Diqqət: Bu müsahibə FED.az-ın sifarişi ilə hazırlanıb, onun başqa reserslarda yayılması qadağandır.
Tuğba Özdenal: «Azərbaycanda qadınlar daha tez - 17-20 yaşdan biznes qurmağa başlayırlar. Türkiyədə isə qadınlar daha çox, ya evləndikdən, ya da boşandıqdan sonra biznes qurur»
Öz təşəbbüsləri, zəhmətləri, maliyyələri ilə sıfırdan biznes quran qadınların sayı artır. Maliyyə olmadan işə başlayıb öz işini quranlar da az deyil. Ancaq bir də hazır bizneslərin başına gətirilən, hazır pulla biznes qurmağa cəhd göstərənlər və s. var. Biznes dünyasında bu üsullardan hansının daha uğurlu olması, Azərbancanda qadınların iş dünyasında yeri ilə bağlı FED.az-ın suallarını Türkiyədə “iam inovasyon” və ar-ge merkezi Anonim Şirkətinin, Azərbaycanda isə “Leader Trading Company”nin təsisçisi və rəhbəri Tuğba Özdenal cavablandırır.
- Həm Türkiyədə, həm də Azərbaycanda sahibkar olmağa, öz işini qurmağa maraq göstərən qadınların sayı ildən-ilə artır. Bəs bu iki ölkəni müqayisə etsək, qadınlar biznesə nə zaman başlayırlar?
- Qadınlar son dərəcə güclüdürlər, istədikləri zaman sahibkar ola bilərlər. Yaş, evlilikdən əvvəl və ya sonra deyə qruplaşma edə bilmərik. Təcrübəyə baxsaq, Azərbaycanda qadınlar daha gənc - 17-20 yaşdan biznes qurmağa başlayırlar. Türkiyədə qadınlar daha çox ya evləndikdən, ya da boşandıqdan sonra biznes qururlar.
- Azərbaycan qadınlarının daha gənc yaşda biznesə başlamalarının səbəbi nədir?
- Təhsil səviyyələri yüksəkdir, çox məlumatlıdırlar. Bir təhsillə kifayətlənməyib ikinci təhsil alanları da gördüm. Fərqli sahələrdə təhsil alırlar. Bu da onları fərqli, daha məlumatlı edir. Azərbaycanda xanımlar sənətə, yaradıcılığa meyillidirlər, kitab oxuyurlar. Bu, Türkiyədə çox nadir olan xüsusiyyətdir. Bunlar da qadınları daha məlumatlı yetişdirir. Bilikli olduqları üçün özlərini biznesin içinə atmaqdan çəkinmirlər. Bu səbəbdən öz işini qurmağa meyl edən qadınların sayı getdikcə artır. Biznes qurmayan, işçi olaraq çalışan qadınlar da iddialıdırlar. Hazırda işlədikləri pozisiyadan yuxarı qalxmaq, idarəetməyə gəlmək üçün uğurlu qadın namizədlər çoxdur.
- Türkiyədə qadınların evlənəndən, yaxud da boşanandan sonra biznes qurmağa həvəsinin səbəbi nədir?
- Evlilik dövründə həyat yoldaşlarından maddi dəstək almaq üçün bunu edirlər. Boşandıqdan sonra isə qadınların biznesə başlamasının səbəbi isə maliyyəyə bağlıdır. Uşaqların qayğıları, gələcəklə bağlı narahatlıq və buna bənzər səbəblər qadınları daha aktiv iş həyatına yönləndirir.
- Qadınların subay vaxtı, evlilik dövründə və boşanandan sonra biznesə başlamasını müqayisə edək. Hansı dövrdə işə başlamaq daha yaxşıdır?
