Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Bəzi ədəbiyyatlarda altruistik biznes kimi də hallanan bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər.
Bu modelin cazibəsi kapitalist sistemin bütün “müsbət xüsusiyyətləri”nin cəmiyyətin faydası istiqamətində istifadə edilməsi fikrində yatır. Bu baxımdan sosial sahibkarlıq “mənfəət” və “ictimai fayda” anlayışlarını, ictimai ideallarla idarəetmə bacarıqlarını eyni halqada birləşdirən anlayışdır.
Ənənəvi yanaşmaya görə cəmiyyətə faydalı fəaliyyətləri adətən dövlət və ya ictimai təşkilatlar həyata keçirir. Ayrı-ayrı bizneslər isə bu cür faydalı işləri özlərinin korporativ sosial məsuliyyət (KSM) kampaniyaları çərçivəsində reallaşdırırlar. Sosial sahibkarlıq bu iki yanaşma arasında yer alan bir modeldir.
Bu fəaliyyət xeyriyyəçilik və ictimai təşkilatların fəaliyyətindən fərqlənir. Belə ki, xeyriyyəçilik ehtiyacı olana “balıq vermək” üzərində, ictimai təşkilatların sosial layihələri isə əsasən “balıq tutmağı öyrətmək” üzərində qurulmuşdur. Bu planda Bill Drayton-un sosail sahibkarlar haqqında tərifi daha çox izahedicidir: “Sosial sahibkarlar sadəcə balıq verməklə və ya balıq tutmağı öyrətməklə kifayətlənməz, bütün balıqçılıq sektorunu təməldən dəyişdirməyi hədəf alarlar”.
Dünyada “sosial sahibkarlıq” və “sosial sahibkar” terminlərini ilk dəfə Bill Drayton istifadə etmişdir. Drayton dünyanın ilk və ən geniş sosial sahibkarlıq şəbəkəsi olan Aşokanın da qurucusudur.
Sosial bizneslər az təminatlı kəsimin yoxsulluq səviyyəsinin azaldılmasından ətraf mühitin qorunmasına, insan haqları pozuntuları ilə mübarizədən yox olmaq təhlükəsi ilə üz-üzə olan dil və icmaların qorunmasına qədər, təhsil, səhiyyə, inkişaf kimi bir çox sahədə təsirli fəaliyyətlər göstərə bilir.
Sosial sahibkarlıq konsepti biznes fəaliyyəti ilə bağlı olsa da onu kommersiya sahibkarlığından fərqləndirən bir sıra xüsusiyyətlər var. Bunlardan da ən başlıcası biznesin məqsədidir. Sosial sahibkarlıqda biznesin əsas məqsədi ənənəvi sahibkarlıqdan fərqli olaraq yalnız mənfəət deyil, sosial missiyadır. Kommersiya sahibkarları əsasən bazar subyektləri olduğu halda sosial sahibkarlar daha çox vətəndaş cəmiyyətinin subyektləri hesab edilir. Sosial sahibkarlığın uğuru isə çox zaman əldə edilən gəlirlə deyil, sosial missiyanın nə dərəcədə müvəffəqiyyətlə yerinə yetirilməsi ilə ölçülür.
Başqa sözlə desək, sahibkarlığın bu növü ictimai-sosial problemlərin həllinə biznes yanaşmasıdır. Kommersiya sahibkarlığı da ortaya hər hansı sosial fayda çıxara bilər. Lakin, onların əsas fəaliyyət hədəfi mənfəətin maksimallaşdırılmasıdır. Sosial bizneslər isə sosial faydalarını maksimallaşdırarkən mənfəəti optimallaşdırmağa çalışırlar.
Burada maddi gəlir əldə etmək prioritet olmasa da sosial sahibkarlığın məqsədlərindən biridir. Sosial sahibkar sosial missiyasını gerçəkləşdirmək üçün ticari fəaliyyəti vasitə olaraq istifadə edir. Bu zaman əldə olunan gəliri isə sosial dəyər yaratmaq üçün yenidən investisiya edir. Bununla belə iflas etməmək üçün biznesin əsas prinsiplərinə də riayət edir. Fəaliyyət nəticəsinin səmərəsi isə əldə edilən mənfəətin həcmi deyil, yaradılan sosial faydadır.
Sosial sahibkarlar sosial problemlərin həllində bir çox innovativ metod və yanaşmalardan istifadə edirlər. Bu xüsusiyyət sosial innovasiya termini ilə bağlıdır. Sosial sahibkarlığın innovativliyi əsasən yeni məhsul və xidmətlər, innovativ istehsal və distribusiya və ya təşkilati modellərdə özünü büruzə verir.
Sosial sahibkarlıq fenomeni dilimizə yeni daxil olmuş olsa da fəaliyyət olaraq dünyada yeni deyildir. Bu adla çağırılmasa belə biznesin bu növü müxtəlif dövrlərdə mövcud olmuşdur. Britaniyada kooperativ hərəkata öncülük edən Robert Owen, ilk və modern tibbi baxım məktəbinin qurucusu Florence Nightingale, erkən uşaq təhsilində yeni metodları tətbiq edən “Uşaq Evi”nin qurucusu Maria Montessori, Banqladeşdəki yoxsulluq səbəbi ilə Muhammad Yunus tərəfindən yaradılmış Grameen Bank bunlardan sadəcə bir neçəsidir.
Sosial sahibkarlıqla bağlı əsas məqamlar:
- Sosial sahibkar təkcə gəlirə deyil, həm də sosial maraqlara və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fokuslanır;
- Çevrə-dostu məhsulların istehsalını prioritet hesab edir;
- Yetərli və keyfiyyətli xidmət ala bilməyən icma nümayəndələrinə keyfiyyətli xidmət təklif edir;
- Sosial məsələlərin həllində innovativ elementlərə malikdir;
- Biznesin bu növü xeyriyyəçilik fəaliyyəti olmasa da bir çox hallarda xeyriyyəçilik elementlərini də özündə birləşdirə bilir.
Sosial sahibkarlar dünyada və cəmiyyətdə sadəcə müsbət dəyişikliklər etmir, onlar həm də bizneslərdə “xeyriyyəçilik” və “mənfəət”in bir-birini inkar etməyən və birlikdə mövcud ola biləcək dəyərlər olması mesajını da verməyə çalışırlar.
Bu gün xeyriyyəçilik və ictimai təşkilatların fəaliyyətlərinin cəmiyyətə verdiyi faydalar inkarolunmazdır. Lakin, qeyd edilməlidir ki, bu sahədə sosial sahibkarlar daha dayanıqlı və qalıcı həllər hədəfləyirlər. Həm sərbəst bazar qaydalarına əsasən çalışan, həm də ictimai faydanı hədəf alan sosial sahibkarlar yenilikçi yanaşmaları ilə gündən-günə daha çox insana ilham olaraq daha çox marağa səbəb olur.
Arzu Ismayılova
Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur.