İstənilən şirkətin hədəflərindən biri bazarda etibarlı imic, nüfuz yaratmaq və mənfəət əldə etməkdir. Normal nüfuz və imicin formalaşması isə ilk növbədə şirkətin şəffaf maliyyə hesabatlarının mövcudluğundan irəli gəlir. Bu şəffaflığı təmin etmək üçün şirkətlər daim yeni maliyyə standartlarının tətbiqinə can atır. Bu standartlardan biri də Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən 2017-ci ilin may ayında yaradılan IFRS 17 Sığorta Müqavilələri üzrə standartıdır. IFRS 17-nin tətbiqi şirkətdə daha şəffaf, stabil və risk əsaslı bir mühit yaradır, sığorta şirkətinin cari durumunu dəyərləndirir. Həmçinin gələcək riskləri nəzərə almaqla şirkətin maliyyə durumunu daha da möhkəmləndirir, ödəmə qabiliyyətini gücləndirir.
IFRS 17 standartının üstünlükləri, şirkətlər üçün faydası, yerli standartlarla fərqi barədə ətraflı Rahim Manafovun müsahibəsində tanış olacaqsınız.
FED.AZ saytı Azərbaycanda yeni fəaliyyətə başlayan beynəlxalq audit şəbəkəsi “Reanda Azərbaycan” şirkətinin İdarəedici partnyoru Rahim Manafovun müsahibəsini təqdim edir.
- Hörmətli Rahim müəllim, IFRS 17 standartı nə üçün lazımdır? Bu standartın şirkətlər üçün hansı üstünlükləri var?
- Öncə bu standartın yaranma tarixi və səbəbləri haqqında danışmaq istəyirəm. Deməli, Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən 2004-cü ildə Sığorta müqavilələrinin mühasibat uçotunda əks etdirilməsi məqsədi ilə ilk dəfə MHBS 4 (IFRS 4) dərc etdilər. Ancaq nəzərə almaq lazımdır ki, ədalətli dəyərlə (Fair value) mühasibat uçotunun aparılması üçün yetərli olmaması səbəbindən müvəqqəti xarakter daşıyırdı və MHBS 9 Maliyyə alətləri ilə birlikdə tətbiq edilirdi. Məhz, Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən 2017-ci ilin may ayında BMHS 17 (IFRS 17) Sığorta Müqavilələri üzrə standart layihəsi tamamlandı.
Nəticədə, MHBS 17 (IFRS 17) birbaşa MHBS 4 (IFRS 4) əvəz edərək sığorta müqavilələrinin tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini tam əhatə edirdi. 2020-ci ildə MHBS 17 (IFRS 17) standartı dərc edildi və 1 yanvar 2023-cü il tarixindən sonrakı dövrlər üzrə bütün sığorta müqavilələri üzrə hesabatlarda əks etdirilməsi tələb olunur.
-IFRS 17 standartı nə üçün lazımdır?
- Beynəlxalq Mühasibat Standartları Şurası sığorta müqavilələrinin uçotunda ədalətli dəyərlə əks etdirilməsində müəyyən boşluqlar aşkar etdi. Bu boşluqlar əsasən aktuar tərəfindən müəyyən edilmiş risk dərəcələrinin tam əhatəli olunmaması və sığorta şirkətlərinin mənfəət-zərər, maliyyə vəziyəti haqqında hesabat və ən əsası isə pul vəsaitlərinin hərəkəti (Cash-flow) üzrə pul daxilolmaları (inflow) və pul xaricolmaları (outflow) ədalətli dəyərlə əks etdirilməməsidir.
IFRS 17 standartının tətbiqi sığorta şirkətləri üçün nə üstünlüklər təşkil edir sualına isə ən vacib və prinsipial qaydada cavab vermək istəyirəm ki, sığorta şirkətlərinin səhmdarları əgər düzgün və ədalətli maliyyə hesabatları əldə etmək istəyirlərsə bu standart tam onlara xitab edir və onların sığorta müqavilələri üzrə risklərini əks etdirir.
Ən vacibi isə sığorta agentləri və ya bonus üzrə portfel toplayan əməkdaşlarının risk meyarlarını nəzərə alaraq dəqiq bonus haqqlarının müəyyən edilməsində əhəmiyyət daşıyır. Təbi ki, bu standartın tətbiqində ən vacib olan struktur bölmələr tələb olunur ki, bunlar aktuari, risk management, daxili audit və anderraytinq bölmələridir. Bu bölmələr olmadan IFRS 17 standartının tətbiqindən bəhs etmək doğru deyil.
- Azərbaycanda IFRS 17 standartının sığorta şirkətlərində tətbiqini ləngidən əsas səbəblər hansılardı?
- Azərbaycan digər ölkələrlə müqayisədə IFRS standartlarının tətbiqində aktivdir və demək olar ki beynalxalq standartların tətbiqi əsas olaraq maliyyə sektorunda özünü daha çox biruzə verir. Nəticədə, Mərkəzi Bank birbaşa nəzarətedici qurum kimi bunu tələb etdiyi üçün banklar demək olar ki IFRS standartını tətbiq edir. Ancaq bunu sığorta şirkətləri və ya bank olmayan kredit təşkilatları üçün demək doğru olmaz. Biz nəzərə alsaq ki IFRS sadəcə IFRS 17 sığorta müqavilələrindən ibarət deyil. Məsələn, ən son olaraq 2020-ci ildə tətbiqi tələb olunan MHBS 16-İcarə standartı (IFRS 16) demək olar ki bir çox qurumda tam tətbiq olunmur.
