Xəbər verildiyi kimi, Azərbaycanda qiymətləndiricilər sektorunda mühüm hadisə baş verib. Ölkədə ilk dəfə Qiymətləndiricilər cəmiyyəti yaradılıb.
FED.az xəbər verir ki, noyabrın 30-da ölkənin tanınmış qiymətləndiricilərinin və bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Qiymətləndiricilər Palatası təsis edilib.
Dövlət qurumlarının rəsmi nümaynədələrinin, o cümlədən İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərovun iştirakı ilə keçirilən toplantıda ölkənin qiymətləndiricilər sektorunun tanınmış nümayəndəsi, «MBA Group» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov Qiymətləndiricilər Palatasının sədri seçilib.
Qeyd edək ki, Nüsrət İbrahimov 1984 –cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki adı ilə Azərbaycan Texniki Universiteti) mexanika fakültəsi üzrə məzunu olub. O, 2000-2008-ci illər müxtəlif şirkətlərdə texniki direktor, icraçı direktor vəzifələrində fəaliyyət göstərib. N. İbrahimov, 2018-2022-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olub.
Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən Qiymətləndirmə Palatası qiymətləndirmə fəaliyyəti ilə bağlı şəhadətnamə imtahanları nəticəsini təqdim edir və fəaliyyətə icazə verir.
Nüsrət İbrahimov Qiymətləndiricilər Palatasının qarşıdakı fəaliyəti, atılacaq ilk addımlar və sair məsələlərlə bağlı FED.az-ın suallarını cavablandırıb.
- Nüsrət müəllim, ilk növbədə Qiymətləndiricilər Palatasının yaradılması və sədr seçilməyiniz münasibətilə sizi təbrik edir, işlərinizdə uğurlar arzu edirik. Qiymətləndiricilər Palatasının yaradılmasının əhəmiyyəti nədədir?
- Bildiyiniz kimi, öılkə iqtisadiyyatının inkişafında və dinamikliyində maliyyə sektorunun əhəmiyyəti danılmazıdır. Qiymətləndirmə fəaliyyəti də bu sektorun apartıcı seqmentindən biridir. Belə ki, daşınar, daşınmaz əmlaklar, qeyri-maddi aktivlər və sair malki hüquqların qiymətləndirilməsi və hər bir fərdin və hüquqi şəxsin əlində olan əmlakların sərvətə çevrilməsində və biznesdə iştirakında biz qiymətləndiricilərin fəaliyyəti danılmazdır. Bundan başqa, qiymətləndiricilərin fəaliyyət göstərdikləri sahənin bazar indikatorları göstəricilərinin həqiqiliyi onların peşəkar fəaliyyətinin nəticəsidir.
Digər tərəfdən, hazırda iqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, qiymətləndirmə fəaliyyətinin əhatə etdiyi sahədə də statistik məlumatların əlçatanlığının olmaması, bu məlumatlarin online rejimdə bazar indikatorlarına çevrilməsində və müxtəlif kommersiya və maliyyə qurumlarına fəaliyyətlərində dəstək olmasına yaradılacaq imkandır.
- Nüsrət müəllim, Qiymətləndiricilər Palatası hansı fəaliyyətlə məşğul olacaq? Palatanın əsas işi nədən ibarət olacaq?
- Qiymətləndiricilər Palatasının yaradılmasının məqsədi ölkə ərazisində Qanunla nəzərdə tutulmuş istiqamətlərdə qiymətləndirilmə ilə məşqul olan mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi, onların fəaliyyəti üçün başa düşülən qaydaların, standart və metodologiyaların hazırlanmasıdır. Bundan başqa, Palata keyfiyyətli qiymətləndirmə xidmətlərinə olan tələbatın ödənilməsi və təmin edilməsi, qiymətləndirmə fəaliyyətində keyfiyyətə nəzarət sisteminin inkişafı və dəstəklənməsi ilə məşğul olacaq.
