FED.az "Uğur formulu"nun budəfəki rubrikasında fərdi inkişaf ustadı, NLP master trainer, Reiki master teacher, EFT master, Master choach, yazar Babək Bayramovla olan müsahibəni təqdim edir.
- Komanda daxilində müdir və işci arasında rahat ünsiyyət və sərbəst münasibətlər işcilər arasında sui-istifadə halları yarada bilərmi? Olarsa qarşısı necə alınmalıdır?
Ünsiyyət məsələləri çox mürəkkəbdir. İş şəraitində işcilərin bir qismi müdirə yaxın olmaq istəyir, onunla ünsiyyətdə olmaq istəyir, bir qismi isə sadəcə gördüyü işlə maraqlanır. O tip insanlara başqa heç nə maraqlı gəlmir. Uğurlu insanlar hər ikisini balanslaşdırmağı bacaran insanlardır. Həm ünsiyyət, həm də işin keyfiyyəti daim balanslaşmalıdır. Nə qədər çox elastik davrana bilsək, uğuru o qədər tez əldə edə biləcəyik.
- Ən çox hansı kateqoriyadan olan şirkətlər və fərdi şəxslər sizin koçinq xidmətlərinizdən, eləcə də təlimlərinizdən bəhrələnirlər?
Ən çox biznes qurmaq istəyənlər və yaxud şəxsi biznesə sahib olanlar bizdən həm fərdi, həm korporativ təlimlər alır. Biz də həmçinin koçluq xidmətləri olur. Koçluq xidmətləri dedikdə insanın sırf olduğu vəziyyətdən olmaq istədiyi vəziyyətə necə keçəcəyi ilə bağlı strategiyaların hazırlanması, onların təqib edilməsi, ünsiyyətin qurulması, doğru əks-reaksiyaların alınması, dəyərləndirilməsi, ölçülməsi və bu yolun təmin olunması nəzərdə tutulur. Bəzən olur ki, insan nə edəcəyini bilmir, amma bəzən bilir sadəcə motivasiyası çatmır. Bütün bunların hamsı fərqli-fərqli çalışma metodları tələb edir. Bu, həm təşkilatlara, həm də iş adamlarına aiddir. Bəzən müdirlər gəlib bizdən işçilərinə motivasiya verməmizi istəyirlər. Hər şey idarə etmə kateqoriyasından, liderdən aslıdır. "Sən yaxşı işləsən mükafat alacaqsan", deməklə iş bitmir. Lider işciyə işi sevdirməlidir.
- Yeni işə başlamış işçidə özünəinamı necə artırmaq olar?
Yeni işçidə özünə inam heç də yox səviyyəsində olmur. Bəlli bir miqdarda inam mütləq olur. Həvəsi daha çox olur. Xüsusən də yeni məzun olmuş və yeni işə başlamış gənclərdə və yaxud narazı olduğu işini yeni işə dəyişən insanlarda bu hallara daha çox rast gəlirik. Özünə inam insan kimliyi və proseslə bağlı olan bir şeydir. İnsanın görəcəyi işlər onun bacarıqlarından az olursa bu, ona durğunluq və rahatlıq gətirir. Amma bacarıqları görəcəyi işə yetməsə, bu zaman insan stresə girir, "mən bacarmayacam" deyir. Əgər görəcəyin işlər və bacarıq balanslaşıbsa, bu zaman işin keyfiyyəti də səmərəli olur. Rəhbərlik bu cür şeyləri aradan qaldıra bilər. İşçidə özünəinam, güvən yaratmaq lazımdır.
- Bu günə qədər apardığınız təlimərdə rastlaşdığınız ən maraqlı hallar nə olub?
Bir dəfə seminar keçirəm, seminar zamanı telefonlar sönülü olmalıdır. Az sonra zaldan telefon səsi gəldi, öncə reaksiya vermədim. Sonra telefonun susmadığını görüb zalda əyləşənlərə müraciət edərək bunun etik olmadığını deyib, kimindirsə telefonunu söndürməsini xahiş etdim. Bu zaman zaldakılar səsi gələn telefonun mənə aid olduğunu vurğuladılar. Mən isə əsl treyner kimi Molla Nəsirəddindən bir misal çəkərək işə yumor qatıb, özümü vəziyyətdən çıxardaraq təlimimə davam etdim.
- Uğurlu biznesin təməlini yaratmaq üçün hansı keyfiyyətlər əsas götürülür?
