Azərbaycanda qanunvericiliyə nəzərdə tutuan dəyişikliyə əsasən sahibkarlar və biznes sahiblərinə hüquq verilir ki, yoxlamaya gələn qurumun nümayəndəsinə yoxlama aparmasına icazə verməsin.
FED.az xəbər verir ki, bu «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanuna ediləcək dəyişikliklərdə nəzərdə tutulur.
Milli Məclisdə müzakirə edilən qanun layihəsində yoxlamalar zamanı, sahibkarların və yoxlayıcıların hüquq və vəzifələri dəqiqləşdirilib.
Qanuna görə, bəzi hallarda sahibkarların yoxlama aparmasına icazə verməmək hüququ var. Bu hallardan biri yoxlamaların plan üzrə dövrülüyünün pozulmasıdır. Plan üzrə yoxlamaların aparılması dövrülüyü qanunun 10-cu maddəsində göstərilib.
Həmin maddəyə əsasən sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz.
Belə ki, yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq; aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq yoxlama aparıla bilər.
Bununla yanaşı, yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində bu müddətlər yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfə, orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfə, aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfə nəzərdə tutulub (Biznesdə yoxlama aparılması dövrləri – daha ətraflı).
Bundan başqa, qanuna edilən dəyişikliklərə görə, yoxlama aparılması ilə bağlı müddətlər pozulanda da sahibkar yoxlama aparılmasına icazə verməyə bilər. Həmin müddətlər qanunun 18-ci maddəsində göstərilib. Həmin maddəyə görə, plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda 10 iş günündən, orta, kiçik və mikro sahibkarlarda 5 iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda 5 iş günündən, orta, kiçik və mikro sahibkarlarda 3 iş günündən artıq olmamalıdır (Maddə 18 – daha ətraflı).