Ümumiyətlə Palatamız sosial-iqtisadi münasibətlər sistemində müstəqil qiymətləndirmənin yüksək tələbat səviyyəsi və əhəmiyyətini təmin etmək və onların peşə səviyyəsinin yüksəldilməsinə yardımçı olmağı hədəfləyir.
- Palatanın, səlahiyyətli olacağı sahələr və fəaliyyətlər hansılardır?
- Əgər biz əvvəlki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasınını qanununu hazırkı qanunla müqayisə etsək, bu sahədə çalışan qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsində mümkün imkanların fərqlərini aydın görmək olar. Hazırkı qanunda hesab edirəm ki, verilmiş səlahiyyətlər böyük imkanlar yaradır.
- Qiymətləndiricilər Palatasının sədri olaraq sizin fəaliyyətiniz əsasən hansı məsələlərə aid olacaq?
- Mənim bir rəhbəır kimi, işim qiymətləndirmə bazarının formalaşmırılmasından ibarətdir. Əgər bu anlayışı bir qədər detallaşdırsaq, 4 əsas istiqaməti qeyd edə bilərik.
1. Ölkədə qiymətləndirmə obyektlərinin seqment və həcmini dəqiqləşdirmək, onların passiv hissələrini bu sahəyə cəlb etmək. Nəticədə nə əldə edə bilərik? Təbii ki, iqtisadi aktivliyin artımı, əhalinin daha çox hissəsnin təsərrüfat və biznes aktivliyinin artımı və s.
2. Qiymətləndirmə bazarının subyektləri-qiymətləndiricilərin bazarın tələbinə uyğunluğu və potensial təklif həcminin həzm edilməsinə hazırlıq.
3. Bu gün qiymətləndirmə bazarının infrastrukturu hansı səviyyədədir və ölkə iqtisadiyyatının və zamanın çağırışlarına cavab verirmi? Bu sahədə təbii ki, işlərimiz və çətinliklərimiz daha çoxdur.
4. Qiymətləndirmə bazarında işlək mexanizmlərin formalaşdırılması. Bildiyiniz kimi, ölkədə və dünyada idarəetmə, məlumatların toplanması və idarəedilməsi, biznes fəaliyyətin bir hissəsi və s. elektron idarəetmə modelinə (xidmətlərin kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazları üzərindən göstərilməsi) keçirlər. Biz qiymətləndiricilər də bu sahədə öz töhvələrimizi verməli, potensial iş həcminin icarasına əmək sərfiyyatını azaltmalı, məhsuldarlığı və keyfiyyəti isə artırmalıyıq.
- Hazırda Qiymətləndiricilər Palatasının neçə üzvü var?
- Qüvvədə olan qanuna əsasən Dövlət İmtahan Mərkəzində təşkil eilən imtahanlardan uğur əldə edən hər bir qiymətləndirici Palatanın üzvü olmaq hüququ əldə edir. Bu günə onların sayı hələlik 106 nəfərdir. Nəzərə alsaq ki, DİM hər ay müxtəlif sahələr üzrə növbəti imtahanları təşkil edir, hesab edirəm ki, yuxarıda göstərilən say 200-ə qədər arta bilər.
- Palatanın işi necə qurulacaq və nə vaxtdan tam fəaliyyətə başlayacaq?
- Qeyd edildiyi kimi, Qiymətləndiricilər Palatası 30 noyabr 2024-cü il tarixdə 102 nəfər qiymətləndiricinin iştirakı ilə təsis edilib və palatanın Rəyasət heyəti və İntizam komiussiyasının üzvləri seçiliblər. Ötən müddət ərzində və bu gün də davamlı olaraq yuxarıda göstərilən heyət hər gün Palatanın fəaliyyətinin qurulması üçün bütün işçi sənədlərin və strukturun qurulması üzərində işlər aparır.
Hesab edirəm ki, 2025-ci ilin əvvəlindən başlayaraq bütün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə, dövlət, kommersiya və digər qurumalar ilə işgüzar əlaqələrin qurulması və yuxarıda sadalanan istiqamətlər üzrə fəal işlərimizə başlayarıq.