Bəli, bunun üçün aktuar, risk menecment, daxili audit, anderraytinq sahəsində peşəkar mütəxəssislər olmalıdır və sığorta şirkətlərinin rəhbərləri həmin mütəxəssislərin peşəkarlığının artırılmasında maraqlı olmalıdır.
- IFRS 17 standartı Bank Olmayan Kredit Təşkilatlarında maliyyə hesabatlarında tətbiq edilirmi?
- Qeyd etməliyəm ki, IFRS 17 sığorta müqavilələri standartı sığorta müqaviləsi bağlayan və buna icazəsi olan bütün tərəflərə tətbiqi tələb olunur. Yəni, IFRS 17 sığorta müqavilələri standartı sadəcə sığorta şirkətləri üçün nəzərdə tutulmayıb. Əgər, bank olmayan kredit təşkilatı sığorta müqaviləsi bağlamaq hüququ varsa və buna icazə alıbsa demək ki ortada sığorta müqavilələri üzrə risk meyarları mövcuddur və bunu maliyyə hesabatında ədalətli dəyərlə əks etdirmək üçün mütləq şəkildə bu standartı tətbiq etməlidir.
Hazırda sığorta şirkətlərinin bəzilərində IFRS 17 sığorta müqavilələri standartı tətbiq olunmağa başlayıb. Lakin bir çoxunda hələ də tətbiq olunmur və bu hal eyni şəkildə bank olmayan kredit təşkilatlarına da aitdir.
- Müvafiq qanunvericilikdə IFRS 17 standartının tətbiqi ilə bağlı hər hansısa bir tələblər mövcuddurmu?
- Maliyyə Nazirliyinin Kollegiyası Qərarına əsasən, 21 Dekabr 2019-cu il tarixindən etibarən qüvvəyə minən “Kiçik və Orta Sahibkarlıq subyektləri üçün MHBS əsasən Mühasibat uçotunun aparılması qaydaları” üzrə kiçik və orta sahibkarlar maliyyə hesabatlarını mühasibat uçotu hesablar planına uyğun tərtib etməsi tələb olunur. Ancaq həmin hesablar planında IFRS 17 sığorta müqavilələri üzrə standartın tətbiqi üzrə gəlir-xərc meyarları üzrə hesablar olmadığı üçün öz əhəmiyyətini qorumur.
Digər tərəfdən Mərkəzi Bankın bankın, sığorta təşkilatları, bank olmayan kredit təşkilatları üzrə mühasibat uçotunun MHBS uyğun aparılması tələbi var. Dediyimiz kimi, xüsusi olaraq IFRS 17 standartının tətbiqi üzrə xüsusi qaydalar mövcud deyil. Əgər, Mərkəzi Bank tərəfindən bank, sığorta təşkilatları və bank olmayan kredit təşkilatları üzrə mühasibat uçotunun MHBS uyğun aparılması tələb olunursa ayrıca IFRS 17 standartının tətbiqi tələb olunmasına ehtiyac yoxdur. Gələcəkdə digər standartlar dərc olunduqda hər biri üçün ayrıca tələb qoymaq bir az düşündürücü ola bilər. Bunun üçün şirkət rəhbərləri standartların tətbiqində maraqlı olmalıdır və tələb etməlidir.
Nəzərə alsaq ki, IFRS 17 Sığorta Müqavilələri Standartından daha çox kompleks standartdır və 3 fərqli ölçmə model üzərində durur. Bunlar əsasən, Ümumi model (General model), Premium bölgü yanaşması modeli (Premium allocation approach) və Dəyişkən ödəniş yanaşması modelidir (Variable fee approach model). Təşkilatın özü hansı modeli tətbiq edəcəyi haqqında qərar verməlidir və uçot siyasətində əks etdirilməlidir.
- Maliyyə hesabatlarının hazırlanmasında yerli standartla IFRS 17 standartı arasında fərqlər yaranırmı və bu fərqlər nədən irəli gəlir?
- Demək olar ki çox fərq olur. Bu fərqlər əsasən risk analizinin aparılmaması və ya yetərli aparılmaması ilə əlaqəlidir. Biz daha əvvəlki sualda bu haqda qeyd etdik. MHBS 17 (IFRS 17) standartlarının tətbiqi üçün ilk öncə rəhbərliyin iradəsi lazımdır. Daha sonra isə təşkilatı strukturda büdcə ayırıb peşəkar aktuar, risk menecment, daxili audit və anderraytinq bölmələrinin təşkil edilməsini təmin etməlidir. Çünkü IFRS 17 standartı bunu tələb edir. Risklərin müəyyən edilməsi olmadan bu standartı tətbiq etmək olmaz.
Digər tərəfdən IFRS 17 - Sığorta Müqavilələri standartının birbaşa digər yəni IFRS 9 - Maliyyə Alətləri Standartı, IFRS 15 - Müştəri Müqavilələrində Yığım Standartı və IFRS 16 - İcarə Standartları ilə əlaqəsi olduğu üçün təşkilatda həmin standartlarının tətbiqi mütləq təmin edilməlidir. Yerli təşkilatlarda bu sadaladığımız stadartların bəzən hamısı, bəzən də yarısı tətbiq edilmir. İndi gəlin nəticəyə gələk ki yerli standartla IFRS 17 standartının tətbiqi arasında nə qədər fərq ola bilər.
- Rahim bəy, müsahibə üçün təşəkkür edirik
- Bu mövzuya diqqət ayırdığınız üçün təşəkkür edirəm.