26 Yanvar 2019-cu il tarixində Bakı şəhərində Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib. FED.az xəbər verir ki, forumda Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadə salamlama nitqi ilə çıxış edərək forumun işinə uğurlar arzulayıb. Ilham Məmmədzadə APRA-nın fəaliyyəti və gələcəkdə həyata keçiriləcək işlər haqqında forum iştirakçılarına məlumat verib. Forumda Azərbaycan PR mütəxəssisləri və bu sahə ilə maraqlanan şəxslərlə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin PR mütəxəssisləri iştirak ediblər.
Üç sessiyadan ibarət olan forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərə dair təqdimatlar edilib. Tədbirin “Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri” mövzusunda baş tutmuş birinci panelində Beynəlxalq PR Assosiasiyasının (IPRA) prezidenti Svetlana Stavreva “Rəqəmsal transformasiya və süni zəka dövründə hekayəmizi necə danışmalı?”, Türkiyə İctimaiyyətlə Əlaqələr Dərnəyinin (TÜHİD) rəhbəri Gonca Karakaş “İctimaiyyətlə əlaqələrdə gələcəyin trendləri”, “KeepFace Azərbaycan” platformasının həmtəsisçisi Emin Vəliyev “Müasir kommunikasiya kanalları və influenserlər” və “Afandi Consultancy” şirkəinin biznes məsləhətçisi İlham Əfəndiyev «Effektiv Rəqəmsal PR» mövzularında çıxışlar ediblər.
Forumun “Ölkə brendi və PR” mövzusuna həsr edilmiş ikinci sessiyasında IPRA-nın keçmiş prezidenti Ceyda Aydede “Ölkənin marketinqi və PR-ı necə edilir?”, Avropa Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov “Ölkə brend ola bilərmi?”, Qırğızıstanın “Bishkek School of PR” təşkilatının rəhbəri Gülnurə Toraliyeva “PR-da strateji yanaşmalar və böhran əleyhinə kommunikasiyalar”, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Türk mədəniyyətinin təbliği işində PR texnologiyaların imkanları” mövzularında çıxış ediblər.
Forumun “Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər” mövzusunda baş tutmuş üçüncü sessiyasında APRA-nın xarici əlaqələr üzrə koordinatoru Kamran Əliyev “Azərbaycan ictimaiyyətlə əlaqələr: sistemsiz PR yoxsa kampaniya əsaslı PR”, “Action Global Communications” şirkətinin Qazaxstan filialının rəhbəri Tariel Cəlallı “Qazaxıstanda PR bazarı və trendlər”, “Laboratoriya PR” Agentliyinin direktoru Afət Yaqubova “Medianın pullu olduğu dövrdə PR-mız PRdırmı?”mövzularında çıxışlar ediblər. Tədbirin sonuncu təqdimatı Özbəkistanın Beynəlxalq Press Klubunun rəhbəri Jaloliddin Usmanov tərəfindən “Özbəkistanda PR” mövzusunda edilib. Forumda spikerlər PR-ın təşkilat və şirkətlərin uğurlu fəaliyyətində böyük rol oynamasından danışıb, sistemli və davamlı PR fəaliyyətinin aparılmasının vacibliyi məsələsinə toxunublar. Auditoriyanın iştirakı ilə aktiv müzakirələr və fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda forum iştirakçılarının adından Təhsil Nazirliyinə PR-ın ayrıca ixtisas olaraq Azərbaycanın ali təhsil müəssisələrində tədris edilməsinə ilə bağlı təklif göndərilməsinə dair qərar qəbul edilmişdir.
Tədbirin bağlanış sessiyasında sponsorlar və spikerlər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü ilə keçirilən forumun təşkilatçıları “Baku School of PR” və “Alibayov Communication & Consulting” MMC-lərdir. Forumun sponsorları – “Sinerji Pro” şirkəti (platin sponsor), “Nar” mobil operatoru (telekommunikasiya tərəfdaşı), “Ulduz” şokolad fabriki, “Part” SMM agentliyi və “AzPrint” şirkətidir (gümüş sponsorlar). Eyni zamanda, mənzil-qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası – IPRA və Türkiyə İctimaiyyətlə Əlaqələr Dərnəyi – TÜHİD forumun rəsmi tərəfdaşlarıdır.
Xatırladaq ki, forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssislərini vahid platforma üzərində bir araya gətirmək, PR mütəxəssislərin qarşılıqlı əməkdaşlığını genişləndirmək, eləcə də PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafına töhfə verməkdən ibarətdir.