Həyatınızı dəyişdirmək üçün çox pul lazım deyil, yalnız cəsarətli olmaq yetər. Elə qadınlar var ki, sevdiyi işləri görmək üçün bütün karyerasını bir gündə atmaq cəsarətini özündə tapıb. Pulmu? O, bir şəkildə pulu da tapdı və özünün və ətrafında olanların həyatını dəyişdirmək üçün milyonlara ehtiyac olmadı. Biz də belə cəsarətli qadınların uğur hekayəsini paylaşırıq, cəsarətini toplaya bilməyənlərə nümunə olsun deyə.
Onlardan kimisi toyunda alınan qızıllarından əldə etdiyi vəsaitlə, kimisi aldığı borc pulla işə başlayıb. Kredit kartlarla alınan alətlərdə hazırlanan tortlar, ana məsləhəti ilə tikilən gəlinliklər. Budur cəsarətli qadınların hekayələri...
“Borni’s Kitchen” belə quruldu
“Hürriyyet”dən Şəbnəm Turhan və Burak Coşanın yazdığına görə, Berna Pomak həqiqətən bir reklam satış meneceri idi. 10 il “Hürriyet”, “Hürriyet Daily News” və “Radikal” kimi bir çox media orqanlarında reklam satış meneceri kimi çalışıb. Ancaq özgələrin reklamını edərkən ürəyi başqa bir iş üçün döyünürdü.
Berna Anadolu Universitetinin Əmək İqtisadiyyatında Sənaye Əlaqələri fakültəsindən məzun olub. Magistr təhsilini isə Bilgi Universitetində Biznesin İdarəedilməsi fakültəsində alıb. İşə başladıqdan sonra isə eyni vaxtda, 2013-2014-cü illərdə Kadir Has Universitetinin Chefschool məktəbində peşəkar aşpazlıq öyrənib. Amma bu sənətin şirniyyat tərəfi onu daha çox həyəcanlandırırdı. Berna hisslərini belə izah edir:
"Bir tort sifariş edən şəxs öz xəyallarını sizə söyləyir və siz həmin tortu dizayn edirsiniz. Bu tortdan çox, heykələ bənzəyir. Uşaqlığımdan bəri bu sənətə olan sevgim, marağım və qabiliyyətim məni şirniyyat sektoruna itələdi".
B.Pomak 2015-ci ilin iyununda tam 30 yaşı olanda reklam sənayesini ataraq mətbəxə keçməyə qərar verdi. 2 il məşhur restoranlarda və şirniyyat evlərində şirniyyat ustası kimi işləyib. Berna, qulağa nə qədər gözəl səslənsə də bu yaşadıqlarının bir o qədər də yorucu bir proses olduğunu etiraf edib. O, içərisinə daxil olduğu sahənin öz hisslərinin daim açıq olmasını tələb etdiyini vurğulayır. Şirniyyat və ya kulinariya sektorunda çalışmaq istəyənlərə isə bir tövsiyəsi var - eqolarından uzaq durmaq.
Qeyd edək ki, Pomak indi öz yaratdığı “Borni’s Kitchen” adlı marka üçün çalışır.
Dilək Yaman nə tövsiyə edir?
Dilək Yamanın ağlında hər zaman öz kafesini açmaq vardı. 1985-ci ildə Bursada doğulan Dilək Mərmərə Universitetinin İncəsənət fakültəsində Fotoğraf Bölməsində təhsil almaq üçün İstanbula gələndə sənətindən pul qazana bilməyəcəyini bilirdi. Ancaq bahalı təhsili üçün o, gecə-gündüz çalışdı. Belə ki, gündüz reklam çəkiliş meydanlarında fotoqraflıq edən gənc qız axşamlar gecə klubunda ofisiant kimi işləyirdi. Beləliklə, həm təhsil xərclərini ödəyirdi, həm də öz xəyali biznesini qurmaq üçün dostlar və təcrübə qazanırdı.
