Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi ilə birlikdə “Bilik səlahiyyətləndirmənin açarıdır: Öyrənməyə və yeni üfüqlər kəşf etməyə davam edin!” şüarı ilə kampaniya həyata keçirib.
FED.az xəbər verir ki, Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniyanın məqsədi ictimaiyyətin diqqətini qızlar üçün bərabər imkanların yaradılması və qızların səlahiyyətləndirilməsi mövzularına çəkməkdir. Kampaniya qızların səlahiyyətləndirilməsi üçün zəruri olan alətlər və dəstəyi qeyd etməklə onların gücünü, dözümlülüyünü və potensialını vurğulayır.
Kampaniya çərçivəsində “Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib. Ölkənin müxtəlif yerlərindən 100-dək yeniyetmə qızı bir araya toplayan tədbirin təşkilində məqsəd qızların təhsil, texnologiya və gender bərabərliyi vasitəsilə səlahiyyətləndirilməsini və onların cəmiyyətin dayanıqlı inkişafına töhfələrini müzakirə etmək olub.
Tədbirdə çıxış edənlər qızların icmaların və bütövlükdə cəmiyyətin dayanıqlı inkişafındakı vacib roluna diqqət çəkərək onların təhsil və bərabər imkanlardan yararlanmasının əhəmiyyətini vurğulayıblar.
Panel müzakirəsində cəmiyyətdə tanınmış qadın liderlər şəxsi təcrübələrini bölüşərək, qızların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər hüquq və imkanların əlçatanlılığının vacibliyinə diqqət çəkiblər.
"Trendyol" qadınların həyatına toxunan, onların səlahiyyətləndirilməsini, təlim, iş, karyera sahəsində ilk addımlarını və inkişafını dəstəkləyən layihələr həyata keçirir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, “Trendyol”un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.
“Gələcək qadınlarındır” və “Güclü qadınlar proqramı” vasitəsilə Trendyol qadınların sahibkarlıq fəliyyətlərini dəstəkləyir, qadınlar üçün daha yaxşı imkanların yaradılmasını təmin edir.
Trendyol həmçinin, müxtəlif tərəfdaşlarla birlikdə Azərbaycanda sahibkar qadınların yaşıl biznes və eko-liderlik bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Müxtəlif sosial layihələr həyata keçirən elektron ticarət platforması BMT-nin Əhali Fondu ilə də qarşıdakı dövrdə də qızların səlahiyyətləndirilməsi, onların rəqəmsal bacarıqlarının artırılması istiqamətində birgə çalışacaq.