Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunun 2015-2017-ci illər üzrə fəaliyyətində nöqsanlar aşkarlayıb.
FED.az bu barədə Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələrinə istinadən xəbər verir.
Hesablama Palatası tərəfindən aparılan audit 2015-2017-ci illərdə Fondun fəaliyyətinin təşkili, vəsaitlərin formalaşması və istifadəsi, istifadə olunan vəsaitin həcmi və strukturu, vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinata uyğun istifadəsi, maliyyə hesabatlarının dürüstlüyü və daxili nəzarətin qiymətləndirilməsi məsələlərini əhatə edib.
ELƏCƏ DƏ BAX: Pensiya təyinatında qanunsuzluq aşkarlandı
Auditlə əhatə olunan dövr ərzində sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin həcmi 583,9 milyon manat olub ki, bu da Fond tərəfindən indiyədək verilən güzəştli kreditlərin 27,9%-ni təşkil edir. Bu kreditlərin 170 milyon manatı və ya 29,1%-i dövlət büdcəsinin vəsaitləri, 413,9 milyon manatı və ya 70,9%-i isə qaytarılmış kredit vəsaitləri və alınmış faiz gəlirləri hesabına verilib.
Verilmiş güzəştli kreditlərin 98,5 milyon manatı və ya 16,9%-i kiçik, 23,9 milyon manatı və ya 4,1%-i orta, 461,5milyon manatı və ya 79,0%-i isə böyük həcmli kreditlərdən ibarət olub.
01.01.2018-ci il tarixinə müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinə verilmiş aktiv kreditlərin qalığı 1 053,3 milyon manat təşkil edib ki, bunun da 95,6 milyon manatı və ya 9,1%-i vaxtı keçmiş əsas kredit borclarından ibarət olub. Həmçinin vaxtı keçmiş kredit borclarına görə 4 milyon manat məbləğində faiz borcu və 29,4 milyon manat məbləğində cərimə hesablanıb.
Vaxtı keçmiş kredit borclarının 75,5%-i bank lisenziyası ləğv edilmiş müvəkkil kredit təşkilatlarının, 24,5%-i isə fəaliyyətdə olan müvəkkil kredit təşkilatlarının payına düşür.
Fond tərəfindən maliyyələşdirilən bəzi investisiya layihələrinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid əkin sahələrində əsaslı tikinti işlərinin aparılması Torpaq Məcəlləsinin tələbləri pozularaq həmin torpaqların təyinatının dəyişdirilməsi ilə yanaşı, faktiki olaraq istifadəsi əkin məqsədləri üçün nəzərdə tutulmuş torpaqların dövriyyədən çıxarılmasına gətirib çıxarıb.
Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin Fond tərəfindən monitorinqlə əhatəliliyi lazımi səviyyədə təşkil olunmayaraq 2015-ci ildə aktiv layihələr üzrə sahibkarlıq subyektlərinin 11,63%-i, 2016-cı ildə 2,55%-i, 2017-ci ildə isə 7,93%-i monitorinqlərlə əhatə edilib.
Fond tərəfindən maliyyələşdirilən investisiya layihələrinin ekspertizası həyata keçirilsə də ekspertizanın keçirilməsi qaydaları hazırlanmayıb, layihələrin yerində ilkin və cari monitorinqlərinin aparılması qaydalarının layihə risklərinin minimuma endirilməsi üçün təkmilləşdirilməsinə zərurət yaranıb, investisiya layihələrində əsasən tikinti- quraşdırma işləri və texnoloji avadanlıqların alınması nəzərdə tutulsa da biznes planların ixtisaslaşmış ekspertizasının aparılması üçün Fondun yetərli kadr potensialının olmaması və kənardan peşəkar mütəxəssislərin cəlb edilməməsi ekspertizaların təkmil və əhatəli aparılması, eləcə də investisiya layihələrinin bu sahəni tənzimləyən normativ sənədlərin tələblərinə uyğun hazırlanması və təqdim edilməsində risklər yaradıb, habelə layihələrin dəyərinin bazar qiymətlərinə uyğunlaşdırılması tam nəzarətdə saxlanılmayıb.
ELƏCƏ DƏ BAX: Xarici İşlər Nazirliyində maliyyə pozuntuları - AŞKAR EDİLDİ
Bəzi hüquqi və fiziki şəxslərin Fonddan müvəkkil kredit təşkilatları vasitəsilə iqtisadiyyatın müəyyən olunmuş prioritet sahələrinin inkişafı üçün güzəştli kredit almalarına baxmayaraq, onlar tərəfindən vergi bəyannamələrində alınmış kredit vəsaitlərinin məbləğinin göstərilməməsi və ya düzgün göstərilməməsi, həmçinin gəlir əldə etmədiklərinin və ya fəaliyyətlərinin dayandırıldığının bəyan edilməsi, biznes planda nəzərdə tutulan yeni iş yerlərinin yaradılması faktlarının bəyannamədə öz əksini tapmaması, dövlətdən alınmış güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, kredit vəsaitlərinin prioritet sahələrin inkişafına yönəldilməyərək səmərəsiz xərcləndiyi, vergi hesabatlarının təhrif olunması yolu ilə vergilərin dövlət büdcəsindən yayındırıldığı və vergi intizamının pozulduğu ehtimalını göstərir.
Müvəkkil kredit təşkilatları ilə Fond arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtin müvəkkil kredit təşkilatları tərəfindən dəfələrlə pozulmasına baxmayaraq kredit təşkilatlarının "müvəkkillik" statusuna xitam verilməyib.
Fondun vəsaitləri hesabına orta və böyük həcmli kreditlərlə maliyyələşdirilən və 485,4 milyon manat məbləğində vəsaiti əhatə edən 239 investisiya layihəsindən 247,8 milyon manatı və ya 51,1%-i əhatə edən 105 layihə (43,9%), kiçik həcmli kreditlərlə maliyyələşdirilən və 98,5 milyon manat məbləğində vəsaiti əhatə edən 9 434 layihədən 1,2 milyon manatı və ya 1,2%-i əhatə edən 78 layihə (0,8%), ümumilikdə isə 249,0 milyon manatı əhatə edən 183 layihə auditlə əhatə olunub.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib, Sahibkarlığa Kömək Milli Fondunda yol verilmiş nöqsanların aradan qaldırılması, o cümlədən kredit portfelinin dayanıqlığının təmin edilməsi, vəsaitlərin müqavilə şərtlərinə uyğun vaxtında geri qaytarılması risklərinin minimuma endirilməsi və ondan qanunvericiliyə uyğun səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi, güzəştli kredit vəsaitlərinin biznes-planda nəzərdə tutulan tədbirlər üzrə xərclənməsi və qeyri-təyinat hallarının vaxtında müəyyən edilərək qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə mövcud olan monitorinq qaydalarının nəticəlilik baxımından tərkib riskləri nəzərə alınmaqla əsaslı istiqamətdə təkmilləşdirilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiliyiklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə Qərarın surəti müvafiq qaydada icra edilməsi üçün İqtisadiyyat Nazirliyinə göndərilib.
Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.
Qeyd edək ki, bu il SKMF ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.