Nigar Hacıbabayeva: “ən doğru gün bu gündür, sabahı gözləmək lazım deyil"
"Ən doğru gün bu gündür, sabahı gözləmək lazım deyil” yanaşmasını tətbiq edərək öz işini qurub. Deyir ki, biznesinə başlamaq üçün kifayət qədər maddiyat olmasını, yaxud özünü tam hazır hiss edəcəyini gözləsəydi, o gün heç vaxt gəlməyəcəkdi. Və ona görə də İT sahəsində qısa müddət çalışandan sonra 150 manat pulla öz işini qurur. Müsahibimiz "Matrix Technologies” şirkətinin qurucusu, İT mütəxəssisi Nigar Hacıbabayevadır.
- Nigar xanım, təhsiliniz İT üzrə olub, yoxsa sonradan bu sahəyə yönəlibsiniz?
- Mən Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika fakültəsində kompüter elmləri ixtisasında təhsil almışam. Universitetə 531 balla daxil olmuşdum, yüksək bal ortalaması ilə təhsilimi başa vurmuşam. Hələ tələbə olarkən proqramlaşdırma ilə məşğul olmağa başlasam da, gələcəkdə bu ixtisas üzrə davam edib-etməyəcəyimlə bağlı qərar verməmişdim. Müəyyən qədər proqramlaşdırma ilə məşğul olandan, işin tam mahiyyətini öyrənəndən sonra artıq qərarımı verdim. Düşündüm ki, həm bu sektorda xanım azdır, həm İT gələcəyin sahəsidir, həm də proqramlaşdırmanı sevirəm. Əsas olan, gördüyün işi sevməkdir. Elə oldu ki, 4-cü kursun sonunda artıq özəl İT şirkətlərdən birinə proqramçı vəzifəsinə işə daxil oldum. 8 ay təcrübə keçdim, sonra işə götürdülər. Şirkətdə təcrübə keçdiyim dövrdə həm də müxtəlif sosial layihələrdə iştirak etməyə başladım. 2 il "Tech-tech” xanım platformasında işlədim. Xanımların inkişafı üçün sıfırdan başlayan müxtəlif layihələr hazırlayırdıq. Şirkətdə və sosial layihədə təcrübəm oldu, belə-belə, artıq işləməyə başladım.
- Bəs proqramlaşdırma sahəsində çalışandan nə qədər müddət sonra bu sahədə öz işinizi qurmaq qərarı verdiniz?
- Üç ildir universiteti bitirmişəm, bir ildən artıqdır ki, öz biznesimə başlamışam. Təxminən, iki il sonra işimi qurdum. Ötən ilin yanvar ayında işlərə başladıq. Həm sevdiyin, həm bacardığın, həm də görəcəyin işin sənə maddi olaraq gəlir gətirməli olduğu konsepsiyasını əsas tutaraq, çox düşünmədən İT sahəsində işimi qurmağa qərar verdim. Sıfırdan biznes qurmaq və idarə etmək həmişə arzum olub. Bilirdim ki, kifayət qədər maddiyat olmasını, yaxud özümü tam hazır hiss edəcəyimi gözləsəm, heç vaxt elə gün gəlməyəcək. Çünki ən doğru gün bu gündür, sabahı gözləmək lazım deyil. Ona görə, başladım. Düşünürdüm ki, alınsa da, alınmasa da, mənim üçün təcrübədir. Bir ildir ki alınıb, ümid edirəm ki, daha da yaxşı olacaq. Bunun üçün çalışıram.
- İşə başlamaq üçün nə qədər maliyyə lazım oldu?
- Düzdür, məqsədim texnologiya şirkəti qurmaq olsa da, Tədris Mərkəzi kimi başlamaq istədim. Tədris mərkəzi üçün isə bizə ilk növbədə ofis lazım idi. Şəhərin mərkəzində ofis kirayələmək üçün isə çox pul lazım idi. Yeni başlayan bir iş üçün o məbləği vermək də risk olduğuna görə, daha optimal üsuldan yararlandım. Başqa bir şirkətlə danışdıq, onların bir otağını müqavilə ilə bəlli saatlar üçün kirayələdik. Həftə içi axşam altıdan sonra və həftə sonları bütün gün üçün bir otaqdan istifadəyə görə 150 manata razılaşdıq. Beləcə, işə başladıq.