- Əslində daha gənc yaşlarda sahibkarlığa başlamaq çox yaxşıdır. Çünki daha aşağı yaşlarda sahibkarlığa başlamağın fərqli bir qolu var. Evlilik dönəmində biznesə başlamaq daha çətindir. Evləndikdən sonra qadının üzərinə düşən məsuliyyət çoxalır. Ancaq uğurlu olmaq cəhətdən hansı dövrdə başlamağın fərqi yoxdur. Sadəcə olaraq subaykən yola başlayarsansa, hədəfinə daha sürətlə çata bilirsən. Çünki məsuliyyətin daha az olur. Ailə qurduqdan sonra - uşaqlar, ailə qayğıları olduğu üçün qadınların işlərinin sürəti müəyyən qədər axsaya bilər. Amma evlilik qadınların biznes qurmasına, uğurlu olmasına maneə deyil. Həyat ər ilə (həyat yoldaşı ilə) zəmanət altına alınmaz. Bir kişi qadın üçün ömürlük zəmanət deyil. Ana olarkən də, evli olarkən də, subay olarkən də bir qadın çalışmalı, iqtisadi azadlığa sahib olmalıdır.
- Düzdür, qadınların öz işlərini qurmalarını çox görürük. Ancaq belə fikir var ki, qadınlar biznes qurmaqdan çox, həyat yoldaşı, atası, qardaşı və s. tərəfindən hazır bizneslərin başına gətirilirlər. Bəs o fikirlə bağlı müşahidələriniz nələri deyir?
- Müşahidələrimə görə, Azərbaycanda qadınların hazır biznesin başına gətirilməsi щаллары аздыр. Türkiyədə bu nisbət daha böyükdür. Yəni, həyat yoldaşının, valideynlərinin firmasının başına gətirilirlər. Çünki Türkiyədə ailə şirkətləri çoxdur, Bakıda ися ailə şirkətləri elə də çox deyil. Ona görə fərdi qadın sahibkarlığı da yüksəkdir. Məsələn, mən Türkiyədə firma sahibiyəm, amma mənim firmam ailə şirkəti deyil. Təkbaşına qurmuşam. Mənim kimi işini özü quran qadınlar da çoxdur. Azərbaycanda da hazır biznesin başına gətirilənlər var, amma biznes mühitində gördüklərimin çoxu özləri addım-addım irəliləyənlərdir.
- Bir var hazır biznesi idarə etmək, bir də var öz qurduğun işi idarə etmək - fərq nədir?
- Ailə şirkətlərində işi çox adam aparır. Qadın ailə şirkətində azad hərəkət edə bilmir, işinə qarışan çox olur. İşə qarışan çox olanda da, idarə etmək çətin olur. Fərdi şirkət qursanız, daha azad hərəkət edə, rahat qərar verə bilərsiniz.
- «Qadın sahibkarların özəllikləri» deyə bir məlumat qarşıma çıxmışdı. Kişi və qadın sahibkarların bir-birindən hər hansı fərqi varmı?
- Sahibkarlığı cinsə görə ayırmaq düzgün olmaz. Sahibkarlıq ruh məsələsidir, bir inancdır. Sahibkar ruhu hər zaman çalışmağa meyillidir. Görə biləcəyimiz işlərə qarşı inamımızı göstərir. İnsanın özünə olan inamı onu sahibkarlığa sövq edər. İnsan hər şeydən əvvəl özünə inanmalıdır. Bu, kişilərdə də belədir, qadınlarda da.
- Hansısa qadın biznesə başlamaq istədiyini deyəndə, ona kosmetika, estetik və s. qadınlarla bağlı yöndə işlər daha çox məsləhət görülür. Bu istiqamətdə daha uğurlu olacaqlarını düşünürlər.
- «Qadın - qadınlarla bağlı biznes qurmalıdır» demək yanlışdır. Qadınlar estetikdə də olmalıdır, kosmetikdə də, baxım məhsullarında da. Bu, bizim təbiətimizdə var. Amma bizim bu istiqamətdə bizneslərdə uğurlu olma şansımız yüksəkdir - deyə bilmərik. Hər sahədə biznes qurub idarə edə bilərlər və bilirlər də. Sahibkar iş qurduğu sahəni özü seçməlidir. Əmin olmalıdır ki, bu sahə onluqdur. «Qadınsan, salon aç, kişisən - kafe-restoran» və s. kimi yanaşmalar doğru deyil. Hansı sahədə özünü görürsə, pul qazana bilərsə, o istiqamətdə işini qursun.
- Estetik sahədə çalışan, çox professional qadınlar var ki, biznes olaraq başlayanda, uğursuz ola bilirlər. Bunun səbəbi nədir?
