Müsahibimiz Ticketsetup startapının təsisçisi Pərvin Əmirovdur. O, 17 iyun 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsini bitirib. Eyni ixtisas üzrə magistr təhsili alib. Kariyerasına 1999-cu ildə veb proqramçı kimi başlayıb.
ELƏCƏ DƏ BAX : Azərbaycanda 50 sahibkara - İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ VERİLİB
Gəlin qurduğunuz layihədən başlayaq. Ticketsetup nədir?
Ticketsetup tədbir təşkilatçıları və tədbirlərin keçirildiyi məkanlar üçün nəzərdə tutulan elektron bilet sistemidir.
Ticketsetup ideyası necə yarandı?
Ticketsetup ideyası 2013-cü ildə yaranıb. 2017-ci ildə ABŞ-da şirkətləşib. Biz İçərişəhərdə Dövlət Tarix Memarlıq qoruğu idarəsində digər layihəmizlə bağlı görüş təyin etmişdik. Görüş zamanı İçərişəhərdə avtomatlaşdırılmaya ehtiyacı olan sahələr üzrə bizə məlumat verildi və soruşulduki, siz bunlardan hansı problemin həllinə kömək edə bilərsiniz. Bu problemlərdən biri bilet sistemi ilə bağlı idi. Onlar bilet satışlarının avtomatlaşdırılması və mərkəzləşmiş şəkildə idarə olunmasını istəyirdilər. Mən onlardan 2 gün vaxt istədim və layihənin həm texniki tərəflərini, həm də qlobal bazarda perspektivi olub-olmadığını araşdırdım. Belə bir layihənin qlobal bazarda çox böyük bir bazar sahibi olduğunu gördüm. Həmin vaxtlar mən həm qlobal layihə etmək istəyirdim, həm də edəcəyim layihənin yerli problem həll etməsini. Beləliklə biz layihəni həyata keçirməyə başladıq. Hər yeni müştəri qazandıqca biz texniki imkanlarımızı daha da artırırdıq. Bütün müştərilərə qiyməti az və simvolik şəkildə söyləyirdik ki, müştəri qazanaq və portfelimizi inkişaf etdirək. Bir müddət sonra əlimizdə çox funksional bir layihə olduğunu gördük və başladıq qlobal bazara fokuslanmağa.
Artıq 6 ildir ki, bu layihə üzərində işləyirəm, güclü komandamız var, motvasiyamız günü-gündən artır və qarşıda çox böyük planlarımız var.
İşə başlayanda neçə nəfər idiniz və hazırda komandada neçə nəfərsiniz?
İşə 2 nəfər başlamışıq. Mən və layihənin texniki direktoru Camal. Bizim Camalla bu layihəyə başlamazadan əvvəl bir neçə uğurlu layihəmiz və 10 ilə yaxın birgə iş təcrübəmiz olmuşdu. Ona görə də bu layihəni həyata keçirmək bizim üçün çətin olmadı. Hazırda komandamızda 12 nəfər işləyir. Onların hamısı öz sahəsində olduqca peşəkar insanlardır. Komandamızda sağlam atmosfer və dostluq münasibəti var. Hətta münaqişəli zamanlarda belə bir-birimizi çox gözəl başa düşürük.
Sistemi yaratmağa gündə neçə saat vaxt sərf edirdiniz?
İlkin versiya təqribən 3 ay ərzində ərsəyə gəldi. İndiki versiya ilə müqayisə olunacaq dərəcədə deyildi. Bəzən özümüz köhnə versiyaya baxanda çox gülürük və hazırda nə qədər inkişaf etdiyimizi əyani olaraq görə bilirik. Biz gündəlik olaraq funksionallıq üzərində durmadan çalışırıq və bu istiqamətdə hələ 1 illik hədəfimiz var. Sistemi yaradarkən bizim üçün vaxt anlayışı yox idi. Demək olar ki, sutkanın çox böyük bir hissəsini layihəmizə həsr edirdik. Yadımdadır hətta naharaımızı da kompüter arxasında edirdik. Əslində indi də demək olar ki, oxşar rejimdə çalışırıq.
Bir az da rəqiblərinizdən danışaq. Azərbaycanda bazarında Ticketsetup’ın rəqibləri varmı?
Ümumiyyətlə bu bazar çox rəqabətli bazardır. Bu da təsadüfi deyil. Belə ki, hazırda dünya bazarında ümumi pay 68 milyard dollardır. Dünya bazarında rəqiblərimiz kifayət qədər çoxdur. Lakin bizim sistemin texniki imkanları və həmçinin qiymət siyasətimiz rəqabətə davamlıdır. Hətta bir çox məqamlarda kifayət qədər üstünükş Bu da bizə imkan verir ki, bazarda davamlı şəkildə öz mövqeyimizi qoruya bilək. Ən böyük rəqiblərimizdən biri Eventbrite-dır. Amma sizə onu deyə bilərəm ki, müqayisə etsək bizim texniki imkanlar heç də onlardan geri qalmır. Tam məsuliyyətimlə deyə bilərəm ki, hətta bəzi məqamlarda üstələyir. Qiymət baxımından isə biz onlardan təxminən 6-7- dəfə ucuzuq. Bizim digər 2 kiçik rəqimizi bu şirkət satın alıb. Azərbaycan bazarında rəqabət aparmırıq. Bazar kiçik olduğundan rəqibimiz yoxdur. MENA regionunu araşdırmışıq. Bizim platformaya rəqib olmadığına görə bəlkə həmin bazara daxil olub 2 il uğurlu fəaliyyət göstərsək Eventbrite-ın növbəti satınalma hədəfi biz ola bilərik. Statistikaya gəldikdə isə sizə bir neçə maraqlı rəqəm deyə bilərəm. Bu günə qədər 2 milyona yaxın bilet satmışıq. Ümumi satış dövriyyəmiz 12 milyon ABŞ dollarından yuxarıdır.
Gələcək hədəflər nələrdir?
Bu ilin sonuna kimi saytımıın tamamilə yenilənmiş versiyası istifadəyə veriləcək. Yeni versiyada bir çox texniki funksionallıqlar əlavə edilib və bütövlükdə admin panel responsivdir. Bu o deməkdirki, veb brouseri dəstəkləyən istənilən cihazla çox asanlıqla sistemdən istifadə etmək mümkün olacaq. Gələcək planlarımızda backendin yeni versiyasını blokçeyn texnologiyası üzərində qurmaqdır. Bundan sonrakı hədəfimiz satış və marketinqdir. Belə ki, bu illər ərzində biz daha çox məhsulun texniki tərəfdən inkişafına üstünlük vermişik. Artıq satışlara fokuslanmaq zamanıdır.
mənbə: techland.az