Uğurlu biznes qurmaq üçün öncə özünə "Mən kiməm?", - sualını verib sonra "Mən biznesmenəm", - cavabını vermək lazımdır. Biznesə başlayanda bilmək lazımdır ki, biznes qurmaq əslində bir sistem qurmaqdır. Müəyyən elementləri bir araya gətirib bir inteqrasiya qurmaqdır. Kadrı yaxşı qurub inteqrasiyanı tətbiq etmək olmasa, bu artıq insan yığınağı olar, amma yaxşı biznes olmaz. Çox biznesmenin biznesini batırma səbəbi məhz sistemi anlaya bilməməkdir.
- İşcilər arasında rəqabət yaratmaq işin keyfiyyətinə nə dərəcədə təsir göstərə bilər?
Sağlam bir rəqabətin qurulması təbii ki, işin keyfiyyətinə müsbət təsir göstərir, amma yerinə və məzmununa baxır. Bir şey də var ki, rəqabət bəzi yerlərdə işə yarasa da, bəzi yerlərdə yaramır. Əsasən satış sektorunda rəqabət mühitinin səmərəli nəticələr verdiyini görə bilərik.
- Yeni biznesə başlamaq istəyən birilərinə hansı motivasiya və yaxud uğur hekayələri kitablarını oxumağı məsləhət görərdiniz?
Motivasiya kitablarından Robert Entenin “Qeyri-məhdud güc”, “İçindəki divi oyandır”, maliyyə zəkasını gücləndirmək üçün “Varlı ata, kasıb ata” kitablarını oxumağı məsləhət görərdim.
- Müflis olmuş birinə sıfırdan başlama gücü necə aşılana bilər?
Məncə müflis olmaq sadəcə bir nəticədir, addır, müəyyən səbəblərdən bir nəticəyə gəlinib deməkdir. İnsanlar bunda ilişib qalmaqdansa, niyə bu nəticəyə gəldiklərini düşünməlidir. Vəziyyətdən çıxış yolu tapmalıdır. Hər bir nəticə bir təcrübədir. İnsana aşılamaq lazımdır ki, çətinlik həyatın bir qanunudur, əsas bu vəziyyətdən çıxmaq lazımdır. O qədər müflis olub sonra sıfırdan başlayıb uğur qazananlar var. Onlardan biri elə “Honda” kimi böyük şirkətin qurucusudur. Sonra buna misal olaraq Abraham Lincolnu göstərmək olar. İşini itirdi, ailəsini itirdi böyük problemlərdən keçdi amma heç vaxt geri addım atmadı və nəticədə Amerika kimi böyük bir dövlətin prezidenti oldu.
- Biznesdə, eləcə də həyatda uğur qazanmaq üçün fərasət daha vacibdir, yoxsa bilik?
Fərasət və bilik daim balanslaşmalıdır. Ola bilsin ki, bir insanın biliyi olsun, əgər onun fərasəti yoxdursa, tək biliklə səmərəli nəticə əldə etmək mümkün olmayacaq. Uğurlu nəticə üçün hər ikisi də lazımdır. Bu gün dünyaya baxdıqda bir çox uğurlu insanın heç bilikli və universitet məzunu olmadığını görürük. Bir çox bilikli və universitet məzunu da var ki, həyatda heç bir uğura imza atmayıb.
- Azərbaycanda biznes strategiyasında sizcə nələr çatışmır?
Bəzi biznesmenlər var ki, çox yaxşıdır, bəziləri yaxşı deyil. Çatışmazlıq səviyyəsi də bu kateqoriyalara görə dəyişir. Biznesmenlərdə əsas ünsiyyət, idarəetmə və ən əsas təhlükə və fürsəti qavrama bacarığı olmalıdır. Bunlar tam balanslaşsa uğurlu biznes strategiyasını təmin etmək olar. İnsanlar öz zehinlərindəki limiti görməlidir.
- Sizcə Azərbaycan şirkətlərində PR marketinq sahəsi niyə zəifdir?
Bunu bütün şirkətlərə şamil etmək olmaz. Təbii ki, say çoxaldıqca keyfiyyətə təsir edə bilər. Amma bu da daimi deyil. Məsələn bu gün baxırıq gözəllik salonları necə güclü marketinqlə məşğul olur, amma 10 il bundan qabaq belə hallarla rastlaşmrdıq. Bugünkü standartlara görə marketinq bizə zəif gəlir. Marketinq elə bir şeydir ki, hər il dəyişə bilər. Bu gün işə yarayan sabah yaramaya bilər. Ona görə bu sahədə daim işləmək lazımdır, yeniliyə açıq olmaq lazımdır. Olub-bitənlərin fərqinə varılsa fərqli addımlar da ataq olar. Bu sahə daim fərqlilik tələb edir. Hər zaman bilinməyəni göstərmək lazımdır.