- Rəhbər olmaq, bir işi qurmaq, idarə etmək asan deyil. Əgər idarəçiliklə bağlı təcrübə qazanmadan bir iş qurmağı qərara alarsa, çox keçmədən bağlamaq məcburiyyətində qalacaq. Bir işdə usta və icraçı olmaq fərqli şeylərdir. Hər yaxşı usta yaxşı idarəçi ola bilmir. İdarəçi olduğunuz zaman son dərəcə diqqətli, planlı, proqramlı olmanız gərəkdir. Ola bilər ki, əlində müəyyən qədər pul yığıb, düşünür ki, bununla iş qurar, işçilər götürər və artıq rəhbər olar. Amma bu zaman boşluqlar ortaya çıxa bilir. Məsələn, böhran yaşayarlar. Düzgün qərarlar verə bilməz, işçilərini itirə bilər və bu səbəbdən də sıxıntı yaşayarlar. Düzdür, biznes qurmamışdan öncə başlayacağın işdə usta olmağın vacibdir. İşini həddindən artıq yaxşı biləndən sonra o sahədə iş qurmalısan. Amma bunun üçün də idaəretmə ilə bağlı bacarıqlarını formalaşdırmalı, inkişaf etdirməlidirlər.
- Bəzən qadının həyat yoldaşının maddi imkanı yaxşı olur, deyir ki, başqa yerdə işləmə, maliyyə verirəm, öz işini qur.
- Qadın həyat yoldaşının pulu ilə biznes qurursa, uğurlu olma faizi aşağıdır. Çünki insanın öz pulu ilə, həyat yoldaşının pulunu xərcləməsi arasında çox fərq var. Öz pulu olanda daha diqqətli olur, çünki əziyyətlə qazandığı pulu yatırır. Çəkdiyi zəhmət, vaxt da ona daha dəyərli olur. Amma başqasının pulu ilə biznes quranda, əziyyət çəkmək faizi digəri qədər olmaya bilər.
- Biznesin uğurlu olması, irəliləməsi bir az səbir tələb edir. Qadınlar bu cəhətdən nə dərəcədə səbirlidirlər?
- Bir az səbirsizlik edib qısa zamanda pul qazanmaq istəyən qadınlar çoxdur. «Əgər mən bir şirkət qurdumsa, tezliklə pul qazanmalıyam» kimi düşünürlər. Amma bu, çox səhv fikirdir. Pul önə keçməməlidir. Sıfırdan işə başlayanlar tez pul qazanmaq istəyirlər. Çünki əksər hallarda əllərində olan bütün maliyyəni ora yatırırlar və geri dönüşünün tez olmasını istəyirlər. Ona görə də səbrsiz davranırlar. Ancaq ilk dönəmlər işin keyfiyyətinə, məhsulunun marka olmasına fokuslanmaq daha yaxşıdır. Bunlar olandan sonra zamanla pul gəlir. Bu, bütün bizneslərdə belədir.
- Bəzən iş seçimi edəndə kişilərin «Müdir qadındır» deyib işdən imtina etdikləri də olur. İndi bu faiz nə qədərdir?
- Qadınlar idarəçi olanda çox çətinliklə üzləşirlər. Üzərlərinə daha çox basqı görürlər. Kişi işçilər qadın idarəçilərin olmasını istəmir, sıxıntı yaşayırlar. Müdirin qadın olduğu şirkətlərdə işləmək istəməyən kişilərə gəlincə, bununla bağlı Türkiyədə də, Azərbaycanda da vəziyyət eynidir. Bu, sosial təhsillə bağlıdır. Təhsil səviyyəsi yüksək olan bölgələrdə qadın rəhbərlərin nisbəti də çox olur. Məsələn, Bakıda da firmalarda qadın rəhbərlərin sayı çoxluq təşkil edir. Bu, təhsillə bağlı bir şeydir.
Qadınlar hərtərəflidirlər. Təmizlik edir, uşağa baxır, evi idarə edirlər və üstəlik biznesləri də olur. Buna görə də iş həyatında qadınlar daha detalçıdırlar. Kişilər detallara getmirlər, sürətli qərar verirlər. Rəhbərlik anlamında qadınlar və kişilər arasında sıxıntı çıxmasının səbəbi bu olur – detalçılıq. Ancaq COVİD-19 dönəmi bu cəhətdən də kişilərin yanaşmalarına təsir etdi. Pandemiya dövründə iqtisadiyyatlarda, iş dünyasında sıxıntı yaşandı. Bağlanan, işçi sayını azaldan şirkətlər çox oldu. İş imkanı azalırdı. Ona görə artıq qadın-kişi rəhbər deyə seçim etmək imkanı da çox olmadı.
