Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları təsdiqlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması üçün aparılan araşdırmaların və yoxlamaların nəticəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edildikdə rəqabət orqanının rəhbərinin (onu əvəz edən şəxsin) əmri ilə rəqabət qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə rəqabət komissiyası yaradılır və tərkibi (sədri və digər üzvlərin), habelə komissiyanın cari fəaliyyətinin təşkili üçün katib təyin edilir. Komissiya tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işlərə Məcəlləyə və bu Qaydalara uyğun baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (fiziki şəxs olduqda qeydiyyat və ya fəaliyyət ünvanı, hüquqi şəxs olduqda hüquqi ünvanı və ya fəaliyyət ünvanı) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə rəqabət orqanının müvafiq ərazi (regional) bölməsi tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində Məcəlləyə və bu Qaydalara uyğun baxılır.
Komissiyanın tərkibi beş nəfərdən az olmamalıdır. Komissiya sədri rəqabət orqanının rəhbərinin müavini və müşaviri, aparatın rəhbəri və onun müavini, şöbə müdiri və onun müavini, sektor müdiri, regional (ərazi) bölməsinin rəhbəri, həmçinin qeyd edilən şəxsləri əvəz edən vəzifəli şəxslər ola bilər. Komissiyanın üzvləri rəqabət orqanının vəzifəli şəxslərindən ibarət olur.
Komissiyanın vəzifələri aşağıdakılardır:
- rəqabət komissiyasında baxılan işlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, qərarlar qəbul etmək;
- komissiyanın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
- fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
- qanunvericiliyə uyğun olaraq dövlət, habelə qanunda nəzərdə tutulduğu hallarda kommersiya, vergi, gömrük və bank sirri, habelə statistik sirr sayılan məlumatların açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
- komissiyanın qəbul etdiyi qərarlarla bağlı izah vermək;
- Məcəllə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək
Komissiyanın yaradılması barədə əmr verildiyi vaxtdan 5 (beş) iş günü müddətində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edilir. Qərar komissiyanın sədri tərəfindən imzalanır və 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim olunur. Rəqabət qanunvericiliyinin pozulması haqqında qaldırılmış işlər üzrə Komissiya Rəqabət Məcəlləsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Rəqabət qanunvericiliyinin pozulması üzrə işə baxılmasının təxirə salınması, işlərin bir icraatda birləşdirilməsi, konkret hallar üzrə ayrı-ayrı işlərə ayrılması, işə baxılmasının dayandırılması, baxılması dayandırılmış işin bərpası, işə baxılmasına xitam verilməsi, rəqabət qanunvericiliyinin pozulması və tətbiq edilən məsuliyyət tədbirləri, iş üzrə materialların aidiyyəti dövlət orqanlarına göndərilməsi və işə yenidən baxılması haqqında qərarlar Məcəlləyə uyğun olaraq qəbul edilir. Maraqlı şəxslər hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək məqsədilə rəqabət orqanının, onun vəzifəli şəxslərinin qərarlarından, göstərişlərindən, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna malikdirlər. Rəqabət orqanının qərar və göstərişlərindən inzibati qaydada və məhkəməyə şikayət verilməsi həmin qərar və göstərişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla icrasını dayandırmır.