FED.az sığortaya yeni başlayanlar və tələbələr üçün öyrədici materialı təqdim edir.
Eləcə də bax: Azərbaycanda sığorta haqlarının ödənişində - YENİLİK GÖZLƏNİLİR
Bu yazıdan Siz biləcəksiniz:
1. Yaşıl Kart Sığorta Sistemi nədir?
2. Yaşıl Kart Sığorta Sisteminin yaranma tarixi, məqsədi və əhəmiyyəti
3. Yaşıl Kart üzrə sığorta münasibətlərinin tənzim edilməsi
4. Yaşıl Kart sığorta sistemi Azərbaycanda
5. Bu sistemə üzvlük bizə nə verdi? Bəzi statistik göstəricilərin təhlili.
6. Yaşıl Kart sığorta müqavilələrinin rəsmiləşdirilməsi ilə bağlı sığorta agentlərinə tövsiyyələr. Satış nümayəndələri bu sığortanı yazarkən niyə daha çox diqqətli olmalıdırlar?
Yaşıl Kart avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu və üzv ölkələr tərəfindən onun qarşılıqlı tanınmasını təsdiq edən beynəlxalq satatuslu sığorta müqaviləsidir. Yaşıl Kart sistemində hüquqi tənzimləmələrin əsasını BMT-nin Cenevredə yerləşən AİK-in Quru Nəqliyyat Komitəsinin yol nəqliyyatı üzrə işçi qrupunun qərarları təşkil edir.
Avtonəqliyyat vasitəsində xaricə səfər zamanı mütləq Yaşıl Kart Polisini əldə etmək lazımdır. 1949-cu ildə Londonda avtosığortaçıların beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyyəsi nəzərə alınmış və mənzil qərargahı Londonda yerləşən Bürolar Şurasının əsası qoyulmuşdur. O zaman sistemin fəaliyyətində bütün tənzimləmələr London Motor Bürosu tərəfindən həyata keçirilirdi. İlk dövrdə Yaşıl Kart sisteminin üzvü olan ölkələrin sayı 13-ə çatırdı. London Motor Bürosu sığorta müqavilələri və zərər tənzimlənmələri üzrə bütün əməliyyatları Bürolar Şurasının qayda və təlimatları əsasında həyata keçirirdi.
Üzv ölkələrdə Yaşıl Kart sistemi üzrə sənədləşmə işləri əlaqələndirici ixtisaslaşmış təşkilat kimi Bürolar Şurasına üzv olan müvafiq Milli (İcbari Sığorta) Bürolar tərəfindən aparılır. Yerli Milli Büroların hazırladıqları Yaşıl Kart blankları Quru Nəqliyyat Komitəsinin qəbul etdiyi 5 saylı Tövsiyyədə nəzərdə tutulmuş formalardan birinə uyğun tərtib olunur.
Bürolar Şurasının birinci rəsmi toplanışı 1951-ci ildə keçirilmişdi. Bu toplantıda iştirakçı ölkələrin milli büroları arasında Saziş modeli razılaşdırılmış və vahid Yaşıl Kart standartları qəbul edilmişdir. Yaşıl Kart haqqında Saziş 01 yanvar 1953-cü ildə qüvvəyə minmişdir. Həmin Sazişə əsasən iştirakçı ölkələrdən hər hansı birində verilən avtoməsuliyyət sığortası şəhadətnaməsi digər bütün iştirakçı ölkələrin ərazisində etibarlı idi. Hal-hazırda Yaşıl Kart sisteminə Avropa, Asiya və Afrikadan olan 48 ölkə daxildir. Bürolar Şurasının mənzil-qərargahı 2006-cı ildən Belçikanın paytaxtı Brüssel şəhərinə köçürülmüşdür.
