Koronavirus epidemiyasının yayılması ilə əlaqədar məhdudiyyətlər tətbiq edilən sahələrdən biri də ictimai iaşə sektorudur. Belə məhdudiyyətlərə misal olaraq ictimai iaşə obyektlərinin saat 21:00-dan sonra fəaliyyət göstərməsinə qadağa qoyulmasını göstərə bilərik.
Eləcə də bax: Konfederasiyadan müraciət: «MƏHDUDİYYƏTLƏR BİZNESƏ ZƏRƏR VURUR»
Təbii ki, bu tip qadağalar həmin obyektlərin sahibləri üçün iqtisadi zərərə səbəb olur. Eyni zamanda digər sahələrdə olan məhdudlaşmalardan da bu ictimai iaşə sektorunun təsirlənməsi, maddi zərər görməsi qaçılmazdır.
FED.az Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi “report”a açıqlamasına istinadən xəbər verir ki, koronavirus təhlükəsinə qarşı ölkədə həyata keçirilən məhdudlaşdırma tədbirləri nəticəsində restoran və hotel sahiblərinə dəyən maddi ziyan dövlət tərəfindən qarşılanmalıdır:
"Çünki koronavirus ümumi bir bəladır və bunun yayılmasında, eyni zamanda iqtisadi zərərlərində biznesin günahı yoxdur. Bir sıra qurumlar var ki, onların işi məhz ictimai iaşə obyektlərinin işini koordinasiya etməkdən ibarətdir. Bu kimi qurumlar işgüzar dairələrlə görüşlər təşkil etməlidir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyi və digər qurumlar bu istiqamətdə işgüzar dairələr və assosiasiyalarla görüşlər keçirib onların fikirlərini öyrənmir. Bu cür görüşlər təşkil edilməlidir ki, biz də sahibkarlara dəyən zərərin azaldılması üçün hansı tədbirlərin görülməli olduğu barədə öz fikirlərimizi bildirək. Belə bir təşəbbüs yalnız Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülüb, bir sıra assosiasiya nümayəndələri ilə görüşülüb fikri mübadiləsi aparılıb.
Sahibkarlara dəyən zərəri yüngülləşdirmək üçün bir sıra stabil xərclərin dövlət tərəfindən qarşılanması yaxşı olardı. Bunlara misal olaraq icarə haqları, əməkhaqları, kommunal haqlar və digər xərcləri göstərmək olar. Hazırda biz bu kimi təkliflər üzərində işləyirik. Gələn həftəyə qədər bu fikirləri ümumiləşdirib AQTA, KOBİA və Dövlət Turizm Agentliyinə təqdim edəcəyik".
Bundan başqa, S.Dübəndi hesab edir ki, ictimai iaşə sektorunun vəziyyətini nəzərə alaraq restoranları tamamilə bağlamaq lazım idi: "Bu müddət ərzində ictimai iaşə obyektlərində dezinfeksiya işlərinin aparılması daha məqsədəuyğun olardı.
Məncə, saat 21:00-a qədər olsa belə, insanların ictimai iaşə obyektlərinə üz tutması bir qədər təhlükəlidir. Bunun qarşısını almaq üçün həmin obyektlər bir müddət tamamilə bağlanmalı idi. Nəzərə alaq ki, bizim bir sıra belə obyektlərdə onsuz da sanitar-gigiyena qaydaları pozulurdu. Odur ki, bugünkü vəziyyətdə daha ciddi addım atmaq lazım idi. Çünki dövlət özü də əhalini evdə oturmağa, küçələrdə çox gediş-gəliş etməməyə çağırıb".