“Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində iş adamlarına hərtərəfli dəstək verilməsi, onların müraciətlərinə diqqətlə yanaşılması, hüquqlarının tutarlı qorunması məqsədilə yaradılmış Apellyasiya şuralarının fəaliyyətə başlaması, çoxpilləli nəzarət mexanizminin qurulması, hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsi işin səmərəliliyini artırmış, müraciətlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasına imkan yaradıb”.
E. Nuriyev bunun Prezident yanında Apellyasiya Şurası tərəfindən mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyətinin 2017-ci ildə ümumiləşdirilərək təhlil edilməsi nəticəsində ortaya çıxdığını nəzərə çatdırıb: “Görülmüş tədbirlər nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə edilib, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının 55,5 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının 83,5 faizinə sahibkarlar tərəfindən, ümumiyyətlə, şikayət verilməyib. 2016-cı ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına sahibkarlar tərəfindən verilmiş şikayətlərin sayı daha çox olub, bu göstəricilər müvafiq olaraq 50 və 58,2 faiz təşkil edib. Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilən şikayətlərin sayında da xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların Apellyasiya şuralarına cəmi 304 şikayət daxil olub. Həmin göstərici 2016-cı illə müqayisədə təqribən 1,7 dəfə azdır. 210 şikayət Şuranın səlahiyyətinə aid olmadığından və digər əsaslarla onlara baxılmasından imtina edilib, 21 şikayət Şuranın iclasına çıxarılanadək təmin olunduğundan geri götürülüb. Hesabat ilində Apellyasiya şuralarının icraatına 73 şikayət qəbul edilib. Həmin şikayətlərin 48 faizi (35 şikayət) təmin olunub, 37 faizi (27 şikayət) rədd edilib, 2,7 faizi (2 şikayət) üzrə yeni qərarlar qəbul edilib, 12,3 faizi (9 şikayət) hazırda baxılma mərhələsindədir. Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 9 əməkdaşı sahibkarların müraciətlərinin araşdırılmasında qanun pozuntularına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub”.
E. Nuriyev qeyd edib ki, Azərbaycan prezidentinin 2017-ci il 21 iyun tarixli fərmanı ilə dövlət qulluğuna qəbulla bağlı müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması səlahiyyəti Hesablama Palatası, İnsan hüquqları üzrə müvəkkil, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurasının aparatları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyi üzrə Prezident yanında Apellyasiya Şurasına, mərkəzi icra hakimiyyəti orqanları üzrə bu orqanların Apellyasiya şuralarına, məhkəmə orqanları və Məhkəmə-Hüquq Şurasının aparatı üzrə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasına tapşırılıb: “Ümumiləşdirmə zamanı məlum olub ki, hesabat dövründə dövlət qulluğuna qəbulla bağlı Prezident yanında Apellyasiya Şurasına şikayət daxil olmayıb, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilmiş dörd şikayətdən üçü təmin, biri rədd edilib. Prezident yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları şikayətlərə baxılması sahəsində işin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, iş adamlarının hüquqlarının müdafiəsi, haqlı tələblərinin operativ və obyektiv həlli istiqamətində fəaliyyətlərini davam etdirir”.