Azərbaycanın “Yaşıl Kart” Sığorta Sisteminə üzvlük məsələsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti orqanının təklifi ilə hələ 2005-ci ildən Nazirlər Kabinetində müzakirə olunurdu. Ölkəmiz 1999-cu ildən qurumun tranzit hüquqlu üzvü olmasına baxmayaraq, onun Yaşıl Karta tam hüquqlu üzv olması müşkülə çevrilmişdi. Lakin bütün maneələrə rəğmən, bu məqsədlə 2004-2005-ci illərdən intensiv işlər davam etdirilirdi. Bu işdə Yaşıl Kartın Azərbaycan şöbəsinin rəhbəri və icraçı direktoru xüsusi səy göstərirdi. Onlar milli sığorta bazarının o zaman əsas oyunçularından biri olan Londongate (Azərbaycan) İnsurance Co.-nun əlaqələrindən yararlanaraq, Londonun sistem rəhbərliyi ilə danışıqlar aparırdılar.
Təəssüflər olsun ki, bütün bu səylər heç bir nəticə vermədi. Nəhayət, 28 noyabr 2014-cü il tarixdə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə vəziyyət köklü surətdə dəyişdi və ölkəmizin Yaşıl Kart Sığorta Sisteminə tam hüquqlu üzv olmasının hüquqi əsası yaradılmış oldu.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun uğurlu beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan 2015-ci il mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Növbəti Baş Assambleyasında Yaşıl Kart beynəlxalq sığorta sisteminə qəbul olunmuş və 01 yanvar 2016-cı il tarixdən onun tam hüquqlu üzvü kimi fəaliyyətə başlamışdı. Azərbaycanın üzvlüyü ilə bu mötəbər təşkilatda iştirakçı ölkələrin sayı 48-ə çatmışdı. Azərbaycan MDB məkanında bu quruma üzv olan ilk ölkələrdən biri, Cənubi Qafqazda isə birinci oldu.
Ölkəmizdə Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət yuxarıda qeyd olunan qanun, qayda və təlimatlar, o cümlədən “Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət qaydaları” əsasında tənzimlənir. Həmin qaydalar “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslər İttifaqının Himayəçilər Şurasının 25 noyabr 2015-ci il tarixli iclasının protokolu ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin sahibləri Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrə gedərkən, ölkə ərazisini tərk etməzdən öncə Yaşıl Kart sığorta müqaviləsini bağlamalıdırlar. Onlar bu məqsədlə icbari sığorta üzrə fəaliyyətə səlahiyyəti olan istənilən sığortaçını seçə bilərlər. Yaşıl Kart müqaviləsi yalnız sahibinin mülki məsuliyyəti qanunvericiliyə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitələrinə münasibətdə rəsmiləşdirilə bilər. Bu müqavilələr üzrə sığorta haqlarının sığortalı tərəfindən nağd və nağdsız qaydada ödənilməsi mümkündür.
Xaricdə vurulan zərər üçün sığorta məbləği kimi zərər vurulmuş ölkənin qanununa uyğun müəyyən edilmiş sığorta məbləğlərinin və Azərbaycan Respublikasının müvafiq qanununda nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür.
Sığortalı Yaşıl Kart sığortaçısına qəsdən yanlış məlumat və ya saxta sənədlərin verilməsinə görə müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır.
Sığorta olunan və ya sürücü xarici ölkələrə gedərkən Yaşıl Kartın əslini özü ilə gəzdirməli və həmin kartda göstərilən ölkələrin qanunvericiliyinə uyğun icbari sığortanın mövcudluğu yoxlanılarkən səlahiyyətli orqana təqdim etməlidir.
Yaşıl Kart müqaviləsi bir, üç, altı və on iki ay müddətinə bağlanılır və bağlandığı andan qüvvəyə minir. Yaşıl Kart üzrə sığorta ödənişi hadisənin baş verdiyi ölkənin müvafiq icbari sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Sürücü xaricdə hadisə törətdikdə (3-cü tərəfə zərər yetirdikdə), Yaşıl Kart Sertifikatının 2-ci səhifəsində göstərilmiş məlumatlar əsasında hadisə baş vermiş ölkənin İcbari Sığorta Bürosuna xəbər verməlidir. Yaşıl Karta malik, xaricdə qeydiyyata alınmış avtonəqliyyat vasitəsi sahibləri ölkə ərazisinə daxil olarkən, onlarla sərhəd sığorta müqaviləsinin bağlanması tələb olunmur.
