Koronavirus infeksiyasından sonra dezinfeksiya məhlullarına tələbat kəskin artıb, hətta bu sahədə qıtlıq hiss olunur.
FED.az xəbər verir ki, qıtlığın aradan qaldırılması üçün, bir qədər əvvəl KOBİA-nın dəstəyi ilə «Laric Chemical» MMC şirkəti dezinfeksiya edici maddələrin istehsalına başlayıb.
Şirətin icraçı direktoru Ülkər Bağırova FED.az-a bildirib ki, 2017-ci ildən fəaliyyət göstərən «Laric Chemical» təkcə dezinfeksiya məhsulu buraxmır:
“Müəssisədə eyni zamanda yuyucu vasitələr, maye sabunlar, avtomobil təmizləyicisi, sənaye tipli təmizləyici və şüşə silmək üçün vasitələr də istehsal edilir. Dezinfeksiyaedici məhlulların da çox çeşidi var, səth, masa, əllərin dezinfeksiya olunması üçün məhlullar var».
Məlum koronavirus infeksiyasından sonra dezinfeksiyaedici məhsullara tələbat artıb. Hazırda müəssisə günlük 5-6 min ədəd məhsul istehsal edir: «Əvvəllər belə məhsullara tələb gündəlik 4 min ədəd idi. Amma son olaraq biz gündə 6 000 ədəd istehsal etmişik. Şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiya edici vasitə hazırda istehlakçılara, idarə və müəssisələrə 1 və 5 litrlik qablarda təqdim olunur. Artıq 400 və 500 milli qablaşdırmalarda da həm dezinfeksiyaedici məhlul, həm də gel istehsala girib. Bundan əlavə, maye şəklində olan məhsullar da var ki, onlar 400-500 milli litrlik qablarda istehsal edilir».
Ü.Bağırova bildirir ki, son günlər bu məhsullara tələbat kəskin artıb: «Vəziyyət günbəgün kritik hal alır. 15 gün öncəyə qədər dezinfeksiyaedici məhsula bu qədər tələbat olmurdu. İndi insanlar bu məsələyə daha ciddi yanaşırlar, hamı bu məhsulu axtarır. Artıq dezinfeksiyaedici məhlullar əhalinin tələbatına çevrilib».
Ülkər Bağırova məhsul istehsalında xammala ehtiyacın olduğunu da deyib: «Dezinfeksiya məhsullarının istehsalını artırmağımız üçün maneə deməzdim, xammala ehtiyacımız var. Bu məsələdə müəssisəyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin çox böyük dəstəyi oldu. Məlum olduğu kimi, bu məhsulların əsas xammalı etil spirtidir. KOBİA müəssisəyə etil spirtinin təmin olunması üçün kvota ayırdı. İlkin 10 ton etil spirti ayrıldığı üçün biz şirkətlərə rahatlıqla məhsul verə bildik».
Şirkət yenə spirt ayrılması üçün İqtisadiyyat Nazirliyinə məktub hazırlayıb: «Ümid edirik ki, nazirlik müəssisəni xammal etil spirti ilə təmin etməkdə köməklik edəcək. Hazırda respublika ərazisində eyni ilə bu məhsulları düzəldən bütün istehsalçılarda spirtə görə qıtlıq var. Yəqin ki, qısa zamanda bu məhsulu alarıq. Azərbaycanda etil spirtinin kifayət qədər istehsalçıları var. Hesab edirəm ki, bu firmalar istehsalçı müəssisələri məhsulla təmin edəcək».
İcraçı direktor xammal qıtlığı olsa da, istehsalın dayanmadığın deyib. Sadəcə daha çox məhsul istehsalı və daha artıq satış etmək üçün xammala ehtiyac var: «Bunun üçün də nazirlikdən kvota ayrılmasını gözləyirik. Nazirliyin dəstəyi ilə bizə əvvəl ayrılan 10 ton etil spirtindən istehsal olunan məhsulların 90%-ni dərhal dövlət müəssisələri və koronavirusla mübarizə aparan qurumlar aldı. Yerdə qalan məhsulları “Ozon” və “EvroMed” apteklər şəbəkəsi aldı. İndi yenidən məhsulla təmin olunmağımız üçün köməklik gözləyirik. Bu məhsul gələndən sonra məhsul açıq bazarlarda müştərilərə təqdim olunacaq».
Ülkər Bağırova «Laric» adı altında satışa çıxan məhsulların qiymətini də açıqlayıb: «Ola bilər ki, istehsalını nəzərdə tutduğumuz gel başqa bir marka adı altında satışa çıxsın. Yəni eyni loqo ilə fərqli mal. Bu məhsulların 1 litrinin satışı 9 manatdan başlayır. Korporativ qiymətlər də var. Böyük şirkətlər var ki, aldığı məhsul sayına görə qiymətdə fərq ola bilər. Bəzi qurumlar və uşaq evləri var ki, biz onlara bu məhsulları təmənnasız da vermişik».
Hazırda müəssisənin başlıca məqsədi daxili tələbatı təmin etməkdir: «Daxili tələbat ödəndikdən sonra xaricə məhsul ixracını da nəzərdən keçirmək əsas hədəflərimizdən biridir. Bayramla əlaqədar qeyri-iş günü olduğu üçün dövlət müəssisələri ilə müqavilə bağlamaq olmur. Amma artıq yeni sifarişlər gəlir. Çünki bir çox müəssislər evdən işlədikləri üçün məhsulları daha çox apteklərdən axtarırlar. Bizim də əsas satışımız apteklərə deyil, dövlət qurumlarına və idarələrə idi. Artıq apteklərlə işləməyə başlayacağıq».