Azərbaycanda sahibkarlar, şirkətlər, ümumiyyətlə işəgötürənlər üçün yeni tələblər müəyyən edilir.
Eləcə də bax: Maska taxmamağa görə cərimələrin məbləği - AÇIQLANDI
FED.az xəbər verir ki, söhbət əlilliyi olan şəxslərin işə qəbulu və onlara peşəkar münasibətdən gedir.
Bu yeniliklər İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə göstərilib. Məcəlləyə dəyişikliklər artıq Milli Məclisdədir və böyük ehtimalla mayın 31-də, parlamentin yaz sessiyasının sonuncu iclasında təsdiqlənəcək.
Dəyişikliklərin əsas hissəsi məcəlləyə yeni 2-5-1 maddəsinin əlavə edilməsi ilə bağlıdır.
Bu maddənin tələblərinə görə, əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına, onlarla əmək müqaviləsi bağlanmamasına, işdə irəli çəkilməməsinə, eləcə də bu sahədə mövcud olan dövlət proqramlarının tələblərinə əməl edilməməsinə görə, işə götürənlər, o cümlədən sahibkarlar və şirkətlər 300-500 manat cərimə ediləcəklər.
Bundan başqa, yeni maddəyə əsasən, əlilliyi olan şəxsləri heç bir halda ixtisar etmək olmaz – müəssisənin ləğv edilməsi halından başqa, onlarla əmək müqaviləsinin ləğv edilməsinə görə də cərimə nəzərdə tutulur.
Bundan başqa, iş yerində xəsarət almasına və ya peşə xəstəliklərinə görə, işçi əlillik qazanarsa, onun yaşadığı evidə onun üçün şərait yaratmağa görə xərcləri günahkar şəxslər və dövlət orqanları çəkməlidir, əks halda cərimə nəzərdə tutulur.
Beləliklə
"Maddə 205-1. Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulması
205-1.1. Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:
205-1.1.1. əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;
205-1.1.2. əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;
205-1.1.3. müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
205-1.1.4. müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
205-1.1.5. əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;
205-1.1.6. işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
205-1.2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.".