Vergi məsələləri üzrə ekspert Anar Bayramov, sərnişin daşımalarıyla məşğul olan şəxslərin vergiyə cəlb edilməsi xüsusiyyətlərini izah edib.
FED.az həmin izahatı təqdim edir.
Eləcə də bax: DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir
Vergi Məcəlləsinin 218.4-cü maddəsinə əsasən sərnişin daşıma və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmalıdır.
Lakin Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən sərnişin daşıma fəliyyəti ilə məşğul olan şəxslərin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq üçün könüllü qaydada ərizə vermək hüququ var. Amma belə olan halda həmin şəxslər mütləq bəzi tələblər var ki, həmin tələblərə cavab verməlidir.
Məsələn, həm göstərdiyi xidmətlərin dəyərini müştəridən nağdsız qaydada əldə etməlidir, həm digər şəxslərdən aldığı xidmətlərin dəyərini nağdsız qaydada onlara ödəməlidir.
Habelə digər vergi ödəyicilərinə göstərdiyi xidmətləri elektron qaimə faktura təqdim etməlidir, həmçinin gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirməlidir.
Həmçinin vergi ödəyicisi göstərdiyi xidmətlər üzrə əməliyyatlarının uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərindən aparmalıdır və vergi orqanına həmin sistemə məsafədən çıxış imkanı yaratmalıdır.
Yalnız belə olan halda həmin vergi ödəyicisi könüllü qaydada ƏDV ödəyicisi ola bilər. Belə olan təqdirdə vergi ödəyicisi vergi tutulan əməliyyatlarını ƏDV-yə cəlb edir, əldə edilmiş elektron vergi hesab fakturaları üzrə ƏDV məbləğlərini əvəzləşdirir. Əks təqdirdə sərnişin daşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmalıdır.
Onu da qeyd etmək lazımdır ki, mütləq deyildir ki, vergi ödəyicisi yalnız mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri ilə daşımaları həyata keçirsin. Vergi ödəyicisi həm də daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirə bilər.
Yük daşıma və sərnişin daşıma fəaliyyəti, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyekti mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir.
Daşımaları həyata keçirən şəxslər mütləq Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” əldə etməlidirlər.
Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən avtomobil nəqliyyat vasitələri ilə taksi ilə sərnişin daşınmasına görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir ədəd nəqliyyat vasitəsi üçün 9.00 manat, taksi istisna olmaqla sərnişin daşınmasına görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir oturacaq yeri üçün 1.80 manat, yük daşıması üçün isə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği yükgötürmə qabiliyyətinin hər tonuna görə 1.00 manatdır.
Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, oturacaqların sayı hansı sayda olduqda bu nəqliyyat vasitəsilə sərnişin daşıması taksi fəaliyyəti və ya taksi fəaliyyəti hesab edilməyən sərnişin daşıma fəaliyyəti hesab edilir.
Məsələn, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsin oturacaqlarının sayı sürücünün oturacaq yeri də daxil olmaqla doqquz olan 1 ədəd “Mercedes Vito” markalı avtomobil nəqliyyat vasitəsi, oturacaqlarının sayı on iki olan “Ford Transit” markalı nəqliyyat vasitəsi vardır.
“Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi taksi minik avtomobili adlanır. Belə olan təqdirdə “Mercedes Vito” markalı avtomobil nəqliyyat vasitəsi ilə sərnişin daşınması taksi fəaliyyəti sayılır, “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə sərnişin daşınması isə taksi fəaliyyəti hesab edilmir.
Taksi ilə sərnişin daşınması həyata keçirildiyi halda bu nəqliyyat vasitəsi üçün 9.00 manat, taksi istisna olmaqla sərnişin daşınması həyata keçirildiyi halda isə hər oturacaq yeri üçün isə 1.80 manat sadələşdirilmiş vergi ödənilir.
Amma nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz sadələşdirilmiş vergi məbləğlərinə daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq əmsallar tətbiq edilir. Belə ki, əgər bu fəaliyyət Bakı şəhərində, o cümlədən kənd və qəsəbələrində həyata keçirilirsə qeyd edilən vergi məbləğlərinə 2.0 əmsalı, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirillirsə 1.5 əmsalı, digər şəhər və rayonlarda həyata keçirilirsə isə 1.0 əmsalı tətbiq edilir. Əgər fəaliyyət Sumqayıt şəhəri ilə Bakı şəhəri arasında həyata keçirilirsə o zaman daha yuxarı əmsal, yəni 2.0 əmsalı təybiq edilir.
Məsələn mülkiyyətində yuxarıda qeyd edildiyi kimi oturacaqlarının sayı sürücünün oturacaq yeri də daxil olmaqla doqquz olan 1 ədəd “Mercedes Vito” markalı avtomobil nəqliyyat vasitəsi, oturacaqlarının sayı on iki olan “Ford Transit” markalı nəqliyyat vasitəsi Gəncə şəhəri ilə Bakı şəhəri arasında sərnişin daşımasını həyata keçirən vergi ödəyicisinin ay ərzində sadələşdirilmiş vergi öhdəliyi “Mercedes Vito” markalı avtomobil nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti üçün ay ərzində əldə etdiyi gəlirdən asılı olmayaraq 9.00 manat*2 əmsal=18.00 manat,
“Ford Transit” markalı nəqliyyat vasitəsi ilə sərnişin daşıma fəaliyyəti üçün isə 12 oturacaq sayı*1.80 manat*2=43.20 manat təşkil edir.
Əgər vergi ödəyicisi həm daşıma fəaliyyəti ilə, həm də digər fəaliyyətlə məşğuldursa, o zaman həmin şəxslər gəlirlərinin və xərclərinin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparmalıdır və bir fəaliyyət növü üzrə mənfəəti və ya zərəri digər fəaliyyət növündən əldə edilmiş mənfəətə və ya zərərə aid etməməlidir.