Azərbaycanda aktiv həyat tərzi tədricən bərpa olunmaq üzrədir.
Eləcə də bax: Kafe və restoranların daxilində xidmət göstərilməsinə - İcazə Verildi
FED.az xəbər verir ki, avqust ayında açıq havada fəaliyyətə başlayan ictimai iaşə obyektləri sentyabrın 8-dən qapalı məkanlarda da xidmət göstərməyə başlayıblar. Restoranlarda gigiyenik tələblərin təmin olunması yeni həyat tərzinə keçidin əsas şərtlərindən biridir. Bu məkanlara üz tutan vətəndaşlara təqdim olunan xidmətlərin təhlükəsizliyi baxımından isə müəyyən edilmiş qaydalara ciddi əməl olunması vacib şərtdir.
Restoranlarda xidmət necə təşkil edilməlidir?
Restoranların zallarında və kabinetlərində xidmət göstərilməsi qaydası Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun yumşalma ilə bağlı qərarı əsasında tənzimlənir. İlk növbədə, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Normadan artıq müştəri qəbulu və sıxlıq qanun pozuntusudur. Qida qəbulu zallarında, otaqlarda, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə obyektin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaqların sayı, masalararası məsafə, adambaşına müəyyən edilmiş sıxlıq normaları göstərilməlidir. İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən bu məqsədlə dispenserlərin yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
İctimai iaşə obyekti dedikdə, restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər nəzərdə tutulur. Bu qaydalar onların hər birinə aiddir. Qapalı məkanlarda yoluxma riskinin daha yüksək olması nəzərə alınaraq havalandırma, təmassız xidmətlərin təşkili, dezinfeksiya işlərinin keçirilməsi ilə bağlı qoyulmuş tələblərə ciddi riayət olunmalıdır. Restoranlar ümumi istifadə üçün nəzərdə tutulmuş qida məhsullarını birdəfəlik qablaşdırmalarla əvəz etməlidirlər. Əl və tənəffüs gigiyenasına riayət etməklə yanaşı, alət və avadanlıqların təmizliyi də COVID-19-a yoluxmanın qarşısını alan zəruri tədbirlərdəndir. Bu baxımdan, istifadə edilən qida vasitələri gigiyena qaydalarına uyğun şəkildə təmizlənməli, üstüörtülü vəziyyətdə saxlanılmalı və əllə təmas olmadan qonaqlara təqdim edilməlidir.
Restorana gələnlərin məsuliyyəti...
Təbii ki, ictimai iaşə, o cümlədən restoranlara gələn müştərilər də müəyyən edilmiş qaydaların tələblərinə ciddi riayət etməlidirlər. Bu, yeni həyat tərzinin tələbləri olmaqla, hər kəs üçün vacibdir. İnsanlar özləri ilə birgə başqalarının da sağlamlığına qayğı ilə yanaşmalı, hərarət, yorğunluq və halsızlıq kimi əlamətlər müşahidə etdikləri halda, bu cür məkanlara getməkdən çəkinməlidirlər. Restoran seçərkən qaydalara riayət edən məkanlara üstünlük verilməlidir. Restoranda masanı əvvəlcədən sifariş etmək və ya boş yerin olması ilə maraqlanmaq sıxlıq yaratmamaq və vaxt itkisinə yol verməmək baxımından əlverişlidir. Müəssisəyə daxil olan zaman əlləri dezinfeksiya etmək, tibbi maska taxmaq və sosial məsafə tələbinə əməl etmək, eləcə də qapıların dəstəyinə, ümumi istifadə üçün nəzərdə tutulmuş digər yerlərə əllə toxunmaqdan çəkinmək, yeməkdən öncə əllərin təmizliyinə bir daha əmin olmaq lazımdır. Restoranda insanların ümumi istifadəsində olan yerlər çoxdur və işçi heyət bu yerləri tez-tez dezinfeksiya etsə belə, müştərilər də əllərini dezinfeksiya etməklə toxunduqları yerlərdən qorunmuş olarlar. Bundan başqa, elektron menyudan istifadə etmək, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qida məhsulları və vasitələrinə üstünlük vermək və ödənişlərin təmassız aparılmasına çalışmaq lazımdır.
Koronavirus pandemiyasının mövcud olduğu dövrdə də normal istirahəti təşkil etmək mümkündür. Lakin yeni qaydalara riayət etməklə... Qaydaların çox, tələblərin geniş və əhatəli olması insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsiri ilə əlaqədardır. Karantin rejiminin tətbiqi ilə yoluxma sayının azalması göstərdi ki, sosial izolyasiya virusun yayılmasının qarşısını almaq üçün güclü təsirə malikdir. Yeni həyat tərzi sosial izolyasiya şəraitində də sosiallaşmanın mümkünlüyü təmin edir. Təcrübə göstərir ki, müvafiq sahələr üzrə karantin rejiminin yumşaldılması zamanı metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi müsbət nəticələrin əldə olunmasına imkan verir. (Trend)