“Regional Su Meliorasiya Xidməti” PHŞ su təminatı ilə bağlı pozuntulara yol verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” PHŞ-də apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Dövlət Agentliyinin məlumatına əsasən, araşdırma 2025-ci ildə daxil olmuş vətəndaş müraciətləri əsasında başladılıb.
Yoxlama zamanı istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlər, məhsulların istehsalı və satışı prosesində mümkün pozuntular, eləcə də təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim olunan xidmət həcminin artırılması ilə bağlı normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi halları araşdırılıb.
Bununla yanaşı, su təchizatı sahəsində tariflərin düzgün tətbiq edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanılıb.
Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən təbii inhisar subyekti barəsində iş qaldırılıb.











