Sumqayıtdan olan Sara sosial sahibkardır, BUTA Art & Sweets layihəsinin təsisçisidir.
Üç il öncə Sara Rəcəbli 160 AZN büdcə ilə öz biznesinə başlayıb. Layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan qadınların işsizlik problemini həll edərək onların maliyə müstəqilliyinə dəstək vermək idi.
Sosial Sahibkarlıqda ən böyük çətinlik və ən vacib məqsəd hər hansı bir sosial problemin həllində insanların ona qarşı olan stereotipinin, yanaşmasının dəyişdirilməsi olduğunu qeyd edən Sara Rəcəbli bildirir ki, ən çətin vəzifələrdən biri də həmin qadınların həyat yoldaşlarının iş ilə bağlı stereotipini sındırmaq və qadınların həm də öz ayaqları üzərində necə dayana biləcəyini onlara əyani şəkildə aşılamaqdır.
Bakı və Sumqayıtdan olan 20 nəfər qadınla əməkdaşlıq edərək onların hazırladığı şirniyyatlar müxtəlif ölkələrin tədbirlərində təqdim olunub və qadınların uğur hekayəsi paylaşılıb. 2018-ci ildə “Yunus & Youth” sosial sahibkarlıq proqramında iştirak etmiş, proqramın təqaüdünü qazanaraq Niderland Krallığının Haaqa şəhərində keçirilən “One Young World 2018” zirvəsində Azərbaycanı təmsil etmişdi.
Sevindirici haldır ki, 2019-cu ildə Sara Rəcəbli “Sosial Sahibkarlıq” nominasiyası üzrə Azərbaycan Respublikası Prezident mükafatının qalibi seçilmişdir. Bu da öz növbəsində fiziki məhdudiyyətli insanlara qarşı illər boyunca formalaşmış qəliblərin müəyyən dərəcədə dağılmasına, onların səsinin daha geniş kütləyə çatdırılmasına töhfə verilmişdir.
Məqsədi həm də qadınları fərdi və güclü sahibkar kimi formalaşdırmaq olan BUTA Art & Sweets layihəsi yarandığı andan etibarən indiyə qədər 50 qadın üçün 15 master klass proqramı da həyata keçirib. Eyni zamanda pandemiya dövründə Bakı və regiondan olan 100-ə yaxın qadın onlayn sosial sahibkarlıq proqramına cəlb olunmuşdu. 3 ay davam edən proqram zamanı 30-dan çox mentor iştirakçılara öz dəyərli tövsiyyə və məsləhətlərini vermişdi.
Saranın sözlərinə görə Azərbaycanda Sosial Sahibkarlığın geniş vüsət almasına təsir göstərən münbit şəraiti və ya cəmiyyətdəki bəzi sosial çatışmazlıqları nəzərə alsaq, həm sosial problemlərin həllini, həm də buna adekvat olaraq innovativ məhsulların istehsal olunmasını ideya halında birləşdirərək, güclü sosial biznes layihələri reallaşdırmaq mümkündür.
"Üç əvvəl ideyamı ətrafımda olan insanlarla paylaşanda çoxları bu layihənin reallaşacağına inanmırdı. Fiziki və əqli məhdudiyyətli insanların hazırladığı məhsulları heç kimin almayacağını düşünürdülər. Odur ki, hansısa sosial problemi həll etmək üçün heç kimi və heç nəyi gözləməli deyilik, kiçik addımlarla, hətta sıfır büdcə ilə də böyük dəyişikliklər edə bilərik" - deyə biznes ideyasına güvənməyin nə qədər vacib olduğunu vurğulayan Sara Rəcəbli, bütün maneələrə baxmayaraq hər kəsi öz sosial biznes layihəsini həyata keçirmək yolunda qətiyyətli və cəsarətli olmağa çağırır.
Arzu Ismayılova, Ərşad Məmmədov
Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur."