Xəbər verildiyi kimi, 2020-ciildə Vergi Məcəlləsinə növbəti dəyişikliklər gözlənilir.
FED.az-ın məlumatına görə, hazırlanan layihədə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.
Eləcə də bax: Vergi Məcəlləsində daha bir yenilik – «RİSKLİ VERGİ ÖDƏYİCİSİ»
Budəfəki dəyişikliklərdə ən maraqlı yenilik Məcəlləyə «riskli vergi ödəyicisi» anlayışının daxil edilməsidir. Belə kateqoriyaya düşənlərə qarşı çoxsaylı ciddi tədbirlər görüləcək. Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev bildirir ki, 10 yeni müddəada toplanan bu tədbirlər riskli vergi ödəyicilərini ağır vəziyyətə sala bilər.
Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklərin təhlili nəticəsində məlum olur ki, riskli vergi ödəyicisi adını almış təsərrüfat subyektlərini aşağıdakı neqativ hallar gözləyir:
1. Riskli vergi ödəyiciləri qanuni Qərarla təsdiq olunmuş meyarlara uyğun olaraq və barəsində qanuni Qərar verilməklə müəyyənləşəcəkdir.
2. Riskli vergi ödəyicisi haqqında məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunmayacaq, yəni kütləvi yayıla biləcək.
3. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda növbədənkənar səyyar vergi yoxlaması aparıla biləcək.
4. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas yaranır.
5. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq.
6. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması mümkün olmayacaq.
7. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq ediləcək.
8. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə biləcək.
9. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməyəcək (yəqin ki, gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd kimi də hesab etməyəcəklər).
10. Əvəzləşdirilən vergi məbləği riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq ediləcək.
M.Babayevin fikrincə, bütün bu hallar vergi ödəyicisinin vergi yükünün artmasına gətirib çıxarması ilə bərabər onun boykotuna da səbəb ola bilər: «Hesab edirəm ki, "Riskli vergi ödəyicisi" meyarlarının müəyyən edilməsi məsələsində Vergi orqanı həssas olmalı və nəzərə alınmalıdır ki, illərlə biznes fəaliyyətini qurmuş sahibkarın ani neqativ ad almaqla fəaliyyəti zəifləyə, biznes çevrəsi darala, hətta kütləvi etiraza məruz qala, mənəvi alçala bilər, süni şişirdilmiş qınaq obyektinə çevrilə və nəticədə mallarının, iş və xidmətlərinin alışından kütləvi imtinalar baş verməklə biznesinin digər normal hissəsi də çökə bilər».