Ötən ilin avqust ayında Özbəkistan Prezidenti Şevkat Mirzioyevin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada orta məktəbin açılışında iştirak etməsi iki ölkə arasındakı əlaqələrdə yeni səhifə açdı.
Özbəkistanda məşhur elektromobillərin istehsalı başlayır – İLDƏ 300 MİN MAŞIN
Hazırda dövlətlərimiz arasındakı səmərəli iqtisadi əməkdaşlıq davam edir.
FED.az xəbər verir ki, bu işlərin həyata keçirilməsində mühüm rol oynayan Özbəkistan Ticarət evinin rəhbəri Ramin Şərifov fəaliyyətləri ilə bağlı müsahibə verib:
- Özbəkistan Ticarət evinin məqsədi və fəaliyyət istiqaməti nədən ibarətdir?
- Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət evinin əsas məqsədi iki ölkənin iş adamları və biznes strukturları arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir. Fəaliyyətimizin istiqamətlərindən biri hər iki ölkənin bazarını öyrənib, istehsal olunan malların qarşılıqlı ixracının reallaşmasına kömək göstərməkdir.
Azərbaycandan Özbəkistana əsasən neft-kimya və kənd təsərrüfatı məhsulları, tikinti materialları ixrac edilir. Daşkənd Texnologiya Parkı Sumqayıt Texnologiya Parkından xammal alaraq kabel istehsal edir. Daş-qranit məhsulları istehsal edən “Dəvəli” şirkəti Özbəkistandan xammal almaq niyyətindədir.
Özbəkistandan isə Azərbaycana quru meyvə, yüngül sənaye məhsulları, elektrotexnika və digər mallar gətirilərək bazara təqdim olunur. Artıq Azərbaycandakı bəzi marketlər şəbəkəsində Özbəkistan istehsalı olan uşaq geyimləri və elektrotexnika malları satılır. Özbəkistanın ARTEL, “Shivaki” şirkətlərinin istehsalı olan televizor, soyuducu, paltaryuyan, elektrik sobaları, tozsoran və digər məişət əşyaları Bakıda və başqa şəhərlərdə uğurla satılır. Azərbaycanda IT sahəsində çalışan şirkətlər Özbəkistanda iaşə obyektlərində, kafe və restoranlarda elektron xidməti və idarəçiliyini təşkil edirlər.
- Əməkdaşlıq üçün Ticarət evinə yerli sahibkarlardan müraciətlər daxil olur?
- Özbəkistan Ticarət evi bütün iş adamları, şirkətlər və biznes strukturları üçün açıqdır. Ticarət evinə müraciət edib Özbəkistanda tərəfdaş tapmaq və biznes qurmaq istəyən şirkətlərə kömək göstərməyə hər zaman hazırıq.
2023-cü ilin 6 ayı ərzində Özbəkistandan Azərbaycana 84.6 milyon dollar həcmində idxal həyata keçirilib. Həmin dövrdə Azərbaycandan Özbəkistana isə 20.6 milyon dollar həcmində məhsul ixrac olunub və bu ticarət dövriyyəsi yüksələn xətlə davam edir.
Qısa müddətdə fəaliyyət göstərdiyimizə baxmayaraq yerli iş adamlarından çox sayda müraciətlər daxil olur. Bunu nəzərə alaraq cari il fevralın 21-də Özbəkistan Ticarət evi KOB Subyektləri və Klubları Assosiasiyası ilə birgə fərdi iş adamları, şirkət rəhbərləri və biznes strukturlarının təmsilçilərindən ibarət geniş nümayəndə heyətinin Özbəkistana səfərini təşkil edəcək. Səfər çərçivəsində Özbəkistanda sahibkarlar və hökumət üzvləri ilə görüşlər keçiriləcək. Özbəkistan Tekstil Assosiasiyasının iştirakı ilə iş adamları bazarla tanış olacaq, istehsal sahələrinə baxış keçirəcəklər. Şirkətlər arasında əməkdaşlıq haqqında müqavilələrin də imzalanması gözlənilir. Ümidvaram ki, bu səfər iki ölkənin iş adamları arasında yeni əlaqələrin yaranmasına səbəb olacaq.
- Perspektivdə planlarınız var?
- Cari ilin martında Daşkənddə Azərbaycan Ticarət evinin açılışı nəzərdə tutulub. Təxminən 600 kvadratmetr ərazidə yerləşəcək Ticarət evində Azərbaycanda istehsal edilən malların daimi sərgisi də təşkil olunacaq. Daha sonra Ticarət evində tədbirlər təşkil edib Azərbaycanda istehsal olunan məhsulların təqdimat mərasimlərini keçirmək niyyətindəyik.
Bununla yanaşı, Özbəkistan iş adamlarını işğaldan azad olunan ərazilərə sərmayə yatırmağa cəlb etməyə çalışırıq. Ötən ilin avqust ayında Özbəkistan Tikinti Assosiasiyasının sədr müavini İlyos Rəhimov və investisiya şöbəsinin müdiri Uluqbəy Esankulov Azərbaycanda səfərdə olarkən onları Zəngilan rayonu ərazisindəki kaolin gili yataqları ilə tanış etdik. Bu gildən keyfiyyətli hamam əşyaları (vanna, əl-üz yuyan) və tikinti materialları (kafel, metlax) hazırlanır. Özbəkistanda fəaliyyət göstərən istehsal müəssisələri kaolin gilinin idxalında maraqlıdırlar. Zəngilana sərmayə yatırıb istehsal müəssisəsinin qurulmasını istəyirlər. Bu istiqamətdə işlərimiz davam edir. Bununla yanaşı, “Sirab” mineral suyunun və yerli istehsal olan məişət nərdivanlarının Özbəkistana ixracı gözlənilir.
Hazırda Özbəkistanın paytaxtı Daşkənddə, Səmərqənd, Xivə, Kakond və başqa şəhərlərində böyük tikinti-quruculuq işləri həyata keçirilir. Azərbaycanın tikinti şirkətlərini bu şəhərlərdə aparılan yenidənqurma işlərinə cəlb etməyi düşünürük.
Dövlət dəstəyini fəaliyyətimizdə həmişə hiss edirik. Bu işlərin həyata keçirilməsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Özbəkistan Ticarət evinə yaxından kömək göstərir. (Azərtac)