Dilək və həyat yoldaşı Mərt universitet təhlilini bitirdikdən sonra evləndilər. Dilək Kadıköydə dostlarının bir fotostudiyasına ortaq oldu. Onların işi yaxşı gedirdi. Lakin Dilək həmişə bu sektorun kişilərin hakimiyyəti altında olmasından şikayətçi idi. Son zərbəni isə 2015-ci ilin fevral ayında bir tekstil fabrikindəki çəkilişlər zamanı aldı. Artıq bu işdən pul qazanmaq istəmədiyinə qərar verdi. Yoldaşı ilə Bursa səfərinə gedərkən iti Kozmosu Şişlidə yaşayan bir dostuna həvalə etmişdilər. 2015-ci ilin may ayı idi. Bir gün bayırda gəzərkən Kozmos israrla dostlarını indi kafenin yerləşdiyi küçəyə sürüyur və o zaman onlar "kirayə" elanını görürlər. Həmən an xəbəri Diləyə çatdırdılar. Dilək Kozmosun sayəsində tapılan bu dükanı tezliklə kafeyə çevirmək qərarına gəldi.
Tezliklə kafenin sərmayəsi də toplandı. İki gün sonra kafenin açılmasına qərar verdilər və adı “Cozmos Coffee Bomonti” oldu. Burada əsas məqsəd bir-birlərini tanımayan qonşuları, insanları tanış etmək idi və 3 ilin sonunda belə də oldu. İndi 10,5 kvadratmetr sahəsi olan kiçik kafe məhəllənin görüş nöqtəsinə çevrilib. İndi məhəllənin bütün açarları Diləyin əlindədi, dedi-qoduları da.
Mağazada satdığı hər şeyi özü hazırlayır. Lazım olan ərzaqları isə vasitəçi olmadan birbaşa istehsalçılardan alır. Dilək çox böyük pullar qazanmaq istəmir, ona görə də kafenin filiallarını açmaq məsələsinə soyuq yanaşır. Bəs başqa hədəfləri yoxdur? Əlbəttə ki, var. Onlar heyvanlara yemək verməyi düşünürlər, məsələn, geridə qalan 8 “Kozmik bazar”da və atelyedə təlimlərini davam etdirmək istəyirlər. Onların həyatında “Kozmik bazar”ın xüsusi yeri var, çünki burada gəlirlərinin 10 faizi birbaşa küçə heyvanlarına bağışlanır.
"Hər kəs bunun dəlilik olduğunu düşünür. Ara küçədə qəhvə dükanı... Mən heç vaxt böyük qələbəlik olan prospektlərdə işləmək istəmədim. Ara küçədə öz halınla, müştərinin səni tapdığı bir yer və hər kəslə təmas qura biləcəyin məkan istəmişdim. Bunu etmək istəyənlərə də ən böyük tövsiyəm budur ki, dükanlarından əl çəkməsindlər. Mən hər şeyi özüm edirəm və bunu etmək məcburiyyətindəyəm. Əks təqdirdə, işimdən əl çəkməliyəm".
İlk mikserini kreditlə aldı və …
Mehtap Yıldız Erciyes Universitetin Tekstil Texnikumundan məzun olduqdan sonra tekstil firmasında işləməyə başlayır. Sonra zərgərdə işə başlayır. Amma yenə də xoşbəxt deyildi. Buradan da ayrılır və kimya sənayesində çalışmağa başlayır. Burada 5 ilə yaxın qalıb işləyir, ancaq yenə də həyatında nələrsə çatmırdı. Mehtap onu xoşbəxt edəcək, sevdiyi bir işlə məşğul olmaq istəyirdi. Eskişehir Anadolu Universitetinin İdarəetmə fakültəsində də təhsilini tamamlayır.
O, 25 yaşında olanda indi “Candy Oven” adlandırdığı mağazanı qurmaq üçün işə başlayır. Mehtapın indi 30 yaşı var və İstanbulda kiçik sexdə tortlar və kekslər hazırlayır. Eyni zamanda tədbirlər təşkil edir, təhsil verir. İşə başladığı ilk 1 ildə satacağı məhsulların reseptlərini hazırlayır. Sonra bu sahədə təlim keçir və öz evində istehsala başlayır. Satışa isə sosial şəbəkələrdəki hesablarından başlayır.
Mehtap vəziyyətini belə təsvir edir: "Hər şeyi addım-addım əldə etdim. Əvvəlcə mən mikserimi kreditlə aldım. Məndə iki ev sobası vardı. Sonra peşəkar sobaya keçdim. Artıq az da olsa pul qazanırdım. Qazandıqlarımı öz işimə sərmayə olaraq yatırdım. Sifarişləri vaxtında çatdırmaq üçün bir dəfə ardıcıl 55 saat çalışmışdım. Şirniyyatlarda təbii ərzaqlar istifadə edirdim. Xəyal qurmaqdan imtina etməməlisiniz. Bu yolda çətinliklər də olacaq. Qorxmadan davam etmək lazımdır. İşlədikcə müvəffəqiyyət gələcək".