Üstəlik, mənim ilk vaxtlar maaşlı müəllim cəlb etmək problemim də yox idi, çünki ətrafımda proqramlaşdırma sahəsində olan dost-tanış çox idi. İlk vaxtlar tədrisi özümüz aparırdıq. "Oracle” üzrə bütün qrupları mən götürdüm, digərlərini də həmkar dostlarım. Bir növ risksiz başladıq. Düzdür, hər biznesdə risk var, amma biz ciddi maliyyə qoymadığımız üçün itirəcəyimiz elə böyük məbləğ yox idi.
- Biznesinizlə saat altıdan sonra niyə məşğul olursunuz, başqa yerdə çalışırsınız?
- Bəli, həm də banklardan birində proqramlaşdırma şöbəsində çalışıram. İşdən sonra və həftə sonları öz biznesimlə məşğul oluram.
- "Biz” deyirsiniz. İşi tək qurmayıbsınız?
- İşi tək qurmuşam. "Biz” deyəndə həm müəllim kollektivini, həm də ilk gündən mənimlə birlikdə çalışan komanda üzvlərimizi nəzərdə tuturdum.
- Həftə içi altıdan sonra və həftə sonları işləmək bir biznesi ayaqda saxlamaq üçün kifayət edir?
- Mən hər gün 5-6 saat yatıram, qalanını işə sərf edirəm. Evdə də olsa, gecə 2-3-ə qədər öz biznesim üzərində işləyirəm. Komandamızın artıq 10 nəfərdən çox üzvü var. İşçilərimiz də var, təcrübəçilər də. Onların hər birinin "Matrix”in böyüməsində əməyi var.
- Günün böyük hissəsini işə həsr edirsiniz. Bu rejim ağır deyil?
- Məncə, istədiyimiz hər şeyi vərdişə çevirə bilərik. 10 saatlıq yuxu rejimindən sonra birbaşa 6 saata keçəndə ağır ola bilər. Amma son iki ildə 6 saatdan çox yatmıram. Gecə 2-3-də yatıram, ən geci səhər saat 8-də oyanıram. Əsas yuxumu həftə sonları alıram. Çünki ofisdə əməkdaşlar olduğu üçün mən bir saat gec də gedə bilirəm.
- Şirkətin xidmət sahəsinə nələr daxildir?
- Biz əslində, tədris müəssisəsi kimi "Matrix Training Center” olaraq başladıq. Amma dediyim kimi, əsas məqsədimiz İT şirkəti qurmaq idi. Ona görə, bir müddət sonra şirkəti "Matrix Technologies” kimi etdik. Düzdür, şirkətin xidmət sferasına daxil olan sahələr çoxdur, lakin heç də hamısını həyata keçirə bilməmişik. Ən aktiv olanı tədris və proqram təminatıdır. Ötən il Azərbaycanın ən böyük dağıtım şirkətlərindən birinə öz mobil tətbiqetməmizi satmışıq. Proqram təminatı, İT inteqrasiya sistemlərinin qurulması, İT-yə aid olan həllər, sistemin avtomatlaşdırılması, İT audit həllər, İT-nin ixtiyari sahəsinə aid proqramlaşdırma, database, elektronika təlimləri və s. bizim xidmət sahəmizə daxildir, amma hazırda daha çox uğur qazandığımız istiqamət sırf tədrisdir.
- "Şirkətimiz üçün 50.000 + AZN-dən artıq investisiya təklifi aldıq” yazmışdınız, amma qəbul edib-etmədiyinizi qeyd etməmişdiniz.
- 3-4 ay əvvəl belə bir təklif oldu, amma şərtlərlə bağlı qarşılıqlı olaraq razılaşmadıq deyə, "yox” dedik. Sıfırdan özün qurduğun bir işi kiminləsə paylaşmaq asan deyil. İnvestisiya qərarı kifayət qədər böyük və düşünülməli addımdır. Təxminən 10 gün götür-qoy etdim. Razı olsam necə olacaq, olmasam necə? Bu suallar ətrafında düşündüm. Razı olmasam, yenə heç nə itirmirəm, amma razı olsam, indi yox, gələcəkdə çox şey itirə bilərəm. Ona görə, qəbul etmədim. İnvestisiya təklifinə bir müddət sonra açıq olacağıq, amma indi yox.
- Amma yeni başlayan biznes üçün 50 000 AZN yaxşı maliyyədir...
