Vergi Məcəlləsindəki yeniliklərdən biri də pərakəndə ticarət və ictimai iaşədə nağdsız dövriyyənin genişləndirilməsi üçün həvəsləndirici güzəştlərin tətbiqidir.
FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Məcəllənin 102.1.24 və 106.9-cu maddələrinə görə, qeyd olunan 2 sektor üzrə gəlir (həmçinin mənfəət) vergisinin ödəyiciləri olan subyektlər bu güzəştdən yararlana biləcəklər.
ELƏCƏ DƏ BAX: Sahibkarlara kreditə görə subsidiya verilməsində – YENİLİK
Güzəşt həm fərdi sahibkarlara, həm də hüquqi şəxslərə aid olacaq:
“Məcəllənin, 219.9-cu maddəsinə görə, sadələşdirilmiş vergi ilə çalışan pərakəndə ticarətçilər və restoran (kafe, yeməkxana və s.) şəbəkəsi də oxşar güzəştdən bəhrələnə biləcək.
Mexanizm belə olacaq: gəlir (mənfəət) vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olan subyektlərin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər hesabına əldə olunan gəlirləri (dövriyyəsi) ayrıca hesablanacaq. Həmin məbləğ üçün büdcəyə ödənilməli olan verginin məbləği müəyyən ediləcək və sonda köçürülməli olan verginin məbləği 25% azaldılacaq. Sadə desək, sizin xərclər çıxılandan sonra rüblük gəliriniz (mənfətiniz) 1000 manat olub və onun yarısı (50%-i) nağdsız dövriyyədir. Bu halda 500 manatlıq gəlir üçün 20% (mikro sahibkarlar üçün 5%) vergi öhdəliyiniz nə qədər olacaqsa, 25% sizə güzəşt olacaq.
Oxşar stimullaşdırma istehlakçılar üçün də nəzərdə tutulub. Məcəllənin 165.5-ci maddəsinə görə fiziki şəxs olan istehlakçılar pərakəndə ticarət və ictimai iaşə sektorundan alınmış mallara görə ödənilmiş ƏDV-nin 10 və 15%-ni geri ala biləcək. Belə ki, ödənişi nağd aparıb kassa çeki alanlar ƏDV-nin 10%-ni, nağdız ödəniş etdikdə isə 15%-ni geri ala biləcək. Bu güzəşt neft və qaz məhsullarına aid deyil.
Əhali üçün nəzərdə tutulan həvəsləndirmə isə həmin 2 sektorda uçotsuz dövriyyənin qarşısı almağı hədəfləyir. Doğuracağı problemlər olmasa, müsbət yenilikdir.
Söhbət hansı problemlərdən gedir?
1) Bu dəyişiklilər əhalinin xırda ticarət obyektərinə axınını xeyli azalda bilər. Bu xüsusilə də əyalətlərə, əsasən də kənd yerlərinə aiddir. Çünki əyalətlərdə internet infrastrukturunun zəif olması, elektrik təsərrüfatının keyfiyyətinin aşağı olması POS-terminalların tətbiqi imkanlarını məhdudlaşdırır.
2) Əhalinin böyük bir hissəsinin nağdsız dövriyyə üçün bank kartlarına sahib olmaq imkanları məhddudur. Yəni gəlir statusu və texniki imkanları baxımından güzəştdən bəhrələnmək imkanı fərqli əhali qrupları üçün fərqlidir.
Xüsusilə də aztəminatlı, daimi gəliri olmayan, aşağı gəlirli əhali qrupu üçün bu imkan geniş deyil”.
Restoran, kafe, yeməkxanalara – HƏVƏSLƏNDİRİCİ GÜZƏŞTLƏR
21:28
25 Dek 2018