Yaşıl Kart müqaviləsi itirildikdə və ya korlandıqda sığorta olunan ödənişsiz onun dublikatını almaq hüququna malikdir.
Yeri gəlmişkən, bir məsələyə də diqqət ayırmaq yerinə düşərdi. Canlı şahidiyəm ki, ilk vaxtlar sığorta bazarının bəzi top menecerləri ölkəmizin Yaşıl Karta üzv olmasının bizə çox-çox baha başa gələcəyini vurğulayır və bu barədə öz narazılıqlarını gizlətmirdilər. Onlar israrla qeyd edirdilər ki, Avropada həyati dəyərlər yüksəkdir, xidmətlər, tibbi xərclər, ehtiyat hissələri və s. bahadır və çox keçməz ki, Yaşıl Kart yazan yerli sığortaçılar iflasa uğrayarlar.
Lakin hazırda işlərin gedişatı göstərir ki, həmin şəxslərin fikirləri heç də doğru çıxmadı. Belə ki, son 3 ilin yekunlarına dair statistika və hesabatlar göstərir ki, ölkə sığortası bu sığorta məhsulundan nəinki ziyana düşməmiş, əksinə müəyyən qədər mənfəət də əldə etmişdir. Gəlin, bu məqamda Yaşıl Kart üzrə 2016-2018-ci illərə dair cədvəlləşdirilmiş yekun göstəriciləri nəzərdən keçirək:
Azərbaycanda 2016-2018-ci illər üzrə Yaşıl Kart sığorta müqavilələrinin sayı və toplam sığorta haqları barədə məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz (Bu statistik məlumatlar rəsmi müraciət əsasında İSB-dən əldə edilmişdir):
Sıra №-si |
Tarix/il |
Müqavilə sayı |
Toplam sığorta haqları (manatla) |
1 |
2016 |
10 514 |
768 684 |
2 |
2017 |
33 814 |
2 125 724 |
3 |
2018 |
42 337 |
2 481 157 |
Sevindirici haldır ki, üç il ərzində həm Yaşıl Kart üzrə sığorta müqavilələrinin sayında, həm də toplanan sığorta haqlarının həcmində dinamik artım müşahidə edilmişdir.
Digər bir müqayisə aparaq: 2018-ci il ərzində Azərbaycanda sığortalı olub xarici ölkələrə səfər edən avtomobillərlə 213 hadisə törədilmiş və həmin hadisələrə görə cəmi sığorta ödənişi 811 762 manat təşkil etmişdir. Bundan başqa, xaricdən Azərbaycana gələn Yaşıl Kart təminatlı avtomobillərlə 2018-ci ildə 43 hadisə törədilmiş və cəmi 75 124 manat sığorta ödənişləri həyata keçirilmişdir.
Göründüyü kimi, bu günkü tarixə Yaşıl Kart müqavilələri üzrə hər hansı böyük məbləğlə ölçülən zərərdən söhbət gedə bilməz. Başqa sözlə, Yaşıl Karta üzvlük nəinki bizə “baha başa gəlmədi”, əksinə biz, bu sahədə dinamik artımı müşahidə etməkdəyik.
Yuxarıdakılardan da aydın görünür ki, Yaşıl Kart üzrə bütün iştirakçı sığortaçılardan daxil olan sığorta haqları ölkə üzrə toplanan ümumi illik sığorta haqlarının cəmi 0,2-0,3 faizini təşkil edir. Lakin qeyd etməliyik ki, bu işin mənəvi tərəfi onun iqtisadi faydasından daha önəmlidir.
Sığorta agenti Yaşıl Kart müqaviləsinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq statuslu dövlətlərarası müqavilə forması olduğunu, onun tələb olunan səviyyədə aparılmasının ümumdövlət əhəmiyyəti kəsb etdiyini və Yaşıl Kart müqaviləsini rəsmiləşdirərkən o, tək sığortalı və şirkət qarşısında deyil, həm də dövlət qarşısında öhdəlikli olduğunu tam dərk və qəbul etməlidir.