Azərbaycan Çinə şərab ixracına başlayır. “Göygöl Şərab Zavodu” ASC ilə Çin arasında artıq razılaşma mövcuddur, müqavilə belə hazırlanıb və sənədləşmə prosesi bitən kimi ixraca start veriləcək.
Müəssisənin istehsalat rəhbəri Rasim Ömərovun dediyinə görə, şərab istehsalını artırmaq üçün texniki sortlara üstünlük versələr də, bu il bir neçə hektarda Azərbaycanın yerli süfrə sortları da əkilib.
- Göygöl rayonunun coğrafi mövqeyi, iqlim şəraiti çox əlverişlidir. Kürək çayı ilə Gəncə çayın arasında dağ ətəyində yerləşir. Torpağın mineral tərkibi yüksək keyfiyyətli üzüm sortlarının becərilməsinə imkan verir. XIX əsrin ikinci yarısında almanlar bu ərazilərdə məskunlaşdıqdan sonra Gəncə çayının ətrafında yerli üzüm sortları becərməyə başlayırlar və beləliklə, üzümçülük və şərabçılıq burada onların əsas təsərrüfat fəaliyyətinə çevrilir. Helenendorfda (Göygöl şəhəri həmin dövrdə belə adlanırdı) hər bir alman evinin zirzəmisində yerli palıd ağacından hazırlanmış çəlləklərdə özlərinin hazırladıqları şərablar saxlanılırdı. Kristofer Forerin evində kustar üsulla hazırladığı şərabların Avropa bazarlarına çıxarılması isə Azərbaycanda şərabçılıq sənayesinin əsasının qoyulması demək idi. Bu sahədən çoxlu gəlir götürən helenendorflu Forer sonralar oğullarını da bu sahəyə cəlb edir. Beləliklə 1862-ci ildə indi Göygöl Şərab Zavodunun yerləşdiyi ərazidə “Forer qardaşları” səhmdar cəmiyyəti təsis olunur.
Burada şüşələrdə qablaşdırılan şərab və konyaklar dünyanın müxtəlif ölkələrinə göndərilir. İstehsal olunan məhsulların şöhrət qazandığını və baha qiymətə satıldığını görən Forer qardaşları üzüm bağlarını genişləndirməyə başlayırlar. Qardaşlar istehsalı daha da genişləndirərək müəssisədə istehsal olunan şərab və konyakların satışı üçün Gəncədə, Tiflisdə, Bakıda, Sankt-Peterburqda, Moskvada, Kiyevdə, Odessada, Tomskda, Batumidə məntəqələr açırlar. Ən çox Avropa bazarlarına yol tapan Helenendorf şərabları bir sıra beynəlxalq sərgilərdə qızıl medallara layiq görülür. Artıq 1922-ci ildə zavod Cənubi Qafqazda ən böyük şərab, konyak istehsal edən müəssisəyə çevrilmişdi. Sonralar bura Xanlar Aqrar-Sənaye Kombinatına, indi isə “Göygöl Şərab Zavodu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
- İndi zavodun özünün üzümçülük sahələri nə qədərdir? Azərbaycanın əksər sahələrində olan məhsuldarlıq problemini necvə həll edirsiniz?
- SSRİ iflasa uğradıqdan sonra yaranan xaos dövründə 1433 hektar üzüm bağı məhv edilmişdi, müəssisə keçmiş əlaqələrini tamamilə itirmişdi. Öz gücümüzlə bunları bərpa etməyə başladıq. Son illər isə zavodun inkişafı və üzümçülüyə yeni bir baxış var. Əkin sahələri artır, yeni texnologiya tətbiq edilir. İndi müəssisənin balansında 507 hektar əkin sahəmiz var. Həmin ərazilərdə İtaliya və Fransanın texniki üzüm sortlarını əkmişik. Bu sortlar bizim torpağa daha yaxşı adaptasiya olunub və məhsuldarlığı da yüksəkdir, şərab üçün əlverişli xammal hesab edilir. Əkilmiş üzüm sortlarının 90 faizi texniki sortlardır və burada ağ, qırmızı eləcə də qarışıq sortlar əkmişik. Sahənin 10-15 faizi isə süfrə sortlarıdır, 2 hektarda Sultani, 6 hektarda isə “Prima” növü əkmişik.