- Detallara çox fikir vermək bizneslərdə işə necə təsir edir?
- Bu, bir az neqativ təsir göstərir. Əgər qadınlar icraçılıqda çox detalçı olurlarsa, nəticə də neqativ ola bilir. Çox detalçı olmamaq, hədsiz dərəcədə detalları düşünməmək lazımdır.
- Siz də öz işini quran qadınlardansınız. Detallara çox fikir verənsiniz?
- Mən detallara çox fikir verən biriyəm. Nə olub? Nə sona çatıb? Nə zaman bitməsi lazımdır? Bir sözlə, çox planlı və detalçıyam (Gülür).
- Detalçı olduğunuzdan dolayı kişilərlə işləmək cəhətdən problem yaşamırsınız?
- Mənim əməkdaşlarım içərisində kişilər çoxluq təşkil edir. Ancaq kişilərlə işləməkdə heç bir çətinliyim yoxdur. Onlarla iş həyatında bir-birimizi çox yaxşı başa düşürük. Detalçılıq işin keyfiyyətinə yansıyanda, bir avantaja dönür. Detallara fikir verəndə, böhran yaşamırıq, böhranların qarşısı alınır.
- Azərbaycanda təlim şirkəti qurmusunuz. Burda şirkət qurmağınız necə oldu?
- İlk dəfə 4 il əvvəl Bakıya gəldim. O vaxtdan bu günə qədər aktiv əməkdaşlıq edirəm. Təlim verirdim. Sonra artıq düşündüm ki, Azərbaycan bizim qardaş ölkəmizdir və mən Bakını çox sevirəm. Buna görə də qardaş ölkəmizə bir investisiya etmək istədim. Təlim şirkətidir. Şirkətlərə təlim veririk. İnnovasiya, planlama, korporativ inkişaf, müştəri ilə ünsiyyət, keyfiyyətli idarəetmə və s. biznes dərsləri keçirik.
- Şirkətlərə təlim verirsiniz, idarəetmədə olan şəxslərlə, əməkdaşları ilə ünsiyyətdə olursunuz. Keyfiyyətli xidmət üçün şirkətlərimizdə çatışmayan nələr var?
- Bakıdakı firmaların instusionallaşmaya, markalaşmaya, xarici ölkələrlə əlaqə qurmağa ehtiyacları var. Hər sektorda problemlər fərqlidir. Biz də o tələblər üzərindən hərəkət edirik. Firmanın loqosunun rəngindən müştərilərlə işə qədər hər sahədə biz təhsil çalışması və təlimlər keçirik. Firmanın sıfırdan böyüməsini təmin edirik. Firmaların etdiyi ən böyük səhv təhsil və təlim almağa meyilli olmamalarıdır. Üstünlük verənlər kifayət qədər çoxdur, amma buna maliyyə ayırmayanların işləri irəliləmir, problemlərlə üzləşirlər. Əgər təhsil və təlim alarlarsa, daha sürətli və asan yoldan böyüyərlər. Təhsil aldıqca baxış nöqtələri daha fərqli yerlərə gəlir. Təhsil almağa həm icraçının, həm də işçinin ehtiyacı var.
- İdarəçilərlə də ünsiyyət qurursunuz. Onlarla bağlı əsas problem nədir?
- Biz idarəçilərə keyfiyyətli idarəetmə ilə bağlı təlim veririk. Keyfiyyətli iş üçün həm də personalın keyfiyyətli idarə edilməsi və müştərilərlə düzgün əlaqə qurmaq önəmlidir. Biz onlara bu istiqamətdə təlimlər veririk. Rəhbərin idarəetməsi zəifdirsə, yaxşı kadrları itirir. Elə ünsiyyət qururlar ki, işçilər özlərini şirkətə aid hiss etmirlər. Ya da “Bu işi özüm də görə bilərəm” kimi düşünüb işdən çıxırlar.
Aygün Asimqızı