək ki, Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şura yaradılıb. Xatırlayırsınızsa, analoji qurum bir neçə nazirlik və komitədə də yaradılmışdı. Yeni şuranın daha işlək olmasına dair ilkin gözləntilərin nəticəsi isə 2019-cu il üçün nəzərdə tutulan yeni məcəllənin nə qədər mükəmməl hazırlanmasında ortaya çıxacaq. Uzun müddətdir ki, bu sahədə çalışan V.Əliyev isə şuranın təsis olunmasını absurd hesab edir: “Görə-görə gəlmişik. Qüvvədə olan vergi qanunvericiliyi var. Bu qanunvericilik üzrə vergi münasibətlərinin iştirakçıları müəyyən olunub. Bunlar vergi ödəyiciləri, vergi orqanları, gömrük və maliyyə orqanlarıdır. İştirakçıların hüquq və vəzifələri bu qanunla müəyyən olunub. Qanunun aliliyinin təmin olunması isə iştirakçılar arasında tənzimləyici olacaq. Bu bilirsiz nəyə oxşayır? İndi təsəvvür edin ki, DYP ilə sürüçülər problem həlli uçun şura yaradırlar. Mübahisə varsa tənzimləyici qanundur. Sadəcə olaraq problem ondadır ki, vergi orqanları tərəfindən qanunvericilik düzgün tətbiq olunmur”.
V.Əliyev hesab edir ki, gizlən-paç oynamağa lüzum yoxdur və hazırda çatışmayan iki böyük amil var: qanunvericiliyi mükəmməl mənimsəmiş vergi orqanı və qanunun aliliyinin təmin olunması.
Mütəxəssis deyir ki, nə qədər ki, cəmiyyət, insanlıq var, vergidənyayınma da qaçılmazdır. Gözləyirlər ki, vergi ödəyiciləri gəlirlərini gizlətməyəcəklər, bu real olmayan arzudur. Ya bilərəkdən, ya da bilmədən vergidən yayınma olacaq. Həm də hər il radikal dəyişikliklərə məruz qalan qanunvericilik olduqca, bu qaçılmazdır.
İlhamə Abdullayeva