Bütün investisiyası borcla oldu
Özge Teker hələ universitetdə memarlıq öyrənərkən hər şeyi bir tərəfə atıb kafe açmaq və şirniyyatlar, tortlar hazırlamaq arzusunda idi. Hələ 21 yaşındaykən dostu, indi həyat yoldaşı olan Fırat Teker ilə birlikdə xəyalını gerçəkləşdirmək üçün yola çıxdı. Onların nə planları, nə də təcrübəsi yox idi. Özge bir gün Səudiyyə Ərəbistanında yoldaşı ilə birgə gəzərkən kiçik bir dükan görür. Və "niyə bizdə də olmasın?" deyə düşünür. Həyat yoldaşı ilə birgə heç bir hesablama aparmadan 30 kvadratmetrlik bir mağazanı götürürlər. “Sifariş verərlər, tort hazırlayıb satarıq” deyə işə başlayırlar. Və bu müddətdə Instagramdan yararlanırlar. Özge sosial şəbəkədə “Fiyonk” adı ilə bir çox tanınmışların səhifələrinə daxil ola bilir və onlara tort hazırlayır. Bir müddət sonra artıq 30 kvadratmetrlik sahə onlara kifayət etmir.
Ataşehirdə daha böyük bir yerə köçürlər. 2 il sonra Bağdat Prospektinə geri qayıdırlar. Özge Caddebostanda 150 kvadratmetrlik bir yerdə “Fiyonk Bakery” adlı kafe açır. Özge bu işə başlamaq istəyənlərə çətinliklərini belə izah edir: "Bu asan deyildi. Dəfələrlə ağladığımı, bu işdən əl çəkmək istədiyimi xatırlayıram. Amma bunu bacarmağa məcbur idik. Bu işə başladığımızda, həqiqətən, çox pul sərf etmədik, amma heç pulu olmayan biri üçün həmin məbləğ böyük pul idi. Bütün sərmayəni borclarla etdik. Sonra düşündük ki, bu işlərlə məşğul olanlar da kiçik dükanlardan başlayıblar. Hər hansı işə başlayarkən insanın öz gücünü kiçiltməməsi lazımdır. Bütün işlərin şifrəsi budur.
7 ildə sərhədləri aşdılar
Onlar illərlə tekstil şirkətlərində model evinin meneceri olaraq çalışırlar. Ancaq bütün düşüncələri, fikirləri gəlinlikdə idi. Yanlış anlamayın, bu 3 bacının xəyalı gəlinlik geymək deyil, bütün dünyaya bu libası geyindirmək idi. Aynur, Elanur və Öznur Pekşen başqalarının tekstil müəssisələrində candərdi çalışsalar da anaları Havva Pekşenin təməlini qoyduğu gəlinlikdən də uzaq dura bilmirdilər. 2011-ci ildə onlar bütün işlərini tərk edərək öz gəlinlik dükanlarını açmağa qərar verirlər. Bacılar İstanbulun Kuyumcukent adlanan hissəsində bir dükan tapırlar və üçü də bütün təcrübələrini işləri üçün bir araya gətirirlər.
Öznur deyir ki, bu sahədə təhsil alsalar da anasının yeri fərqlidir: "İlk müəllimimiz Havva Pekşendir. Bu mənada işimizin təməli anamdan başlayır. Liseyi bitirdikdən sonra biz 3 bacı 3 il kurslara getdik".
Bacılar illər boyu enişli-yoxuşlu yollarla rastlaşdılar, ancaq heç vaxt çəkilmədilər, qorxmadılar. Dükanı açarkən də ancaq öz təcrübələrinə arxalanırlar, üç bacı həmişə bir-birinə dəstək olurlar. Beləcə, Türkiyə xaricində - Qatar, Səudiyyə Ərəbistanı, Dubay, Küveyt, Özbəkistan, Fransa, Almaniya və Hollandiyada bir çox qadın onların gəlinliyini geyinir.