Bilirsiniz ki, biznes üçün məhsuldarlıq mühüm şərtdir. Son zamanlar müəssisə üzüm bağlarının sahəsini genişləndirməklə yanaşı, daha keyfiyyətli və iqtisadi cəhətdən səmərəli olan üzüm sortlarının əkininə üstünlük veririk. Fransadan və İtaliyadan müxtəlif sort üzüm tingləri alaraq yeni bağlar salmışıq. Eyni zamanda, məhsuldar yerli sortlara da üstünlük verilir. Hazırda bağlarda ən çox “Sardone”, “Sovinyon-Blanc”, “Uni-Blanc”, “”Bayan-Şirə”, “Rakasteli”, “Kabarne-Sovinyon”, “ Merlo”, “Sürah”, “ Hamburq muskatı”, “Mədrəsə” üzüm sortları yetişdirilir və bu sortlar sınanmış sortlardır, məhsuldarlığı da yüksək gözləyirik.
- Belə çıxır ki, hamı çalışır məhsuldarlığı yüksək olan sortlar əksin. Bəs keyfiyyət, fərqli dad?!
- Texniki sortlar əkmək o demək deyil ki, məhsuldarlıq tələbini ödəməlidir. Onun fiziki-kimyəvi tərkibinə görə keyfiyyət göstəricisi çox önəmlidir. Məhsuldarlıqdan öndə gələn məhz keyfiyyət amilidir. Şərabçı kimi mənim üçün önəmli olan ilk növbədə onun keyfiyyətidir. Üzümün keyfiyyəti mütləq yerində olmalıdır. Üzümün məhsuldarlığı əlbəttə arxa planda dayanmır. Məhsuldarlığa nail olmaq üçün aqrotexniki vasitələrdən də istifadə etmək mümkündür. Bu vasitələrin son nəticədə məhsulun keyfiyyətinə müəyyən təsirləri ola bilər. Ona görə də şərabçılıq üçün optimal variantı seçirik.
- Məhsuldarlıq artırsa, məhsulları satmaq üçün bazar da lazımdır, düzdümü?...
- Şərablarımız hazırda daxili bazarda və Rusiya, Belorusiya və Ukrayna bazarlarında satılır. Hazırda Çin ilə müqaviləmiz hazırlanır. Yaxın vaxtlarda ixraca başlayırıq. Qeyd edim ki, “Göygöl Şərab Zavodu” texniki cəhətdən yenidən quruldu və bütün emal prosesi dünyanın ən müasir texnoloji avadanlıqları vasitəsilə aparılır. İstehsal sahələrinin hamısında İtaliyanın “Technofood” şirkətinin avadanlıqları qurulub. Zavodun potensial imkanları daha böyükdür. Dünya bazarında şərablarımız qızıl medal alır və bazara çıxış üçün keyfiyyət sertifikatlarımız var.
- "Helenendorf"un vaxtilə məşhur olduğu Avropaya satış ilə bağlı planlarınız varmı?
- Əlbəttə var. Bu məqsədlə beynəlxalq sərgilərdə iştirak edirik və aldığımız mükafatlar nəticəsində bizi yenidən tanımağa başlayıblar. Zavodumuz İSO 27 001 keyfiyyət standartına malikdir. Zavodun məhsulları 3-cü Beynəlxalq Keyfiyyət Assambleyasında “Qızıl Keyfiyyət” sertifikatına layiq görülüb, beynəlxalq “Ticarət Lideri Klubu”nun təsis etdiyi “Keyfiyyətə görə” və “Yeni Minilliyin mükafatı”nı alıb. “Beverages industriy-2010”, “Russion Wine Fair” şərab sərgisində isə “Ağsu” qırmızı kəmturş və “Şahdağ” qırmızı kəmşirin şərabı qızıl medal alıb. Moskvada Prodekspo sərgi mərkəzində keçirilən beynəlxalq şərab müsabiqəsində Mərkəzi Dequstasiya Komissiyasının rəyinə əsasən, Göygöl zavodunun 9 adda şərabından 3-ü - “Sovinyon Blanc”, “Sardone” və “Kabarne-Sovinyon” qızıl medallara, 6-sı gümüş medala layiq görüldü. Həmin müsabiqədə Göygöl Şərab Zavodunun istehsal etdiyi “Xan 1860” və “Xan Elit” araqları da qızıl medal aldılar.
- Ən yaşlı şərabınızın tarixini deyə bilərsiniz?
- 2008-2009-cu illərin şərabları var.
- Müsahibə üçün sağ olun, işlərinizdə uğurlar.