Xəbər verildiyi kimi, noyabrın 12-də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib. İclasda gömrük sahəsində aparılan islahatlar müzakirə edilib, sahibkarları narahat edən məsələlərə toxunulub və hər bir məsələ ilə bağlı konkret tapşırıqlar verilib. FED.az görüşdə sahibkarların əsas şikayətlərini və gömrükçülərin buna cvablarını təqdim edir: Eləcə də bax: Gömrükdə "Yaşıl işıq" olan sahibkarlarla - GÖRÜŞ KEÇİRİLİB İş adamları: «Əvvəlki məsələlər həllini tapıb, təşəkkür edirik» ASK-ın vitse-prezidenti Vüqar Abbasov: May ayında baş tutmuş görüşdən sonra sahibkarların qaldırdığı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb, buna görə, DGK-nın sədri Səfər Mehdiyev başda olmaqla bütün komandaya təşəkkür edirik». Gömrük Komitəsi: «Çalışırıq» Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov: "Bizim məqsədimiz dövlət qurumu olaraq administrativ qüvvədən tənzimləyici orqana çevrilməkdir” İş adamları: «Mallar hər dəfə yoxlanılır, sərhəddə ləngiyib, əlavə xərcə düşürük» ASK-ın Nəqliyyat və logistika məsələləri ilə iş komissiyasının sədri Kamran Həbibov: Azərbaycana gətirilən bütün mallar gömrük ekspertizasına göndərilir. Bu laboratoriyanın həddən artıq yüklənməsi analizlərə çəkilən büdcə xərclərinin artması, sahibkarın isə yükünün sərhəddə ləngiməsi və hər gün üçün yüksək xərclər yaratması ilə nəticələnir. Bu prosesin sadələşdirilməsini və sahibkarın müntəzəm olaraq gətirdiyi eyni malı hər dəfə ekspertizaya göndərməməyi xahiş edirik. Gömrük Komitəsi: «Bir dəfə yoxlanılan məhsul 2 ay ərzində yoxlanmamalıdır» İ.Hüseynov: «Aktual məsələdir». Təkrar ekspertizaya göndərilmə hallarının monitorinqini aparmaq məqsədilə Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəis müavini Rauf Məmmədovla birlikdə prosedurların monitorinqinin keçirilməsi haqqında yerindəcə göstəriş verib. Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov: «Komitə sədri gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı sərəncam imzalayıb və artıq hava nəqliyyatındakı gömrük postlarında belə əlavə pəncərələr yaradılb. Gömrük inspektoru sistemdən həmin məhsulun 2 ay əvvəl ekspertizaya verildiyini görəcək və bu halda təkrar ekspertizaya göndərə bilməz. Buna sistem özü də yol verməyəcək». Sahibkar: «Vaxt itirməmək üçün 5-15% rüsum ödəyirik» «Mətanət-A» şirkətinin rəhbəri Elxan Bəşirov: «Hava nəqliyyatı ilə gətirilən mallar «0» gömrük rüsumuna düşür. Amma Beynəlxalq Hava Limanında laboratoriya olmadığı üçün sahibkar ekspertizaya vaxt itirməmək xatirinə 5-15 faiz həcmində gömrük rüsumu ödəyib malı keçirirlər. Gömrük Komitəsi: «Gömrük rüsumu tələb olunmursa ödəməyin, israr edin, sizin yanınızdayıq» Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov: «Hava limanında laboratoriyanın qurulması texniki cəhətdən çətindir. Amma «0» gömrük rüsumuna düşən mal üzrə sahibkarları rüsum ödəməməyə, israrlı olmağa dəvət edirəm. Sahibkar bir dəfə həmin mal üzrə ekspertiza rəyini alsın, həmin məhsulu təkrar gətirəndə artıq onun əlində müvafiq rəyi olacaq və sənədi göstərib heç bir rüsum ödəməsin. Biz sizin yanınızdayıq, hər cür dəstək verməyə hazırıq, prosesi birlikdə izləyək və harada nöqsan varsa, düzəldək». Sahibkarlar: «Ödənişin gec oturması, parkinq, təkrar vergiyə cəlb etmə problemləri var» ASK-ın digər üzvləri çıxış edərək - DGK-nın internet resurslarının çalışmasında yaranan nöqsanlar, - təmirə gedən avadanlıqların təkrar gətirilməsi zamanı yaşanan çətinliklər, - Azərbaycanın ikinci sənaye şəhəri Sumqayıtda yük maşınları üçün parkinq problemi, - bank hesablarından edilən ödənişlərin DGK-nın hesabında 2-3 gündən sonra görünməsi, - saxta məhsulların bazarlara yol tapması, - qısamüddətli bəyannamələr üzrə prosedurların icrası və cərimə haqlarının çox yüksək olması barədə danışıblar. Gömrük Komitəsi: «Cərimələrə yenidən baxılacaq» DGK-nın sədr müavini İsmayıl Hüseynov: - təmir üçün ölkədən çıxarılan avadanlıqlar gətirilərkən (əlavə detal quraşdırılmayan) heç bir gömrük rüsumu ödənilmir, - ödəmələrlə bağlı ani ödəniş sistemi üzərində iş gedir, - cərimələrlə bağlı hədlərə yenidən baxılması vaibdir - Gömrük Komitəsi sahibkarların yanındadır, bütün məsələlərin həllində əməkdaşlıq etməyə imkan var.
|