- Bəli, yaxşı maliyyə idi, amma həm də mənim ilk investisiya təcrübəm oldu. İnvestisiyanı təklif edən tərəf bizdən çox qısa müddətdə cavab verməyimizi istəyirdi. Bunun üçün isə xərclər və gəlirlərlə bağlı hesabat hazırlayıb təqdim etməliydim. Mən bir illik hesabatı hazırlayanda il ərzində olan bütün xərcləri minimum məbləğlə hesablamışdım. Halbuki belə olmalı deyildi, mən maksimum inkişaf etmək istəyirəmsə, fərqli yanaşmalı idim. Amma bu, mənim üçün yaxşı təcrübə oldu. Düşünürəm ki, bir az böyüdükdən sonra investisiya qəbul etmək daha yaxşı olar. Bu gün biz 50 000 manat investisiyaya görə şirkətin böyük hissə faizini verməli olacaqdıqsa, "Matrix” böyüdükdən sonra həmin investisiyanı daha kiçik hissə faizi ilə əldə edə bilərik. Hələ ki, tələsmirəm.
- İşə başqa şirkətin ofisində başladığınızı dediniz. İndi öz ofisiniz var, deyəsən. Nə qədər vaxt sonra xüsusi ofis götürdünüz?
- Qeyd etdiyim kimi, biz özümüzə aid olmayan şirkətin bir otağında işə başlamışdıq. Bir müddət sonra tələbələrimiz artdı deyə, şirkətin iki otağında işlədik. Sonra o da bəs etmədi, çünki daha da böyüyürdük. Həm də başqa bir şirkətin içərisində çalışmaq onlardan asılı olmaq deməkdir. Ötən ilin avqustundan artıq şəxsi ofisimizdə işləməyə başladıq. Şəhərin mərkəzində 3 otaqdan ibarət ofisimiz var.
- Öz işinizi qurandan sonra iş dünyası ilə bağlı düşüncənizdə dəyişən nə isə oldu?
- Çox şey dəyişdi. Kənardan bəzən insanlara elə görünür ki, iş qurmaq rahatdır, kiminsə işçisi olmursan, öz işinin ağası olursan. Amma heç də elə deyil. Hər ikisinin müsbət və mənfi tərəfləri var. Mən bunu işimi qurandan sonra gördüm. Məsələn, işçisənsə, kimdənsə asılısan, işlədiyin şirkətin standartlarına uyğun davranırsan. Düzdür, maksimum çalışmalısan ki, o şirkətin işi yaxşı getsin, amma şirkətin uğurlu olub-olmaması sənin yox, səndən yuxarıda olan idarəedici şəxslərdən, onların apardığı siyasətdən asılıdır. İşçi öz işinin yaxşı getməsi üçün əlindən gələni edə bilər, ancaq ümumi anlamda işin gedişatı tək bir nəfərdən asılı olmur. Öz işin olduğu halda isə ofisdə həm kiçik, həm də böyük xərc səni narahat edir. Məsələn, çalışdığı şirkətdə hansısa işçinin işdən ayrılması sənin üçün problem deyil, amma öz şirkətində kiminsə işdən ayrılması, yeni gələn komanda üzvünün işə cəlb olunması və s. hər şey səndən asılıdır.
- Bir az da rəhbər olaraq idarəetmə məsələsindən danışaq...
- İdarəetmənin bir sənət olduğunu düşünürəm. Bu, heç də hər kəsdə uğurlu alınmır. Məncə, ilk olaraq düzgün insanları komandaya cəlb etmək lazımdır. Komandamızdakı insanlar elədir ki, sanki eyni avtobusa minmişik və eyni bir yerə getmək istəyirik. Ona görə də, bir-birimizi başa düşürük, hər şey rahatdır. Elə adamları cəlb edirəm ki, həm özlərini inkişaf etdirsinlər, həm də burda olmağı sevsinlər.
Bir də, Azərbaycanda müdir və lider yanaşması var. Məqsədim müdir yox, lider olmaqdır. Lider olmağı peşəkar şəkildə bacardığımı deməzdim, amma bunun üçün çalışıram. Müdir "sən bunu etməlisən”, lider isə "gəl birlikdə edək” deyir. Hər ikisi fərqli yanaşmalardır. Mən ikinci variantı sevirəm. Məncə, əsas olan, əsl lider olmağı bacarmaqdır.
Universiteti bitirəndən 2 il sonra öz işini qurdu - BİZNES
14:01
9 Mart 2019